Ölkə

Əli Əhmədov: "O zaman Azərbaycanı titrədən qaçqın problemi indi bütün dünyanı silkələyən problemə çevrilib"

20 İyun 2018 17:25
Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O zaman Azərbaycanı titrədən qaçqın problemi indi bütün dünyanı silkələyən problemə çevrilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda 10 milyon əhalinin bir milyondan çoxu qaçqın və məcburi köçkün vəziyyətindədir. Yəni ölkədə hər 10 nəfərdən biri qaçqındır:

"Halbuki dünyada olan əhali ilə qaçqınların sayını müqayisə etdikdə, yüzlərlə insana bir qaçqın düşür. Bu, qaçqın və məcburi köçkün probleminin Azərbaycanda nə qədər ciddi olduğunu göstərir. Görünür, dünyada ədalətsizlik baş alıb gedir ki, qaçqın və məcburi köçkün problemi yaranıb. Dünyada separatizm, başqa ərazilərə göz dikmək olmasaydı, qaçqın problemi də bu qədər ağır məhrumiyyətlərə səbəb olmazdı".

Baş nazirin müavininin sözlərinə görə, Azərbaycanın bir milyondan artıq insanının bu vəziyyətdə yaşamasına göz yumulursa, bu problem Azərbaycanda yarananda lazımi diqqət göstərilmirdisə, düşünmək lazım idi ki, bu problem bir ölkə çərçivəsindən çıxaraq bütün dünyanı əhatə edəcək: "O zaman Azərbaycan xəbərdarlıq edirdi, ancaq Azərbaycana lazımi diqqət göstərilmədi. Ona görə də o zaman Azərbaycanı titrədən bu problem indi bütün dünyanı silkələyən problemə çevrilib".

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanda hökumətin səyləri nəticəsində qaçqın və məcburi köçkün probleminin kəskinliyi nisbətən azalıb: "Qaçqın və məcburi köçkünlərin məişət problemini həll etmək, onların yaşayış şəraitini yaxşılaşdırmaq olar, lakin insan nə qədər ki, öz doğma torpağına qayıtmayıb, mənəvi əziyyət çəkəcək. Artıq 30 il keçib. Daha nə qədər vaxt keçməlidir ki, onların köçkünlük həyatına son qoyulsun, öz doğma torpaqlarına qayıtsınlar? Bütün dünya qaçqın problemini aradan qaldırmaq, bu problemin daha da dərinləşməsinin qarşısını almaq üçün öz səylərini göstərməlidir. Hesab edirəm ki, Azərbaycanın səsini vaxtında eşitməyən təşkilatlar indi eşidərlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.