Ölkə

Vüqar Rəhimzadə: "Xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza, müstəqilliyimizi sarsıda bilməz"

11 İyul 2018 13:03
Baxış: 823

"Sürətlə inkişaf edən Azərbaycan bu gün bütün dünyanın diqqət mərkəzindədir. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr regional və beynəlxalq əməkdaşlığa töhfə verdiyi kimi, görünür, bəzi "dairələrin" də maraqlarına uyğun gəlmir. Bu il Cümhuriyyətinin 100 illik yubileyini qeyd edən, sabitlik adası olan, qüdrətli Azərbaycanın uğurlarını həzm edə bilməyən erməni və ermənipərəst, antiazərbaycan "qüvvələr" zaman-zaman olduğu kimi, yenə də respublikamızda qarışıqlıq salmağa çalışırlar. Ancaq onlar unudurlar ki, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindəki Azərbaycan deyil. Ölkə iqtidarı istər daxili, istərsə də xarici antiazərbaycan qüvvələrin bu cür məkrli niyyətlərinin qarşısını almağa qadirdir və alır. Bu gün ölkəmizdəki xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza, müstəqilliyimizi sarsıda bilməz. Ötən gün Gəncədə baş verən hadisələrdən də bir daha göründü ki, xalq heç vaxt bu cür ünsürlərə meydan verməz".

Milli.Az xəbər verir ki, bunu KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. 

Vüqar Rəhimzadə qeyd edib ki, ötən gün 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxsin Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd etməsi və nəticədə 2 yüksək rütbəli polis əməkdaşının şəhid olması bu terroru planlaşdıran "qüvvələrin" ölkəmizə qarşı nə qədər qərəzli olduğunu bir daha nümayiş etdirir: "Rəsmi məlumatlardan da aydın olduğu kimi, polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində hüquqazidd əməllərin qarşısı alınıb, 40 nəfər tutulub, operativ tədbirlər sayəsində tez bir zamanda şəhərin mərkəzində asayiş tam təmin edilib. Göründüyü kimi, antiazərbaycan qüvvələr yenə də öz çirkin niyyətlərinə çata bilmədilər. Çünki xalqını, dövlətini, vətənini sevən hər bir insan kimi, Azərbaycanın hüquq mühafizə orqanları, o cümlədən mərd, cəsarətli polisimiz qanı və canı bahasına dövlət müstəqilliyimizə qarşı yönələn təhlükələrin qarşısını almağa, daxili sabitliyi və təhlükəsizliyi təmin etməyə qadirdir. Hazırda cinayətin iştirakçıları və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Şübhəsiz ki, Gəncədə asayişi kobud şəkildə pozmağa cəhdin qarşısını alan zaman iki polis əməkdaşımızı qətlə yetirən cinayətkarlar tezliklə tutulacaq və qanun qarşısında cəzalandırılacaqlar". 

"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, bu gün sosial şəbəkələrdə bəzi daxili antimilli ünsürlər, eyni zamanda dağıdıcı müxalifətin xaricdəki tör-töküntüləri baş verən hadisələri şişirtməyə, cinayətkarları "qəhrəman" obrazında insanlara sırımağa çalışırlar: "İstər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə güllə atan Yunis Səfərov, istərsə də ötən gün Gəncədə iki polis əməkdaşını qətlə yetirənlər ən ağır cinayətkarlardır, bu xalqın, dövlətin düşmənləridirlər. Onlardan "qəhrəman" obrazı yaratmağa çalışmaq elə onlar qədər bu dövlətə, millətə qənim kəsilmək deməkdir. Bir insanın içində öz ölkəsinə, xalqına nə qədər kin, nifrət olar?! Ancaq onlar anlamırlar ki, Azərbaycan xalqı bu münasibəti heç vaxt unutmayacaq, bu Vətən, torpaq onları qəbul etməyəcək. Xarici antiazərbaycan dairələrin maliyyəsindən "qidalanan" bu cür ünsürlər elə sosial şəbəkələr vasitəsilə susdurulurlar. Sadə insanlar öz şəxsi profilləri vasitəsilə onlara lazım olan cavabı verirlər və ən kəskin şəkildə tənqid edirlər. Bir sözlə, Azərbaycanın müstəqilliyi əbədidir, dövlət idarəçiliyi etibarlı əllərdədir, xalq-iqtidar birliyi möhkəmdir, sarsılmazdır". 

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.