Ölkə

BŞTİ rəsmisi: "Şagirdlərin şəraiti yaxşılaşır, təhsilin keyfiyyəti yüksəlir"

15 Sentyabr 2018 15:54
Baxış: 411

Azərbaycanın müstəqillik illərində, xüsusilə 1993-cü ildən etibarən təhsilin inkişafı dövlət siyasətinin proritet istiqamətlərindən biri olub.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.

B.Məmmədov bildirib ki, bu siyasət 2003-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Təsadüfi deyil ki, 2003-cü ildən ötən müddət ərzində Azərbaycanda 3 mindən artıq məktəb inşa olunub, əsaslı təmir edilib və ya əlavə tədris korpusları tikilib. Bu, yüz minlərlə şagirdin təhsil şəraitinin yaxşılaşdırılmasına, məktəblərdə tədris mühitinin daha yüksək səviyyəyə yüksəlməsinə imkan yaradıb. Eyni zamanda, müəllimlərə göstərilən diqqət, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımlar davamlı xarakter daşıyır".

Yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtın ümumi təhsil məktəblərində görülən işlərə diqqəti çəkən B.Məmmədov BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəblərdən 13-də əsaslı təmir işləri aparıldığını söyləyib:

"Bundan əlavə, mövcud olan 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb (ümumilikdə 4 məktəb). Eləcə də 1 məktəbin qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilib. Həmçinin, 1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi və 25 məktəbdə cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb. Təhsil işçiləri üçün çox qürurvericidir ki, ölkə Prezidenti İlham Əliyev bu məktəblərdə təmirdən sonra yaradılan şəraitlə tanış olub və açılış mərasimlərində iştirak edib".

İdarə rəsmisi qeyd edib ki, ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, məktəblilərin təhsil şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

B.Məmmədov vurğulayıb ki, son illərdə Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulunun birbaşa mərkəzləşmiş qaydada aparılması, müəllimlərin diaqnostik qiymətləndirməyə cəlb edilməsi onların bilik və bacarıqlarına görə əməyinin stimullaşdırılmasına imkan yaradıb:

"Azərbaycanda dövlət tərəfindən aparılan bütün bu işlərin nəticəsidir ki, son illərdə müəllim peşəsinə maraq daha da artıb, müəllimin cəmiyyətdə nüfuzu daha da yüksəlib. Təsadüfi deyil ki, bu il ali məktəblərə qəbulda 500-dən artıq bal toplayaraq ilk pillədə müəllimlik peşəsini seçən gənclərimizin sayı kifayət qədər artıb və statistik rəqəmlərə əsasən deyə bilərik ki, son illərdə bu göstərici dəfələrlə artmaqdadır. Dövlətin məktəbə, təhsilə, müəllimə göstərdiyi qayğının nəticəsidir ki, bu gün ali məktəbə qəbul olunan gənclərimiz arasında təkcə qadınlar deyil, kişilər də ilk seçdikləri ixtisaslar arasında müəllimlik peşəsinə daha böyük maraq göstərirlər".

Sektor müdiri qeyd edib ki, bu gün Azərbaycanda dövlət tərəfindən bütün imkanlardan istifadə olunaraq təhsilin inkişafına təkan verilir:

"Əlbəttə, bütün bunlar şagirdlərin şəraitini yaxşlaşdırır, təhsilin keyfiyyətini yüksəldir. Son illərdə beynəlxalq olimpiadalarda azərbaycanlı məktəblilərin göstərdiyi nailiyyətləri misal göstərərək deyə bilərik ki, Azərbaycan nəinki postsovet ölkələri sırasında, eyni zamanda, inkişaf etmiş ölkələr arasında beynəlxalq bilik yarışlarında artıq özünəməxsus mövqeyi və reytinqi olan bir ölkədir. Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu ali məktəblərində ən nüfuzlu ixtisaslarda təhsil alırlar. Dövlət tərəfindən buna verilən dəstəyin nəticəsidir ki, gənclərin böyük əksəriyyəti Azərbaycana qayıdaraq yüksək səviyyəli mütəxəssis kimi ölkəmizdə öz fəaliyyətlərini davam etdirir, ölkənin ümumi inkişafına, iqtisadi, sosial həyatının daha da irəli aparılmasına öz töhfələrini verirlər".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.