Ölkə

Azərbaycan "Qlobal İnnovasiya İndeksi"ndə yüksək yer tutdu

11 İyul 2018 18:01
Baxış: 279

Azərbaycan 126 ölkəni əhatə edən və ABŞ-ın Kornel Universitetinin, Fransanın INSEAD Biznes Məktəbinin, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan "Qlobal İnnovasiya İndeksi - 2018"də bir sıra bloklar üzrə yüksək yerlər tutub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 2018-ci ilin Qlobal İnnovasiya İndeksi (Qİİ) ardıcıl iki subindeksin ortalama göstəricisindən ibarətdir: "İnnovasiya resursları" subindeksi cərəyan edən innovasiya proseslərini beş qrupa bölərək (1 - institutlar; 2 - insan kapitalı; 3 - infrastruktur; 4 - daxili bazarın inkişafı; 5 - biznesin inkişafı) milli iqtisadiyyatın elementlərini qiymətləndirməyə imkan yaradır. "İnnovasiya nəticələri" subindeksi iki qrup üzrə (6 - texnologiyaların inkişafı və biliklər iqtisadiyyatı; 7 - kreativ fəaliyyətin yaradıcılığı) innovasiya fəaliyyətinin faktiki nəticələrini əks etdirir".

Bildirilib ki, ümumiyyətlə, sözügedən reytinq 82 indikator əsasında tərtib olunub ki, onlar sadalanan 7 qrup xarakteristikanı özündə daşıyan innovasiya fəaliyyətinin çərçivəli şərtlərini, potensialı və məhsuldarlığı əhatə edir: "Təhlil edilən 82 indikatora patentlərə, mobil əlavələrə və digər əqli mülkiyyət obyektlərinə verilmiş tələbnamələrin sayından tutmuş təhsilə və elmi tədqiqatların nəticələrinə yönəlmiş xərclərin miqdarına qədər geniş məlumatlar daxildir. Bazarın inkişafı, infrastruktur və biznes məsələləri də bu indikatorda xüsusi yerə malikdirlər".

Qİİ-nin əsas məqsədi innovasiya fəaliyyətinin stimullaşdırılması mexanizmlərin qiymətləndirilməsi üçün imkanların yaradılmasıdır. Qİİ - 2018 lideri İsveçrədir, sonra Niderland, İsveç, Böyük Britaniya və Sinqapur gəlir. Ən innovasiyalı ölkələr onluğuna, həmçinin ABŞ, Finlyandiya, Danimarka, Almaniya və İrlandiya daxildilər.

Çinin ilk iyirmiliyə daxil olaraq 17-ci yeri tutması diqqətçəkəndir. Postsovet məkanı ölkələri arasında isə ən müsbət nəticələr Estoniyaya (23-cü yer) və Litvaya (40-cı yer) aiddir. Rusiya 46-cı mövqeni tutur. Azərbaycan keçən il olduğu kimi, 82-ci yerdə qərarlaşıb. Azərbaycan "İnnovasiya resursları" subindeksində ən yaxşı nəticəni - 26 yeri - 4-cü blokda ("Daxili bazarın inkişafı") əldə etməyi bacarıb. "Daxili bazarın inkişafı" blokunun kəsiyi olan investisiyalar göstəricisində Azərbaycan kifayət qədər yüksək mövqeyə - 3-cü yerə sahib olub, "İnstitutlar" blokunun biznes-mühit göstəricisi üzrə isə ölkə 38-ci yerdə məskunlaşıb. "Universitetlər və sənaye əməkdaşlığı" və "Klaster inkişafı" indikatorları üzrə də Azərbaycan kifayət qədər yüksək yer tutub: müvafiq olaraq 33 və 34.

İnnovasiya nəticələri subindeksinin, "Texnologiyaların inkişafı və biliklər iqtisadiyyatı" blokunun "Biliklərin yayılması" indikatorunda isə Azərbaycan 37-ci yerə yüksəlib.

Keçən ilin reytinqi ilə müqayisədə Azərbaycan "İnstitutlar", "İnsan kapitalı və elm", "Biznesin inkişafı", "Texnologiyaların inkişafı və biliklər iqtisadiyyatı" blokları üzrə öz mövqelərini xeyli yaxşılaşdırıb.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.