Ölkə

Azərbaycanda 200 manatlıq əsginaslar dövriyyəyə buraxılır - YENİLƏNİB - VİDEO - FOTO

23 May 2018 22:44
Baxış: 20 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:44

Mayın 23-də Mərkəzi Bankda müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.

Milli.Az bildirir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib. Yeni pul nişanının dizaynı ABŞ şirkəti "Crane Currency" tərəfindən hazırlanıb. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı "Giesecke+Devrient" şirkətində istehsal olunub.

E.Rüstəmov bildirdi ki, bu gün Mərkəzi Bank mövzusu müstəqil Azərbaycanın memarı ümummilli liderin xatirəsinə inşa edilmiş Heydər Əliyev Mərkəzi olan 200 manatlıq kağız pul nişanını tədavülə təqdim edir. Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks olunub.

Sonra E.Rüstəmov ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edib.

E.Rüstəmov eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını da təqdim edib. Bildirdi ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin layiqincə keçirilməsi və cari ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması haqqında müvafiq sərəncamlar imzalayıb.

Azərbaycan Mərkəzi Bankı da bu əlamətdar tarixin əbədiləşdirilməsi məqsədilə Cümhuriyyətin yaradılmasının 100 ilik yubileyinə hər olunmuş xatirə pul nişanlarını tədavülə buraxır. Xatirə pul nişanları çəkisi 1 , ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir.

Yubiley pul nişanının ön hissəsində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və onun üzərində dövlət himnimizdən bir parça, Dövlət bayrağının qrafiki dizaynı təsvir etdirilib. Cümhuriyyətin yarandığı tarix, istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər təsvir olunub. Yubiley pul nişanının arxa hissəsində Dövlət gerbi, aypara ilə səkkizguşəli ulduz və şəbəkə sənətində geniş yayılmış ornamentlər əks olunub.

Hər iki yubiley pul nişanları Böyük Britaniyanın "The Royal Mint" Kral Sikkəxanasında istehsal edilib.

E.Rüstəmov təqdim edilən pul nişanlarının dünya numizmatlarının kolleksiyalarında xüsusi yer tutacağına əminliyini ifadə edib.

Yeni əskinaslar sabahdan dövriyyəyə buraxılacaq. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:

200 manatlıq əsginaslar dövriyyəyə buraxılır - FOTO 

----------

18:39

Bakıda 200 manat dəyərində yeni əsginasın qapalı təqdimat mərasimi keçirilib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə maliyyə bazarındakı mənbə məlumat verib.

Həmin əsginasların dövriyyəyə buraxılacağı tarix məlum deyil. Təqdimat mərasimi Mərkəzi Bankın binasında keçirilib.

Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti "Crane Currency" tərəfindən təqdim olunan dizayn qalib seçilib. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı "Giesecke+Devrient" şirkətində istehsal olunub.

Yeni banknotun üzərində ölkəmizin, paytaxtımızın ən müasir simvollarından biri olan Heydər Əliyev Mərkəzinin əzəmətli təsviri, Mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elemetləri, digər milli ornamentlər əks olunub.

Qeyd edək ki, bir müddət əvvəl Mərkəzi Bank yeni əsginasların dövriyyəyə buraxılacağı barədə məlumat vermişdi.

Hazırda ölkədə 1, 5, 10, 20, 50 və 100 manatlıq əsginaslar dövriyyədədir.

---------

17:59

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni 200 manatlıq pul əsginaslarını dövriyyəyə buraxacaq. 

Milli.Az abc.az-a istinadla xəbər verir ki, yeni əskinaslar növbəti aydan dövriyyəyə buraxıla bilər. 

Qeyd edək ki, AMB artıq bəyan edib ki, hökumət yeni 200 manatlıq əsginasların buraxılması məsələsinə baxıb. 

Hazırda dövriyyədə olan ən böyük əksinas 100 manatlıq əksinaslardır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.