Ölkə

Bakı hava limanı ilk beş ay ərzində 1,5 milyondan çox sərnişinə xidmət göstərib

12 İyun 2018 11:23
Baxış: 483

12 iyun 2018-ci il, Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk beş ayı ərzində 1,56 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 11 faiz çoxdur.  

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının payına 631 min sərnişin, milli loukoster "Buta Airways"in payına isə 176 min sərnişin düşmüşdür. 

1 milyon 343 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınmışdır. Beynəlxalq sərnişinlərin ümumi sayının 31 faizi AZAL-ın,  13 faizi  isə "Buta Airways"in payına düşmüşdür.  

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-may ayları ərzində bu istiqamətlərə 1 milyon 22 min sərnişin uçmuşdur. İyun ayından etibarən Bəhreyn Krallığının milli aviaşirkəti "Gulf Air" Bakıya uçuşlar yerinə yetirməyə başlamışdır.

Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax"-ın ən yüksək 5 ulduzuna layiq görülmüşdür. 

Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür. 

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.