Ölkə

“İşdəydim deyə “Qaçqınkom” mənə ev vermədi” - Məcburi köçkün - VİDEO - FOTO

14 May 2018 15:53
1 Şərh     Baxış: 2 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Qaçqınkom" nümayəndələri köçürülmə ilə bağlı düşərgəyə gələn zaman mən işdə olmuşam. Gecikdiyim üçün də adımı siyahıya salmadılar". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Sumqayıt şəhəri Sarıqaya qəsəbəsindəki "Şəfəq" düşərgəsinin sakini, Laçından məcburi köçkün Əvəz Novruzov redaksiyamıza şikayətində deyib. Onun iddiasına görə, 1992-ci ildən sözügedən düşərgədə yaşasa da, köçürülmə zamanı ailəsinə ev verilməyib:

"2017-ci ildə oradan köçürülmə ilə əlaqədar "Qaçqınkom" nümayəndələri yaşadığımız ünvana gəlib. Mən də işdə olduğum üçün bir az gec getmişəm evə. Nümayəndə heyətinə orada yaşadığımla bağlı nə qədər sənəd göstərsəm də, məni siyahıya salmadılar. Bir az inadlaşdıqdan sonra orada yaşayan qardaşım və anamı da siyahıdan silməklə hədələdirlər. Ona görə də ehtiyat etdim və arxaya çəkildim.
  
Anama mənzil verildikdən sonra mən də yoldaşımla onlarda yaşamağa başladım. Çünki qalmağa başqa yerim yoxdur. Sonradan gördüm ki, heç illər boyu bizimlə birgə yaşamayan sakinlərə binadan ev verilib. Elələri var, üzünü birinci dəfədir görürdüm. Necə olur ki, 25 ildir, orada qeydiyyatdayam, yaşayıram, mənə ev verilmir?! Ancaq orada yaşamayan sakinlər yalandan siyahıya yazılaraq mənzil sahibi olub?!"

Şikayətçi dəfələrlə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsə də, müsbət nəticə əldə edə bilmədiyini də bildirib:

"Müraciətlərimə cavab olaraq bildirildi ki, guya, mən orada yaşamamışam. Üstəgəl, sənəddə mənə məlum olmayan bir ünvanı göstərib orada yaşadığımı iddia etdilər. Yenidən sənədlərimi göstərdim. Ondan sonra dedilər ki, yəqin texniki səhv olub. Bir sözlə, bəhanələr gətirdilər. 3-4 dəfə Əli Əhmədovun qəbuluna getmişəm, ancaq görüşə bilməmişəm. Sonradan cavab gəldi ki, sənədlərim Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərilib, orada baxılacaq. Ancaq İcrada deyildi ki, sənədlər göndərilsə də, onlarla əlaqəsi yoxdur. Odur ki, yenidən "Qaçqınkom"a müraciət etməliyəm. 

Mən də yenidən müraciət etdim, ancaq müraciətimə hələ də baxan yoxdur. Sonuncu dəfə bir neçə gün öncə Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin sədri Sənan Hüseynovun qəbulunda oldum. O da həmin vaxtı nümayəndə heyətinin tərkibində olmadığı üçün kömək edə bilməyəcəyini söylədi.

Mən orada yaşamırdımsa, prezident seçkiləri günü adıma bildiriş necə həmin ünvana göndərilib? Yaşamırdımsa, "Qaçqınkom"un orada yaşamağımla bağlı  2009 və 2017-ci illərdə verdiyi arayışlar saxtadır?!"

"Qafqazinfo" şikayətlə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyevlə əlaqə saxlayıb. Komitədən bildirilib ki, müraciətlə bağlı artıq araşdırmalara başlanılıb. Yaxın günlərdə araşdırmanın nəticəsi ilə bağlı həm şikayətçinin özünə, həm də mətbuata açıqlama veriləcək. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.