Ölkə

Manatın məzənnəsi ilə bağlı narahatlığa əsas varmı?

10 Avqust 2018 07:00
Baxış: 3 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əhalinin manatın məzənnəsi ilə bağlı narahatlığı təbii qarşılanmalıdır. Sadəcə olaraq bilmək lazımdır, hazırda manatın dəyəri əsasən neftin dünya bazar qiymətinə bağlıdır. Ümumiyyətlə, hər hansı ölkənin milli valyutasının dəyərini ölkədən çıxan xarici valyuta ilə, daxil olan valyutanın nisbəti, ölkənin ixrac potensialı müəyyən edir. Azərbaycanın da müstəqillik əldə etdikdən bəri əsas ixrac məhsulu neft və neft məhsullarıdır. Bunlar bizim ixrac potensialımızın 95 faizini müəyyən edir. Ona görə də ölkəyə daxil olan xarici valyuta dünyada neftin qiymətinə bağlıdır. Bu baxımdan manatın dəyəri də neftlə əlaqəlidir".

Bu barədə Milli.Az-a açıqlamasında tanınmış iqtisadçı-ekspert Pərviz Heydərov son günlər qonşu ölkələrin milli valyutalarının dollar qarşısında dəyər itirməsi fonunda Azərbaycan manatının da məzənnəsinin dəyişəcəyi barədə yayılan şaiyələrə münasibətində bildirib.

ABŞ dollarının qonşu ölkələrdə milli valyutalara nisbətən möhkəmlənməsinə gəlincə, ekspertin fikrincə, bunun müxtəlif səbəbləri var: "Bir müddət öncə Türkiyə və İranda bu məsələ əsasən siyasi amillərlə bağlı idi. Lakin hazırda bura həm Türkiyədə, həm də İranda mövcud iqtisadi vəziyyətin pisləşməsi də əlavə olunub. Hər iki ölkənin iqtisadi durumunu araşdırsaq, görərik ki, onlarda əvvəlki müsbət dinamika artıq yoxdur. İranda artıq bu dinamika çoxdan itib, Türkiyədə isə bu son illərdə başlayıb. Hər iki ölkədən, xüsusən, Türkiyədən xaricə valyuta axını güclənib. Bu, təbiidir. Hansı ölkədə ki iqtisadi durum bir qədər pisləşməyə başlayır və makroiqtisadi dayanıqlıq titrəməyə başlayır, ölkə iqtisadiyyatının aparıcı qüvvələri vəsaitlərini qorumaq üçün onları ölkədən çıxarır. Bu tendensiya bütün ölkələr üçün belədir. Türkiyədə iqtisadi durumun pisləşməsinə paralel olaraq ölkədən xarici valyutaların da start götürdüyü müşahidə olunur".

Lakin iqtisadçının fikrincə, hazırda manatın dəyərdən düşməsi ilə bağlı hər hansı narahatlığa ciddi əsas yoxdur: "Hazırda ölkəyə daxil olan xarici valyutanın ölkədən çıxandan daha çox olması manatın kursunun stabil qalmasından mühüm rol oynayır. Bu da birbaşa neftin qiyməti ilə bağlıdır. Neftin qiyməti isə indiki məqamda bizi qane edir və onun yaxın gələcəkdə ciddi şəkildə dəyişməsi gözlənilmir. Bu baxımdan manatın dəyərinə görə də ciddi narahat olmağa əsas yoxdur".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.