Ölkə

"Həmsədrlərin qondarma rejimi danışıqlarda guya tərəf kimi gördükləri barədə mülahizələr növbəti saxtakarlıqdır"

12 İyun 2018 17:22
Baxış: 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi danışıqlarda guya tərəf kimi gördükləri barədə mülahizələr növbəti saxtakarlıqdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, Ermənistanda separatçı Qarabağ rejiminin danışıqlara tərəf kimi daxil edilməsinə Minsk qrupu həmsədrlərinin münasibətini manipulyasiya etmək tendensiyası başlayıb:

"Arxasında Ermənistanın yeni hakimiyyətinin dayandığı şübhə doğurmayan tendensiyaya media çox fəal şəkildə qoşulub və iddia edilir ki, qanunsuz rejimin danışıqlarda tərəf kimi iştirakına guya həmsədr ölkələr də məqbul yanaşır. Qüvvədə olan hazırkı danışıqlar formatını pozmağa yönəldilmiş bu ideya aşkar saxtakarlıqdır. Saxtakarlıq ideologiyasının aparıcıları belə bir arqument uydurublar ki, atəşkəsin pozulması üzərində beynəlxalq nəzarət mexanizimlərinin tətbiqinə məqbul yanaşan həmsədrlər bununla həm də qanunsuz rejimin danışıqlarda tərəf kimi iştirakını nəzərdə tutur. Guya nəzarət mexanizmləri qondarma rejimin sərhədlərini tanımaq demək imiş. Yanlış mühakimələrdən səhv məntiqi nəticələr çıxarmaq kimi yeni uğursuz bir taktikanın elementləri ortadadır".

Ekspert bildirib ki, Paşinyan hakimiyyəti inqilab sonrası eyforiyadan yavaş-yavaş çıxmağa başlayan erməni xalqının diqqətini öz uğursuz siyasətinin təftiş edilməsindən yayındıraraq başqa istiqamətlərə yönəltməyə çalışır:

"Ancaq Qarabağ münaqişəsində hazırki status-kvonun mahiyyətini yaxşı anlayanlar üçün hər şey sadədir. Əvvəla, Azərbaycanla Ermənistanın dünya tərəfindən tanınmış sərhədləri ayrı məsələdir, Ermənistanın işğalçı qoşunları ilə Azərbaycanın qanuni müdafiə qüvvələri arasında təmas xətti isə başqa anlayışdır. İkinci, Azərbaycan hansısa nəzarət mexanizmlərinin yoxluğunu deyil, işğalçı qoşunların Qarabağ ətrafındakı rayonları işğal altında saxlamasını atəşkəsin pozulmasının birmənalı səbəbi kimi qəbul edir və etdirməyə çalışır. Ermənistanın siyasi ideoloqları bu tutarlı arqumentləri heç bir saxta ideya ilə gizlədə bilməzlər. Həmsədrlərin qondarma rejimi danışıqlarda guya tərəf kimi görmək istədikləri barədə mülahizələr birmənalı şəkildə saxtakarlıqdır və perspektivsizdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.