Ölkə

Büdcəyə dəyişiklik ediləcək - Problemli kreditlərin həlli ilə bağlı maraqlı təklif var

23 May 2018 12:21
0 Şərh     Baxış: 3 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər ediləcək. Neftin dünya bazar qiymətinin yüksək olması dövlət büdcəsinin gəlir və xərclərində dəqiqləşdirmələr aparılmasını gündəmə gətirib. Bu ilin büdcəsinin gəlir və xərclərinin artırılacağı gözlənilir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamarına əsasən, neftin orta qiymətinin 75 dollar olması Azərbaycan üçün əlavə 5 milyard manatdan artıq gəlir deməkdir. Bu isə həm Dövlət Neft Fonduna, həm də dövlət büdcəsinə proqnozlaşdırıldığından əlavə daxilolmalar vəd edir. Neftin mövcud qiymətləri fonunda Azərbaycanın strateji valyuta ehtiyatlarının artacağı da proqnozlaşdırılandır".

Milli.Az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.

İqtisadçı büdcəyə dəyişikliklərlə bağlı öz təkliflərini də irəli sürüb. Onun fikrincə, 2018-ci ilin dövlət büdcəsinin xərclərinin əvvəlki illə müqayisədə 3 milyard manata yaxın çox proqnozlaşdırıldığı nəzərə alınsa, büdcə sənədinə ediləcək dəyişikliklərdə xərc maddələrinin kəskin artırılması arzuolunan deyil: "Təbii ki, gəlir və xərclərin hansı səviyyədə artırılması neftin büdcədəki yeni qiymətindən asılı olacaq. Yeni qiymətin yüksək müəyyənləşdirilməsi büdcəyə daxilolmaları daha çox artıra bilər. Bütövlükdə, fiscal konsolidasiya siyasətinin davam etdirilməsi daha məqsədəuyğundur. Siyası faktorlar zəifləyərsə, neftin dünya bazar qiymətinin uzun müddətli dövrdə yüksək qalacağı az inandırıcıdır".

V.Bayramov hesab edir ki, əvvəllər də təklif etdikləri kimi, büdcəyə əlavə ediləcək vəsaitin bank sektorunun sağlamlaşdırılması, əhalinin xərclərinin azaldılması üçün dəqiqləşdirilmiş büdcədən xarici valyutada olan kreditlərdə yaranan fərqin bir hissəsinin kompensasiyası üçün bu istiqamətə vəsaitin ayrılması daha məqsədəuyğun olardı: "Bu baxımdan da, daha məqbul hesab edilə biləcək yol məhz güzəşt mexanizminin tətbiq edilməsidir. Qeyd edim ki, CESD olaraq 2015-ci ildə xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təkliflər paketi hazırlayıb hökumətə təqdim etmişik. Biz üçtərəfli mexanizmin tətbiqini təklif edirik və bu "üçtərəfli güzəşt" mexanizmi adlanır. Söhbət fərqin üç tərəf - hökumət, banklar və müştəri arasında bölüşdürülməsindən gedir. Praktik olaraq, bu zaman yaranan fərqin üçdə birini dövlət, üçdə birini banklar, üçdə birini isə müştəri özü qarşılayır. Bunun özəlliyi ondan ibarət idi ki, hər bir tərəf yaranan fərqin az bir hissəsini, yəni üçdə birini qarşılayır. Əgər müştəri 1,05 məzənnə ilə kredit götürübsə və artıq məzənnə 1,70-dirsə, o zaman yaranan 0,65 qəpiklik fərqin üçdə birini vətəndaş, digər üçdə ikisini isə dövlət və bank ödəyir. Bu, vətəndaş üçün ağırlıq yaratmır, çünki artıq üçdə ikisini başqa tərəf ödəyir. Bank üçün də ağırlıq yaratmır, çünki bank da üçdə birini ödəyir, digər üçdə ikisini isə vətəndaş və dövlət ödəyir. Dövlət üçün də ağırlıq yaratmır, çünki dövlət də üçdə birini ödəyir və digər üçdə ikisini müştəri ilə bank ödəyir. Bu mexanizmin özəlliyi ondan ibarətdir ki, burada tərəflərin heç birinə ciddi maliyyə ağırlığı düşmür. Nəticə etibarilə, bu imkan verir ki, problemli kreditlərin həlli istiqamətində ciddi addım atmaq mümkün olsun. Bu zaman Mərkəzi Bankın heç də böyük olmayan vəsaitlə problemi həll etmək imkanına malik olur".

Mərkəzin rəhbəri hesab edir ki, problemli kredit məsələsinin həlli üçün bu təkiliflərin qəbul edilməsi məqsədəuyğun olardı: "ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi. Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxartdı. Dövlət praktiki olaraq həmin proqram çərçivəsində 400 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ da daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub. O baxımdan, biz də Azərbaycanda "üçtərəfli güzəşt mexanizmi"nin tətbiqini təklif edirik. Bu, həm dolayı, həm də birbaşa güzəşt üsulunu özündə ehtiva edir və problemli kredit məsələsinin həllinə ciddi dəstək ola bilər. Bu mexanizmin maliyyələşdirilməsi üçün büdcəyə ediləcək dəyişikliklərdə xərcin nəzərdə tutulması daha məqsədəuyğun olardı".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.