Ölkə

"İrəli"də "Marş, irəli!" başa çatdı

9 İyul 2018 19:02
Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İrəli" İctimai Birliyi tərəfindən Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhu ilə yetişməsi məqsədi ilə keçirilən "Marş, İrəli!" layihəsi başa çatıb.

Təşkilatdan Milli.Az-a verilən məlumata görə, layihənin Ağdam rayonunda keçirilən bağlanış mərasimində "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov, "İrəli" İB-nin işçi heyəti və layihə iştirakçıları N saylı hərbi hissəyə, həmçinin ön cəbhədə yerləşən postları ziyarət edərək Vətənimizin keşiyində, əllərində silah səngərdə dayanıb hər bir qarış torpağımız üçün canlarından keçə biləcək mərd oğullarımızla görüşüblər.

"İrəli" İB-nin sədri Mirhəsən Seyidov əsgər və komandir heyətini salamlayaraq bildirib: "Məlumdur ki, çox şərəfli peşənin sahibləri olan siz, vətənimizin keşiyində daim, gecə-gündüz növbədəsiniz. Düşmənlə üz-üzə ərazi bütövlüyümüzü qorumaq üçün əlinizdə silah səngərdə dayanmısınız. Qarlı qış, isti yay demədən şərəfli forma əyninizdə, silah belinizdə vətənimizi qoruyursunuz. Günü-gündən sürətlə inkişafda olan Azərbaycanın ordusunu bu cür şəxsi heyətinin olması məni bir vətəndaş olaraq sevindirir. Gənclərdə vətənpərvərliyin yüksək səviyyədə olduğunu görmək qürurverici hisdir. Təbii ki, Azərbaycan ordusunun ən son standartlara cavab verən texnikası var və bu günlərdə bir daha şahidi və əmin oldum ki, o texnikanı idarə edən əsgər və komandirləri də mövcuddur. İnanıram ki, çox yaxın zamanda biz belə təlimləri Cıdır düzündə təşkil edəcəyik. Üçrəngli, şanlı bayrağımız Şuşamızda, Laçınımızda və işğal altındakı digər ərazilərimizdə dalğalanacaq. Axıdılan qan yerdə qalmayacaq, minlərlə şəhidimizin qisası tez bir zamanda alınacaq. Bilirəm ki, hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin bir əmrini gözləyirik. İstər sülh, istərsə də müharibə yolu ilə biz torpaqlarımızı mütləq azad edəcəyik. Ümid edirəm ki, biz də təşkilat olaraq öz payımıza düşən öhdəliyi layiqincə yerinə yetirib gənclərin güclü vətənpərvərlik ruhunda yetişməsinə nail ola bilirik".

"İrəli" İctimai Birliyinin sədri M.Seyidov, "İrəli"nin işçi heyəti və layihə iştirakçıları Quzanlı qəsəbəsində Bayraq Meydanını ziyarət ediblər. Ağdam şəhərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların dəfn olunduğu məzarlığa gedərək şəhidlərin abidəsi önünə gül dəstələri qoyublar. Gənclər fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, ölkə maraqlarının qorunmasında gənclərin fəal iştirakı, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaq məqsədi ilə həyata keçirilən layihədə qeyd edilən bacarıqlara sahib olublar. Gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlıqla tanış olublar. İştirakçılar üçün 6 gün davam edən layihə çərçivəsində Hərbi And səsləndirilib.

Qeyd edək ki,  "Marş, irəli!" ölkə gənclərinin hərbi vətənpərvərlik ruhunun, onlarında düşüncəsində vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönələn müxtəlif növ aktiv idman və maarifləndirici təlim sessiyalarından ibarət kompleks tədbirləri özündə ehtiva edən bir layihədir. Layihə "İrəli" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin(GİN) və Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib.

Zərif Nisə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.