Ölkə

Gürcüstandan Azərbaycana keçə biləcək ciddi təhlükənin qarşısı alınıb - FOTO

26 May 2018 09:42
0 Şərh     Baxış: 3 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın qərb bölgəsində, Ceyrançöl Dövlət Fond torpaqlarının qış otlaqları ərazisinin Ağstafa və Tovuz rayonlarına aid hissəsinə Gürcüstan Respublikasının Siqnaqi və Georgiya yaşayış məntəqələri ərazisindən sürü halında yaşayan Mərakeş çəyirtkələrinin kütləvi miqrasiyası müşahidə olunub.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Gürcüstan Respublikasının Kənd Təsərrüfatı və Təbiəti Mühafizə Nazirliyinin Milli Ərzaq Agentliyinin Bitki mühafizəsi departamentinə Mərakeş çəyirtkələrinin miqrasiya etməsi ilə bağlı məlumat verib. Eyni zamanda, sərhədyanı ərazilərdə təcili mübarizə tədbirlərinin aparılmasının vacibliyini Gürcüstan tərəfinin diqqətinə çatdırıb.

Dövlət Xidmətindən Milli.Az-a verilən məlumata görə, Respublika Bitki Mühafizəsi Mərkəzinin Tovuz və Samux rayonlarının Bitki Mühafizəsi Mərkəzlərinin mobil bitki mühafizəsi dəstələri dərhal əraziyə cəlb olunub və bütün texniki vasitələrdən və çiləyici aqreqatlardan istifadə edərək zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirlərinə başlayıblar. Mobil bitki mühafizəsi dəstələri tərəfindən 950 hektar sahədə mübarizə tədbirləri aparılıb, Mərakeş çəyirtkələrinin geniş ərazilərə yayılmasının və əkin sahələrinə keçməsinin qarşısı alınıb. Mübarizə tədbirləri hazırda davam etdirilir.

Kimyəvi mübarizə "Pikap" tipli avtomobillərə quraşdırılmış ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyətinə malik "AU 8115 M" çiləyici aqreqatlar və traktorlara qoşulmuş çiləyicilər vasitəsi ilə həyata keçirilir.

Qeyd edək ki, kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala salır. İsti günlərdə Mərakeş çəyirtkələri çəkisinin yarısı qədər su itirir ki, bu da onların zərərli fəaliyyətini daha da artırır. Zərərvericilər 250 km məsafəni uça bilirlər ki, bu da təsərrüfatlar üçün nə qədər təhlükəli olmalarından xəbər verir. Çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdirlər. Bu səbəbdən də mübarizə tədbirlərini qısa zamanda həyata keçirmək lazımdır ki, kənd təsərrüfatı bitkilərinə vurula biləcək itkilərin qarşısı vaxtında alınsın.

Dövlət Fitosanitar Nəzarəti Xidməti fermer və torpaq mülkiyyəçilərindən bir daha xahiş edir ki, əgər adıçəkilən zərərvericilər müşahidə edilərsə, dərhal Kənd Təsərrüfatı Nazirliyinin "1652" və Dövlət Xidmətinin (012)-562-87-44 "çağrı mərkəzləri"nə zəng etsinlər və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat versinlər.

Yusif Nəsirli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.