Ölkə

İnternet və sosial şəbəkələr - Dövlətə və qanuna qarşı istifadə edilməsini necə önləməli?

14 İyul 2018 07:00
Baxış: 1 363

Gəncədə baş verən son hadisələr, terror və iğtişaşlar göstərdi ki, cinayətkarların, ölkədə asayişi pozmağa, qarışıqlıq yaratmağa çalışanlar qüvvələrin istifadə etdiyi silahlar arasında ən təhlükəli vasitə informasiya, internet və sosial şəbəkələrdir. Təbii ki, demokratik ölkə olaraq Azərbaycanda informasiya, söz və internet azadlığı təmin edilib. Lakin bundan sui-istifadə edərək dövlətə zərbə vurmağa çalışanların olması bu sahədə çatışmazlıqların aradan qaldırılması üçün bəzi zəruri tədbirlərin görülməsini zəruri edir.

Bununla bağlı Milli.Az-a açıqlamasında fikirlərini bölüşən tanınmış mütəxəssislərdən biri, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, internet və sosial media açıq şəbəkədir və hər kəs, hər bir qurum ondan informasiyanın əldə olunması, ötürülməsi, fikrin izah olunması üçün istifadə edə bilər, lakin bu o demək deyil ki, burda hər şey etmək və yaymaq olar:

"Azərbaycan Respublikasının qanunvericiliyinə görə, internet hüquqi cəhətdən kütləvi informasiya vasitələri ilə eyni tutulur. Yəni KİV üçün nə qadağan olunubsa və ya nə olunmayıbsa, internetə də eyni şeylər şamil edilir.

Ona görə də ilk növbədə insanlar, istifadəçilər, qurumlar, xəbər resurslarının sahibləri fərqində olmalıdır ki, bunun açıq şəbəkə olması o anlama gəlmir ki, burda nə istəsə edə, yaza, kimisə təhqir edə, ondan dövlətçilik, milli maraqlar əleyhinə istifadə edə, qanunazidd məlumatlar yaya bilər. Yəni hamı bilməlidir ki, bəzi şeylər qanunla yasaqlanıb və buna görə məsuliyyət müəyyən edilib. Hətta bizdə bunula bağlı presedentlər də var. Artıq kimsə sosial şəbəkələrdə kimisə aşağılayıbsa, dövlətçilik və milli maraqlar əleyhinə nəsə edibsə, bununla bağlı məhkəmə çəkişmələri olub.  

Eyni zamanda bununla bağlı effektli maarifləndirmə və izahat işlərinin aparılması da yaxşı olardı. Ola bilər ki, bunları edən kimsə azyaşlıdırsa, bunu fərqində deyilsə, o başqa məsələ və sonra onun peşmançılığını çəkir. Düşünürəm ki, bu sahəyə nəzarət edən qurumlar müəyyən sosial çarxlar, reklam rolikləri hazırlamalıdır ki, insanları başa salsınlar ki, məsələn, burda onun üçün filan qanunun filan maddəsi ilə problem yarana bilər".

Ekspertin fikrincə, əgər sosial şəbəkələrdə hansısa qanunsuzluğa yol verilibsə, vətəndaşların, istifadəçilərin, bu sahədə məlumatlı olanların, qanunverici aktlarından xəbərdar olan insanların da buna dərhal reaksiya verməsi, öz resurslarında, statuslarında, şərhlərdə, rəylərdə fikir bildirməsi, istinad etməsi doğru olardı: "Bu həm ictimai qınaq, həm də çəkindirici bir amil olardı. Belə olarsa, xeyli faydalı olardı. Dövlətlə bərabər internet də hamımızındır. Gərək biz özümüz də bunun dayanıqlığının, şəffaflığının, faydalılığının fərqində olaq. Burda faydalı şeylər çoxdur. Belə demək olarsa, hər şey burdadır. Biz də gərək onun zərərli yox, faydalı tərəflərini inkişaf etdirək, başqalarının bundan necə faydalanması yollarını öyrənək və öyrədək, eyni zamanda ondan sui-istifadə edilməsinə, qanunların, ölkədə asayişin pozulmasına çalışılması və çağırılmasına yol verməyək".

İlkin İzzət

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.