Ölkə

700 bal yığan Zeynəb, həm də ifaçı imiş - VİDEO - FOTO

16 May 2018 18:20
21 Şərh     Baxış: 5 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, həm savadı, həm də də qabiliyyəti ilə dəfələrlə birincilikləri dadıb. Qəbul imtahanında maksimum bal toplamağı isə onun uğur zəncirinin növbəti halqası oldu.

Milli.Az xəbər verir ki, qafqazinfo-nun müsahibi son qəbul imtahanında yüksək nəticə göstərərək adını "700-lər" siyahısına yazdırmış Nəsimi rayon Texniki-Humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadə olub. Zeynəb imtahana hər hansı bir kursa və yaxud əlavə hazırlıqlara getmədən özü hazırlaşıb. İllərdir olimpiadalardakı iştirak isə onun əsas uğur meyarlarından olub:

"Hamı bu nəticəni məndən gözləyirdi, düzü, özüm də... Ancaq yenə də mənimçün gözlənilməz oldu. Bu yol o qədər də asan deyil. İnsanın gərək hədəfi olsun və o hədəf üçün mübarizə aparsın. Mən sadəcə bal toplamaq üçün oxumamışam. İstədiyim sənəti seçə bilmək, yaxşı bir universitetdə oxumaq üçün təhsil alırdım. Ancaq təbii ki, bu nəticə də məni xeyli sevindirdi. 

Hüquq fakültəsində təhsil almaq istəyirəm. Təkcə Azərbaycanın yox, həm də dünya hüquq sistemini öyrənmək mənim çoxdankı arzumdur. Başqa universitetlərdə də təhsil almaq istəmişəm, ancaq hazırda fikirləşirəm ki, Diplomatik Akademiya mənim üçün daha uyğundur. 

Demək olar ki, günümün çox hissəsini oxumaqla keçirirdim. Çalışırdım ki, diqqətim yayınmasın. Yanlız sistemli biliklərlə nəticə əldə etmək olur. Ona görə də, əsas diqqəti qəbul imtahanlarına yönəltmişdim. Olimpiadaların da çox köməyi oldu. Məsələn, mən dil-ədəbiyyat fənni üzrə qızıl medal almışam və bu fənnləri daha dərindən bilirəm. Bədii əsərləri təkrar-təkrar oxumuşam.

Heç bir kursa getməmişəm. Məktəbimizdə verilən təhsil yüksək nəticə göstərməyə imkan verir. Bizim bazamız yaxşı olduğu üçün yuxarı siniflərdə elə bir çətinliyimiz olmur. Məktəb rəhbərliyinin, müəllimlərimin mənə çox köməkliyi olub. Hər zaman yanımda olublar".

Zeynəb  700 bal topladığını elə qızıl medal boynuna taxılan zaman öyrənib. Odur ki, sevinci ikiqat artıb:

"İmtahan olan gün televiziya vasitəsilə yoxlamışdım. Səhv çıxmadı, ancaq birdən cavab kartında səhvim olar deyə sevincimizi bir qədər saxladıq. Ancaq olimpiada qalibləri mükafatlandırılan zaman mən iş nömrəmi yığdım və cavab gəldi ki, 700 bal toplamışam. Sevincim ikiqat oldu. Boynumda qızıl medal, telefonumda 700 bal mesajı...

Qardaşım məndən balacadır və nəticəmi təkrarlamağa çalışır. Çox çalışan insanlar adətən şanslı olur. Bal toplamaq üçün çalışmaq o qədər də məntiqli deyil. İnsanın qarşısında açıq bir hədəfi olmalıdır. Yaxşı bal toplamaq, sadəcə bir başlanğıcdır, qarşıda hələ bizi çox sınaq gözləyir".

Müsahibimiz həm də vokal ifaçısıdır. Bu sahədə də birincilikləri əldən verməyən Zeynəb Azərbaycan musiqisini səsi ilə dünyaya tanıtmaq istəyir:

"Müslüm Maqomayev adına 26 saylı uşaq musiqi məktəbində vokal ixtisası üzrə təhsil alıram. İncəsənət olimpiadasında vokal ixtisasında yuxarı yaş qrupları üzrə birinci yerə layiq görülmüşəm. Bundan başqa da Müslüm Maqomayevin 75 illik yubileyi ilə əlaqədar keçirilmiş respublika müsabiqəsində ikinci yer tutmuşam. Musiqi sahəsində əsas məqsədim musiqilərimizi dünyada tanıtmaq, xarici müsabiqələrdə çıxış etməkdir. 

Həm musiqi, həm də qəbul imtahanına hazırlaşmaq elə də asan olmadı. Ancaq qələbənin şirinliyi elə buradadır. Həyatın mənası da elə çətinlik görməkdədir. Asan olan heç nə maraqlı olmur. İndidən sonra da hər iki sahəni yanaşı davam etdirmək istəyərəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

700 bal yığan Zeynəb, həm də ifaçı imiş

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.