Ölkə

Bakıda dostunu öldürən şəxs: Qətli qeyrət üstündə törətmişəm

20 Aprel 2018 17:27
0 Şərh     Baxış: 2 060
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra prosesdə ifadə verən Amal Zülfüqarov bildirib ki, ilk dəfə mübahisələri Nabrandakı istirahət mərkəzində başlayıb: "Yolda mənə qarşı kobudluq elədilər, münasibət korlandı. Qismət dedi ki, bir nəfərin bacısı ilə danışıram. Soruşdum qızın kimliyini demədilər. İstirahət mərkəzinə çatanda hiss etdim ki, mənə qarşı pis münasibət var".

Təqsirləndirilən şəxs qeyd edib ki, Bakıya qayıdandan sonra Qismət Məmmədli ona yenə aqressiv münasibət bəsləyib: "Biz çox yaxın olmuşuq. Qardaş kimi, bir-birimizin evinə getmişik. Mənə münasibəti bir gündə dəyişdi. Təklif etdim ki, ikilikdə söhbət edək. O isə dostlarımızın hamısı yığışanda söhbət açdı və yenə mənə dedi ki, sənin yerində olsaydım, qazı açıq qoyardım. Ona dedim ki, mənə qarşı ağır səhv eləsən, səni öldürərəm. Bu sözü yenidən təkrarladı. Mənimlə elə rəftar edirdi ki, sanki şərəfsizəm. Arada münaqişə olsa da, səbəbini bilmirdim. Onu kafeyə çağırdım. Artıq anlaqsız vəziyyətdə olmuşam, onu bıçaqla vurmuşam. Tələt və Haldunu vurduğumu xatırlamıram. Yəqin ki, onlar məni ayıranda dəyib".

Təqsirləndirilən şəxs bildirib ki, Qismət Məmmədlini qəsdən öldürmək istəyib: "Ona xəbərdarlıq eləmişdim. Demişdim ki, böyük səhv eləsən öldürəcəyəm. Onun boğazına bıçaqla vurdum. Qətli qeyrət üstündə törətmişəm".

Təqsirləndirilən şəxs ifadə verərkən qətlə yetirilən Qismət Məmmədlinin atası Fərhad Məmmədov huşunu itirib və məhkəməyə təcili yardım briqadası dəvət edilib.

Qeyd edək ki, qətl ötən il avqustun 15-də Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindəki kafelərdən birində baş verib. Qəsəbə sakini Amal Zülfüqarov münaqişə zəminində həmyerlisi Qismət Məmmədliyə və digər 2 nəfərə bıçaqla xəsarət yetirib. Q.Məmmədli aldığı xəsarətdən hadisə yerində ölüb.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Zülfüqarov tutulub.

A.Zülfüqarov xüsusi amansızlıq, xuliqanlıq niyyəti ilə köməksiz vəziyyətdə olan şəxsi öldürməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 və 221-ci maddələri ilə ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.