Ölkə

Özünə bənzəyən alim

1 May 2018 10:53
Baxış: 3 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü də millətin ömrü qədər olur.
Əbu Turxan.

Fizika elminin  inkişafına töhvə verən çoxlu sayda eksperimental və nəzəri tədqiqat əsərləri, eləcə də pedaqogika elminin inkişafında, yeni təlim texnologiyalarının respulikamıza gətirilməsində və onun tətbiqində danılmaz rolu olan, elmi nailiyyətləri ilə Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da tanınan, texnika üzrə elmlər doktoru, professor, respublikanın əməkdar müəllimi, Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü  Abdulla Oruc oğlu Mehrabovun anadan olmasının 80 ili 2018-ci ilin may ayının 1-də tamam olur.

Abdulla müəllim Nəzəri fizikanın mühüm bir tərkib hissəsi olan Bərk cisimlər fizikası sahəsində respeblikamızda və dünyada sayılıb, seçilən alimlərdən biri idi. Bu elmə onun sonsuz məhəbbəti vardı. O, Dekart sayağı fizika elmini böyük ağacın əsas gövdəsinə, digər elmləri isə bu ağacın gövdəsi üzərində şaxələnən qollara və budaqlara bənzədərək onun gənclərə daha yaxşı öyrədilməsinin vacibliyini vurğulayaraq söyləyirdi:

"Fizika elmini öyrətmə yolu həyatdan fizikaya doğru yönəlməlidir. Insan təbiəti duymalı, hiss etməli və hər şeyin təbiətini-fizikasını düzgün anlamalıdır".

Bir sira alimlər fizikaya  dair proqramların "müasirlik və yenilik" pərdəsi altında  mürəkkəbləşdirilməsini və daha ciddi öyrədilməsini təklif edəndə, o, gülümsəyərək söyləyirdi

"Bu kimə lazımdır, sizə və ya uşaqlara? İlk növbədə uşaqların maraqlarının  ödənilməsi  nəzərə alınmalı, müasirlık baxımından öyrədilməsi vacib olan mövzular seçilməlidir. Daha vacib olanı isə odur ki, öyrətdiklərimiz başa düşülən olsun. Bunun üçün hər bir öyrədənin daxilində öyrətmək istəyi, maraq və məqsədinin olması ilə yanaşı öyrətdiklərini də  sevməlidir".

Abdulla müəllim mənalı və xoşbəxt bir həyat yaşadı. Bu gün də onun adı el-obada, alimlər arasında, pedaqoji içtimaiyyətdə hörmətlə xatırlanır.Onu yaxından tanıyan görkəmli şəxsiyyətlərin fikirlərini ümumiləşdirərək onun haqqında belə söyləmək olar:

"O, həyatı və insanları sevən, xeyirxah insan, böyük alim, əsl pedaqoq idi. Milli-mənəvi dəyərlərimizin əsl sahibi və böyük daşıycısı olmaqla yanaşı, Vətənini, millətini və dövlətini özünə məxsus böyük məhəbbətlə sevirdi və bununla da hamıya örnək idi. Sağlam ailəsi, övladları ilə qürur duyurdu.

Taleyinə böyük insanlıq, alimlik, rəhbər olmaq yazılmışdı. Uzun illər rəhbər vəzifələrdə çalışdı. Həmişə sözü ilə əməli düz gəldi, Allah yolunu gözlədi, onun  böyüklüyünə sığınan bir insaf adamı oldu. Hər kəsin, hər şeyin qədir-qiymətini düz bilirdi.Əhli-ürfana, yazıb-yaradanlara, arxa-kömək idi. Şəxsiyyət olanları sevirdı, istər həyatda, istərsə də elm aləmində öz yolu və sözu olanlara xüsusi dəyər verirdi. Hər bir insanın böyüklüyünü onun özünə bənzəməsində görürdü, bununla bağlı Mövlanə sayağı deyimləri də var idi. Yeri gəldikcə xüsusi vurğuylayırdı:-"filankəs... özünə bənzə"  deyərdi və bığaltı gülümsəyərdi.
O, təkcə öyrətmirdi, öyrənməyi də sevirdi. İşləməkdən xüsusi zövq alırdı, öz üzərində daima əzmlə çalışırdı. Çalışmayanı, gündəlik mütailə etmiyəni, öyrənməyəni tez hiss edirdi və deyirdi ki, filankəs oxumur, axsayır.

Abdulla müəllimdən bizlərə qalan ən böyük miras bütün dövrlərdə elm aləmində gərəkli olan  çoxlu sayda elmi əsərləri, şərəflə başa vurulmuş əsl insan, əsl alim ömrünün nümunəsi və  minlərlə insanın yaddaşında kövrək bir xatirəyə çevrilmiş hadısələr oldu."Allah rəmət eləsin Abdulla müəllimə, bu işdə mənə arxa-dayaq oldu."-kəlmələrini söyləyənləri tez-tez eşitmək olur.

Abdulla müəllimə Allahtalə bütün insani gözəllikləri vermişdi, özü də bol vermişdi;boylu-buxunlu, səliqəli-səhmanlı, nəzakətli-mehriban, üzündə peyğəmbər nuru olan bir insan-əsl türk idi. Bu baxımdan butün möhtəşəmliyi ilə o, özünə bənzəyirdi. Harada olmasından aslı olmayaraq onun görünməsi bir canlanma yaradırdı, hadisəyə çevrilirdi, hamı ona əsl insan, əsl alim kimi böyük hörmət və ehtiram bəsləyirdi."

Abdulla Mehrabov 1938-ci il mayın 1-də qədim Borçalı mahalının Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. Natamam orta təhsili də Saraçlı kəndində alır. Tam orta təhsilini isə qonşu Arxılı kəndində davam etdirir. O,1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakültəsinə daxil olur. 1962-ci ildə İnstitutu fərqlənmə diplomu ilə bitirən Abdulla müəllimə institutda qalmaqla bağlı olunan təklifi qəbul edir.

1963-cü ildə Abdulla müəllim Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasına işə dəvət olunur və  elmi staj keçmək məqsədilə Rusiya Fedarasiyasının Leninqrad Dəqiq Mexanika və Optika İnstitunun "İstilik fizikası" kafedrasına ezam olnur. Qısa müddətdə fizika elminin bu sahəsi ilə bağlı olan yetərli bilik və bacarığı, fərqli düşünmə tərzi, elmi tədqiqata olan sonsuz maraqları ilə diqqəti cəlb edən Abdulla müəllimə, institutun aspiranturasında təhsilini əyani davam etdirməsi təklif olunur. 1964-cü ildə Aspiranturaya qəbul imtahanlarında uğur qazanan Abdulla müəllim, əzmlə çalışaraq  vaxtından əvvəl-1967-ci ildə "Qurğuşun-manqan ərintilərinin fiziki xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə  müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alır.

Qazandığı uğurlar onun perspektivli bir alim olmasından xəbər verdiyi üçün Abdulla müəllimə  Leninqrad Dəqiq Mexanika və Optika İnstitutunda qalıb elmi tədqiqatlarını davam etdirilməsi israrla təklif olunsa da,o, sonrakı fəaliyyətini Azərbaycanda davam etdirəcəyində qərarlı olduğunu bildirir.

1967-ci ildə Azərbaycana qayıdan Abdulla müəllim  Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasında assisent kimi işə başlayır, daha sonra müəllim, baş müəllim, dosent və kafedra müdiri vəzifələrinə yüksəlir.

1975-ci ildə isə ona Azərbaycanda yeni yaradılmış İnşaat-Mühəndisləri İnstitutunun kadr hazırlığı proqramlarının tələblərini ödəyən "Fizika" kafedrasının təşkil olunması  kimi çətin bir iş tapşırılır.  Böyük istedada, şəxsi təcürbəyə və nüfuza malik olan Abdulla müəllim, qısa zaman kəsiyində kafedranın inkişaf istiqamətlərini düzgün müəyyənləşdirir. Kafedrada məqsədyönlü elmi tədqiqat işlərinin aparılması məqsədilə istedadlı gənclərdən ibarət güclü elmi-pedaqoji kadr potensialı formalaşdırır. Elmı-tədqiqat işlərinin aparılmasını təmin etmək məqsədilə kafedranın müasir avadanlıqlarla, tədris və elmi-tədqiqat laboratoriyaları ilə təchiz olunmasına nail olur. Üzərinə düşən vəzifələrin öhdəsindən layiqlə gəlməklə yanaşı o, bir dəqiqə olsun belə elmi  axtarışlara ara vermir. Aparılan tədqiqatların davamlı nəticəsi olaraq 1983-cü ildə "Mürəkkəb həndəsi formalı sistemlərdə istilik ötürülməsinin bəzi problemləri" mövzusunda yazdığı doktorluq dissertasiyasını uğurla müdafiə edərək, texnika elmləri doktoru elmi dərəcəsini  alır. Onun bu fundamental tədqiqat əsərindəki, mürəkkəb həndəsi formalı konstruksiyalarda istiliyin paylanmasının tədqiqi üçün tətbiq olunan yeni metodların nəzəri və təcrübi əsasları ilə bağlı elmi nəticələri bu sahədə çalışan  alimlər tərəfindən uğurlu elmi yenilik kimi dəyəndirilərək geniş müzakirələrə səbəb olur  və müəllifinə  şöhrət gətirir. Kafedrada aparılan elmi tədqiqat işlərinin yenilik və əhatəlik  baxımından respublika və ittifaq miqyasında tədqirə layiq hesab olunur. Ölkə rəhbərliyi aparılan elmi-tədqiqat işlərinın perspektivliyini nəzərə alaraq, onun davam etdirilməsini və həm də miqyasının genışləndirılməsini tövsiyyə edir. Məqsədyönlü elmi-tədqiqat işlərinın aparılmasına işgüzar şəraitin yaradılması məqsədilə, tezliklə kafedranın nəzdində bir neçə elmi-tədqiqat laboratoriyaları yaradılır.Yeni yaradılmış "Nüvə qanma-rezonansı spektroskopiyası" laboratoriyasına professor Q.H.Binnətli, "Metal və ərintilərin fizikası" laboratoriyasına prof. T.M.Pənahov və "Yüksəktemperatur ifratkeçiricilik"  laboratoriyasına isə prof. V.Y.Əliyev rəhbərlik edir. Bu laboratoriyalarda Abdulla müəllim zaman-zaman  fizika elminin prioritet istiqamətləri: "Bərk cismlər fizikası", "Bərk cismlərin radiasiya fizikası",  "İstilik fizikası və  molekulyar fizika" üzrə  tədqiqatlar apamaqla yanaşı, gənc alimlərə də elmi rəhbərlik emişdir. O, ilk dəfə olaraq bərk cismlərin, mayelərin istilik xassələrini yüksək temperatur və təzyiqlərdə tədqiq etmək üçün yeni dinamik üsulların elmi əsaslarını işləyib hazırlamışdır, bu sahədə fundamental tədqiqatlar aparmışdır.

Aparılan elmi-tədqiqat işlərinin aktuallığı Sovetlər birliyinin digər elmi-tədqiqat mərkəzlərinin də diqqətini cəlb edir və kafedra ilə birgə fəaliyyətlə bağlı təkliflərinin sayı durmadan artır. Qısa zaman ərzində  bir çox qabaqcıl elm və təhsil mərkəzləri ilə yanaşı, tanınmış alimlərlə də sıx, işgüzar elmi əlaqələr yaranır. Kafedra Rusiya Federasiyasının qapalı müəssisələri olan "Astrofizika", "Uçuşları idarəetmə mərkəzi", Sankt-Peterburq Fizika-Texniki İnstitutu, Ural "Metal fizikası", Ukrayna EA-nın "İstilik fizikası", "Metal fizikası" və bir sıra digər ölkələrin elmi-tədqiqat müsəssisələri ilə birgə uğurlu araşdırmalar aparır. Burada aparılan elmi-tədqiqat işlərinin nəticələri namizədlik və doktorluq dissertasiyalarının yazılmasında, elmi dərəcələrin alınmasında həll edici rol oynayır. Ən böyük nailiyyətlərdən biri isə kafedrada yeni gənc  alim-pedaqoq nəslinin yetişməsi və elmi məktəbin formalaşması olur. Mütəxəssislərin qazandığı elmi nailiyyətlərin elmi ictimaiyyətə çatdırılması məqsədilə, çoxlu sayda monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və metodik vəsaitlər nəşr edilir,  dünyada tanınmış nüfuzlu ölkələrin  elmi jurnallarında isə elmi-metodik məqalələr dərc olunur. Kafedra "Abdulla müəllimin məktəbi"  kimi şan-şöhrət tapır.

Elmi-pedaqoyi nailiyyətləri və ictimai fəallığı ilə diqqəti cəlb edən  Abdulla müəllim ölkə rəhbərliyi tərəfindən 1990-cı ildə Azərbaycan Respublikası Xalq Təhsili nazirinin müavini vəzifəsinə təyin olunur. Ölkədə cərəyan edən özbaşınalıqlar tezliklə təhsil sisteminin də işini  iflic edir.1992-ci ildə o, yenidən doğma kollektivə qayıdır, burada- İnşaat Mühəndisləri İnstitutunun birinci prorektoru - tədris-tərbiyə işləri üzrə prorektor, rektor əvəzi vəzifələrində çalışır.

15 iyun 1993-cü ildə Azərbaycan xalqının Ümummilli lideri H.Əliyevin  hakimiyyətə qayıdışı yeni bir dövrün, inkişaf və tərəqqinin əsasını qoydu. İnsanlarda yaşamağa, yenidən qurub-yaratmağa, dövlətə və dövlətçiliyə  inam yarandı. Ölkə ziyalıları H.Əliyevin "Respublikamız müstəqil dövlət kimi Azərbaycanın öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsini də milli məqsədlər, mənafelər əsasında qurmalıdır" çağrışına qoşularaq, daha da əzmlə çalışmağa başladılar. Müstəqillik dövrünün tələblərinə cavab verən yeni təhsil sisteminin, o cümlədən ali təhsil sisteminin yenidən qurulmasında, onun hüquqi-normativ bazasının yaradılması və yeni nəsil təhsil proqramları ilə təmin olunmasında Abdulla müəllim fədakarlıq göstərən, yönəldici alim-pedaqoqlardan biri oldu. Professor A.Mehrabovun elmi-pedaqoji, ictimai  fəaliyyəti, dövlət quruculuğunun bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan, təhsilə, tərbiyəyə strateji sahə kimi baxan   Ümummilli lider Heydər Əliyevin diqqətindən yayınmır və 2001-ci ildə onun Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutuna rəhbər təyin olunmasını məsləhət bilir. Ona göstərilən  yüksək etimada böyük dəyər verən professor A.Mehrabov Təhsil Problemləri İnstitutuna yeni idarəetmə səriştəsini gətirir, yaradıcı alimlərə qayğı göstərir, işgüzar şərait yaradır. Eyni zamanda o, bu  etimadı təhsilmizin dünyanın inkişaf etmiş ölkələrinin, xüsusilə də Avropa təhsil sisteminə  inteqrasiya olunması, yeni təlim texnologiyalarının Azərbaycana gətirilməsi, yeni pedaqoji təfəkkürün formalaşdırılması, yeni təhsil paradiqmalarının, təhsil alanların  nailiyyətlərinin qiymətləndirilməsi sisteminin-Qiymətləndirmə Konsepsiyasının  yaradılması ilə  bağlı yazdığı: "Təhsil sistemində monitorinq və qiymətləndirmə", "Testologiya və müasir təhsil", "Təhsil marketinqinin əsasları", "Şagird intellektinin inkişafı", "Pedaqoji texnologiyalar", "Azərbaycan təhsilinin müasir problemləri", "Müasir təhsilin konseptual problemləri", "Müasir təhsilin  metodoloji problemləri" əsərləri ilə doğrultdu.

Professor A.Mehrabov Allahdan ona bəxş olunan ömrünü alim-müəllim olmaqda gördü, yazdı -yaratdı, dövlətinə və millətinə şərəflə xidmət etdi.Ondan bizə əmanət olaraq bir çox ölkələrinin, eləcə də respublikamızın aparıcı elmi jurnallarında çap olnmuş 500-dən  artıq elmi məqalə, 51 elmi-metodik vəsait, 13 dərslik və dərs vəsaiti, 14 monoqrafiya və kitab, 15 ixtirası qaldı.Bu gün elm aləmində Abdulla müəllim yolunu öz zəhmətinin bəhrəsi olan, elmlər doktoru proqramı üzrə 12,  fəlsəfə doktoru proqramı üzrə 30  alim uğurla davam etdirirlər.Onlardan biri də mənəm.

Qədir bilən Azərbaycan xalqı və dövləti professor A.Mehrabovun  əməyini  lazımınca dəyərləndirdi. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olundu, 2006-cı ildə isə "Azərbaycan Respublikasının  əməkdar müəllimi" fəxri adına layiq görüldü.

Vidadi Orucov,

Pedaqogika üzrə elmlər doktoru

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.