Ölkə

İnsanlar arasında lüt gəzən, özünə yeni təriqət seçən yeganə azərbaycanlıdan İNANILMAZ SÖZLƏR - FOTO

10 İyul 2018 14:24
20 Şərh     Baxış: 20 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən istəyirəm ki, oynadığınız bütün oyunlara son verəsiniz. Bura həm dünyəvi, həm mənəvi, həm də insanlığın hələ oynamadığı bütün oyunlar aiddir. Bu oyunlar sizin daxili zənginliyinizə, şüurunuza mane olur. Mən istəyirəm ki, sizi ləngidən bu zibildən azad olasınız. İstəyirəm ki, siz lap tək, tam yalnız qalasınız. O zaman heç bir peyğəmbərdən mədət ummayacaqsınız. Sonsuz tənhalığa qərq olmadan daxili mərkəzi tapmaq mümkün deyil. Müəllimsiz, öyrədənsiz, ustadsınız... Mən səni bu yola yönəldirirəm, çünki səni sevirəm. Hərəkətimi əsla qabalıq və kobudluq kimi qəbul etmə. Bu azadlığı əlindən alanlar səni sevməyiblər, heç vaxt da sevməyəcəklər. Onlar yalnız özlərinə aşiqdirlər. Ətraflarındakı kütlənin sayı artdıqca eqoları da bir o qədər qalınlaşır.

Ona görə mən aydınlanmaq adlı yalanı da sonuncu oyun sayıram. Bu oyunu nə qədər tez durdursanız, sizin üçün bir o qədər yaxşı olacaq. Sadəcə var olmaq istəmirsiniz? Bu mənasız şöhrətpərəstlik nəyimizə lazımdır?

Картинки по запросу osho viki

Bu sözlər XX əsrin peyğəmbəri sayılan Oşoya aiddir. Oşonun yaratdığı din digərlərindən fərqli olaraq heç bir məcburiyyət daşımır, insanı bulunduğu andan zövq alıb yaşamağa sövq edir.

Hinduizm cərəyanında sannyasa rütbəsi var. Sannyasalar dünyanın bütün maddi nemətlərindən üz çevirib, hər şeydən, hər kəsdən təcrid olunub tərkedilmiş torpaqlarda yalnız yaşayan möminlərdir. Oşo isə bu rütbəni müasirləşdirib, neosannyasa qolunu yaradır. Artıq sannyasa dərəcəsinə yüksələnlər daha məhdudiyyətsiz, qadağasız yaşayır, cəmiyyətlə, insanlarla ünsiyyətdə olur, hətta qadınlarla cinsi yaxınlıq edirlər.

Qəribə fakt olsa da ölkəmizdə neosannyasalığı seçib, bu yolda irəliləyən bir nəfər var. Demokratik və tolerant dövlətdə yaşadığımızı nəzərə alsaq, hər kəsin, eləcə də Firuz Əli adlı bu aydın gəncin seçiminə hörmətlə yanaşmalıyıq.

Milli.Az xəbər verir ki, publika.az-ın növbəti qonağı, neosannyasa Firuzla bu cərəyanın bütün qaranlıq yönlərinə işıq tutmağa çalışacağıq.

- Firuz, neosannyasa anlayışını bizim üçün aça bilərsən?

- Ümumiyyətlə, insan dəyişmirsə, inkişaf etmək istəmirsə, bu deqradasiyadır. Sannyasa bildiyiniz kimi təcrid olunmuş deməkdir. Neosannyasa cərəyanını da Oşo da yaradıb. Bu, bizə zərər vuran yaşam tərzindən, qidalardan uzaqlaşmaqdır. Amma neosannyasa hər kəsi atıb dağlarda yaşamaq məcburiyyətində deyil. İstənilən məkanda öz təcrübələrini həyata keçirə bilər. Elə öz tariximizə nəzər salsaq, görərik ki, Zərdüşt də 10 il dağlarda yaşayanda sonra insanların arasına dönüb. Onun bu haqda əlyazmaları da var. Tanrıya təşəkkür edir və bildirir ki, insanlarla bölüşməli olduğu bir çox məlumat var. Məndə də belə olur. Bəzən tənhalığa qapanmaq istəyirəm, bir çox hallarda isə insanların arasına dönürəm.

- Bu səyahətlərin necə baş tutur?

- Fərqli marşrutlarla. Məsələn, Bakıdan Batumiyə düz 27 gün yol getmişəm. Böyük bir çantada lazım olacaq ərzaqları özümlə götürdüm. Yoldan yemək də almadım. Hədik üçün lazım olan ərzaqları kofeüyüdən maşından keçirdib, yolboyu ocaqda bişirdim, kofe dəmləyib içdim. Çadırımı qurub yatırdım. Yəni bu səyahət mənim üçün çox gözəl eksperiment oldu. Hətta Türkiyədə olanda da velosipedlə səyahət etmişəm.

- Bəs soyuq aylarda hansı marşrutdan istifadə edirsən?

- Bir neçə il öncə yanvar ayında təyyarə ilə Vyetnama uçdum. Ora çatanda gördüm ki, 30 dərəcə isti var. Ümumiyyətlə, səyahətlərə burada da olmuşam xatirinə getmirəm. Məsələn, Türkiyədə olanda altı ay gözəl bir meşədə yaşadım. Mühit, aura o qədər təmiz, gözəl idi ki, təbiətin enerjisindən qidalandım. Yemək yeməyə də ehtiyac duymadım.

- Təbiətin sonsuz enerjisi nə vaxtadək doyurdu səni?

- 23 gün ancaq su içərək yaşadım.

- Bu yaxınlarda araşdırma apardım. Bəzi insanlar illərlə cüzi miqdarda qida ilə kifayətləndiklərini bildirdilər.

- Bilirsən, aclıq beyindən başlayır. Bu hissin orqanizmlə əlaqəsi yoxdur. Əgər beyin sakitdirsə, yalnız fiziki bədənin yağ qatı bitəndə ölə bilərsən. Bu da iki-üç ayını alar. Məsələn, Nepalda bir yer var, adı Lapçidir. Mərkəzdən 50 km aralı olsa da, ora çox çətinliklə bəlkə də bir həftəyə gedib çatırlar. Daşlı-qayalı dağ yollarıdır. Lapçini ziyarət edənlərə aya bir kasa düyü verirlər. Onlar bu müddət ərzində düyünü elə qənaətlə yeyirlər ki, qayıdanda itlərinə də gətirirlər.

- Lapçidə olmusan?

- Yox... Ancaq çox arzulayıram. Uzun zamandır cəhd edirəm getmək üçün, amma nədənsə alınmır. Bunun üçün öncə İrana, oradan Pakistana, sonra Hindistana və velosipedlə Nepala getməyi düşünürdüm. İranın Pakistan sərhədinədək getdim. Dedilər, sərhədi keçsən səni öldürəcəklər. İranda kişilər şiə saqqalı ilə gəzir, Pakistanda isə sünni saqqalı uzatmaq lazımdır, ancaq bığ saxlamaq olmaz. Mediada çox işıqlandırılmasa da hər gün Pakistanda qeyri-sünni saqqalı uzadan 10 nəfər edam olunur. Mənim saqqalımsa heç bir dini xarakter daşımır.

- Ümumiyyətlə, özünü hansı dinə aid edirsən?

- Heç bir dinə... Əslində, sannyasalıq atəşpərəstlikdə də olub. İslama qədər Susma qalası adlanan indiki Qız qalasında insanlar meditasiya ilə, yəni susmaqla məşğul olublar. Ən yuxarı mərtəbədə isə dünyasını dəyişənləri yandırarmışlar.

- Maraqlı faktdır. Firuz, belə anladım ki, veqansan...

- Bəli. Özü də uzun müddətdir. Əslində, gün ərzində çox az qidalanıram. İnsanın nahar vaxtıdır, oturum yeyim-deməyi yanlış düşüncədir. Bu şüuru proqramlaşdırmaqdır.

- Düşüncələrin o qədər qərib və maraqlıdır ki, bir sual da doğur. Sən bu yolu seçəndə ailənin ilk reaksiyası necə oldu?

- Atam artıq dünyasını dəyişmişdi. Anamınsa reaksiyası sərt oldu. Lao Tzı deyib ki, öncə sizə güləcəklər, sonra daşlayacaqlar, axırda isə sevəcəklər. Ətrafım mənə güldü, daşladı, sonra isə sevdi. Təsəvvür edin ki, adi həyatımdan, dostlarımdan, doğmalarımdan uzaqlaşıb, bütün əşyalarımı insanlara payladım və dağlara çəkildim. Təbii ki, anam narahat oldu, amma sonra hər kəs olduğum kimi qəbul etdi.

- Bəs ilk tərkidünyalığına nə təkan verdi?

- Burada mənə hər yer dar gəlirdi. Türkiyəyə gəzməyə getmişdim. Hər səhər sahildə gəzə-gəzə qulaqcıqla audio-kitablar dinləyirdim. Elə orada bir balaca oğlanla tanış oldum. Suriyalı qaçqın idi. Küçədə gəzib, çay satırdı. Mən də hər gün ondan çay alırdım, söhbətləşirdik. Məndə də qəribə xasiyyət var. İnsanların öncə ayağına baxıram. Qeyri-ixtiyarı olaraq uşağın ayaqqabılarına baxdım. O qədər nimdaş idi ki, çox üzüldüm. Və həmin an onun mənə zillənən utancaq baxışlarını sezdim. Mən bu utancın nə demək olduğunu sizə izah edə bilmirəm. Bir neçə gün gedib-gələndən sonra bütün əşyalarımı yığıb ona verdim. Özüm də meşəyə çəkildim. Uzun müddət orada çadır qurub yaşadım. Meşədən, dənizdən zövq alırdım. Hətta bir pansionda salatdoğrayan da işlədim.

- Uzun müddət özünüzlə baş-başa qalmısan və kifayət qədər mütaliə etmisən. Hansı kitablar ruhuna daha yaxındır?

- Oşo... O, insanın ruhunu silkələyir. Özün olmağa çağırır. Haqsızlıqla barışmamağa səsləyir. Öz gücün hesabına yüksəlməyi öyrədir.

- Firuz, yəqin, süuraltına xəstəliklərə qarşı belə deyək, antivirus da yükləmisən...

- Əlbəttə. Xəstəliklər bizim gücümüzün yanında boş şeydir.

- Bəs xərçəng kimi bəlalar?

- Bilirsən, o gəlsə belə, mən onu qəbul etməyə hazıram. Bizə verilən həyata da, gözəlliklərə də razı oluruq, amma xəstəliyi lənətləyirik. Nə bilirik bəlkə o xəstəlik bizi daha gözəl məkana aparacaq.

- Buradan daha bir sual doğur. Ölümdən sonrakı mərhələni necə görürsən?

- İnsan, bitki, heyvan və göbələk... Bunların hamısı proseslərdir. Məsələn, göbələk nə heyvandır, nə də bitki. Yəni bu iki varlıq arası canlıdır. Biri də var insan. Ondan o yana keçək, sonra bilərik. Öyrəşmişik öncədən hər şeyi deməyə. Amma əslində heç nə bilmirik.

- Axı insan maarifləndikcə ölümdən sonrakı mərhələ ilə də maraqlanır. Məsələn, mən dünyasını dəyişən doğmalarımın sonrakı taleyi haqda düşünürəm...

- Sən indiki həyatının fərqində ol, ölümünün də fərqinə varacaqsan. Əks halda əbədi xaos səni müşayiət edəcək. Bax, əslində indi xoşbəxt olmaq üçün hər şeyimiz var, amma heç nəyi bəyənmirik.

- Sannyasalara qadınla münasibət qadağandır. Bəs neosannyasalarda vəziyyət necədir?

- Gəl, belə danışaq. Bəzən deyirlər sizə ət yemək olmaz? Deyirəm, niyə olmur? Bizə hər şey olar, sadəcə özüm nələrdənsə imtina etmək mərhələsinə gəlirəm. Eləcə də qadınlarla münasibət. Mən enerjimi elə-belə bölüşə bilmərəm.

- Çox eqoist düşüncədir...

- Niyə? Yaradılış üçün bölüşmək olar, amma seks sözündən xoşum gəlmir. Şüurlu insan sevişə bilər, heyvani instinkt xatirinə cütləşmək olmaz. Amma qadınların çoxu elə bil harasa tələsir, imtahan verir. Ona görə öncədən istədiyim enerjini almayanda münasibəti dərinləşdirməməyə çalışıram. Bu günədək cəmi bir qız qalıb xatirimdə. Fransız idi, təmkinli gözəl... Mən ona tanrı deyərdim.

- Firuz, yəqin, neosannyasalıqdan sonra əhatən də dəyişdi. Başqa nələr dəyişdi?

- Lao Tsıya deyirlər aydınlanmadan öncə nələr edirdin? Deyir, səhər oyanıb güllərə su verirdim. Soruşurlar ki, bəs aydınlanandan sonra nə etdiniz? Cavab verir ki, yenə səhər oyanıb gülləri suladım. Bəs fərqi nə oldu? Fərq beyindədir. Yəni öncələr Allah xatirinə, qorxduğum üçün yaxşılıq edirdimsə, artıq bunu özün üçün edirəm.

- Demək olar ki, velosipedlə dünyanın ən ucqar nöqtələrini gəzirsən. Təbiətə ən çox açıq olduğun təcrübəni bölüşə bilərsən?

- Uzun səyahətdən sonra Bali adasına gedib çatdım. Əslində kempinq axtarırdım, amma azdım. Həyatımda o məkan qədər möhtəşəm yer görməmişdim. Okeanın sahilə vurduğu hər ləpəni hiss edirsən. Həyat enerjisi elə qaynayırdı ki, elə bil ətrafa yanar ocaqdan baxırsan. Özü də o qədər az adam vardı ki, bu sakitlikdə insan özünü təbiətə baş-başa hiss edirdi. Hamı, içi mən qarışıq çılpaq gəzirdi. İstəyirdim rastıma çıxanları saxlayıb deyim ki, siz də mən gördüyüm bu qaynar enerjini görürsünüz. Əslində həyat budur. Biz qarşımızda görmək istədiyimizi görürük. Bəzən insanlar dalaşır, savaşır. Əslində isə o özündə olana qarşısındakında da rast gəlir, və bu neqativi bir-birinə ötürür. Bu qədər...

- Firuz, çox sağ ol. Sənə qaynar enerji dolu səyahətlər arzulayıram...

- Təşəkkür edirəm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.