Ölkə

"Köçkünlərin işğaldan azad olunacaq torpaqlara qayıtması uzaqda deyil"

20 İyun 2018 17:35
Baxış: 1 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəbrayılın Cocuq Mərcanlı kəndinin qısa müddətdə bərpası və məcburi köçkünlərin öz doğma evlərinə qayıtması bizim hamımızda əminlik yaradır ki, məcburi köçkünlərin işğaldan azad olunacaq torpaqlara qayıtması uzaqda deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Sədr müavininin sözlərinə görə, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində 25 ilə yaxındır ki, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkünün xeyli hissəsi sıx məskunlaşma yerlərində ağır şəraitdə yaşamağa məhkumdurlar.

F.Hüseynov deyib ki, Azərbaycan hökuməti tərəfindən bu kateqoriyadan olan insanlara xüsusi qayğı göstərilir. Qaçqın və məcburi köçkünlər üçün ümumiilikdə indiyə kimi 3,3 milyon kvadrat metr yaşayış sahəsi olan 98 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. İndiyədək 52 min ailə, yaxud 265 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

F.Hüseynov bildirib ki, indiyədək qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 2,4 milyard manat vəsait sərf olunub. Bu vəsaitin 2,1 milyard manatı Dövlət Neft Fondunun vəsaitidir.

Komitənin sədr müavininin sözlərinə görə, son 25 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün 6,6 milyard manat vəsait sərf olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.