Ölkə

Bu şəxslərə yeni nəzarət sistemi yaradılacaq

16 Aprel 2018 11:53
0 Şərh     Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları" açıqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında" qərarında əksini tapıb.

Bu Qaydalar məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiq edilməsi ilə bağlı məsələləri tənzimləyir. Elektron nəzarət vasitələri azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, habelə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə, həmçinin məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə tətbiq edilir. Elektron nəzarət vasitələri məhkəmənin müvafiq olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin təyin edilməsi barədə qanuni qüvvəyə minmiş yekun qərarı əsasında Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq icra məmuru (probasiya üzrə) tərəfindən tətbiq olunur. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq elektron nəzarət vasitələrinin tətbiqi məhkəmənin qərarının elan olunmasından sonra polis orqanı tərəfindən həyata keçirilir.  Elektron nəzarət vasitələrinin tətbiqi Ədliyyə Nazirliyinin "Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər" informasiya sisteminin elektron nəzarət üzrə altsistemi vasitəsilə həyata keçirilir. Yerli probasiya qurumlarında və polis orqanlarında quraşdırılmış işçi stansiyalar Ədliyyə Nazirliyinin "Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər" informasiya sisteminə inteqrasiya olunurlar. Elektron nəzarət sistemi vahid data mərkəzindən və onun proqram təminatından, Ədliyyə Nazirliyində və Daxili İşlər Nazirliyində quraşdırılan monitorinq mərkəzlərindən və bilavasitə elektron nəzarət vasitələrindən ibarətdir. Monitorinq mərkəzi elektron nəzarət vasitələrinin istifadəsi ilə aparılan bütün izləmə məlumatlarının qəbulunu, emalını, saxlanılmasını, idarə edilməsini və ötürülməsini, habelə məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərlə operativ əlaqəni təmin edən, müvafiq texniki-proqram vasitələri ilə təchiz olunan, ilin bütün günləri 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən və elektron nəzarət sisteminə inteqrasiya edilmiş mərkəzdir.

Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərin müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət məhkum edilmiş şəxslərə münasibətdə yaşayış yeri üzrə icra məmuru (probasiya üzrə) tərəfindən, ev dustaqlığı qətimkan tədbiri tətbiq edilmiş şəxslərə münasibətdə yaşayış yeri üzrə polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən həyata keçirilir. Yaşadığı yer üzrə yerli probasiya qurumuna və ya polis orqanına gəlmiş (gətirilmiş) nəzarət subyekti Ədliyyə Nazirliyinin "Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər" informasiya sistemində qeydiyyata alınır və ona nəzarət subyektinin eyniləşdirmə nömrəsi verilir. İcra məmuru (probasiya üzrə) və ya polis orqanı məhkəmənin qərarında göstərilən vəzifələrə əsasən tətbiq olunacaq elektron nəzarət vasitəsinin növünü müəyyən edir və elektron nəzarət sistemində yeni nəzarət subyektinin fərdi identifikasiya nömrəsini, soyadını, adını, atasının adını, doğum tarixini, eyniləşdirmə nömrəsini, quraşdırılacaq cihazların seriya nömrələrini, məhdudlaşdırma şərtlərini və onlardan asılı olaraq tələb olunan digər məlumatları elektron nəzarət sisteminə daxil edir. İcra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nəzarət subyekti ilə birgə onun məhkəmənin qərarında göstərilən yaşayış yerinə gedərək, elektron nəzarət vasitəsini quraşdırır və aktivləşdirilməsi üçün monitorinq mərkəzinə elektron sorğu göndərir. Monitorinq mərkəzində məsul növbətçi dispetçer daxil olan sorğunu yoxlayır və sorğu ilə bağlı suallar yarandıqda, məlumatı icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi ilə dəqiqləşdirdikdən sonra nəzarət subyektini izləmə siyahısına daxil edib, quraşdırılacaq elektron nəzarət vasitələrini aktivləşdirir. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmədikdə, müvafiq olaraq Cəzaların İcrası Məcəlləsinə uyğun tədbirlərin görülməsi üçün icra məmuru (probasiya üzrə) tərəfindən məhkəməyə təqdimat verilir. Həmin vəzifələr barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər tərəfindən yerinə yetirilmədikdə, bu barədə Cinayət-Prosessual Məcəlləsinə müvafiq tədbirlərin görülməsi üçün cinayət prosesini həyata keçirən orqana məlumat verilir. Növündən asılı olaraq elektron nəzarət vasitələrinin quraşdırılması aşağıdakı qaydada həyata keçirilir:

elektron qolbaq - nəzarət subyektinin ayağına topuğun əyilmə yerindən yuxarıda elastik kəmər və birdəfəlik pərçim vasitəsilə kilidlənir. Kəmərin sıxlığı ayaqda rahat hərəkət etmək, nəzarət subyektinə ağrı hissini verməmək, eyni zamanda hərəkət zamanı çıxmamaq baxımından tənzimlənir. Elektron qolbaq nəzarət subyektinin ayağına bağlandıqdan sonra işə salınır və bu zaman vibrasiya, habelə az görünən işıq siqnalı vasitəsilə işarə verir. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. Müstəqil işləyən elektron qolbağa, həmçinin GSM kart taxılır və işə salındıqdan sonra GPS və GSM siqnalları yoxlanılır, nəzarət subyekti, tarix, saat, yer və məhdudlaşdırma şərtləri barədə məlumatlar monitorinq mərkəzi ilə sinxronlaşdırılır. Monitorinq mərkəzi ilə əlaqə yaradılaraq səs və data mübadiləsi, eləcə də xəbərdarlıq siqnallarının işlək olması yoxlanılır;

mobil nəzarət qurğusu - GSM kart taxıldıqdan sonra işə salınır, GPS və GSM siqnalları yoxlanılır, bağlantıda işləyəcək elektron qolbaq və olduğu təqdirdə digər elektron nəzarət vasitələri tanıdılır, nəzarət subyekti, tarix, saat, yer və məhdudlaşdırma şərtləri barədə məlumatlar monitorinq mərkəzi ilə sinxronlaşdırılır. Monitorinq mərkəzi ilə əlaqə yaradılaraq səs və data mübadiləsi, eləcə də xəbərdarlıq siqnallarının işlək olması yoxlanılır. Mobil nəzarət qurğusu elektron qolbaq ilə birgə tətbiq olunur. İzləmə şərtlərindən asılı olaraq, ev nəzarət stansiyası və ev siqnal ötürücüsü ilə bağlantı yaradıla bilər;

ev nəzarət stansiyası - nəzarət subyektinin yaşadığı evdə elektrik enerji mənbəyinin (rozetka) bilavasitə yaxınlığında üfüqi və ya şaquli səth üzərində möhkəm bərkidildikdən sonra işə salınır, yerüstü xətt və (və ya) GSM vasitəsilə şəbəkəyə qoşulması yoxlanılır, elektron qolbaq, habelə olduğu təqdirdə digər elektron nəzarət vasitələri tanıdılır, nəzarət subyekti, tarix, saat, yer və məhdudlaşdırma şərtləri barədə məlumatlar monitorinq mərkəzi ilə sinxronlaşdırılır. Monitorinq mərkəzi ilə əlaqə yaradılaraq data və olduqda səs mübadiləsi, eləcə də xəbərdarlıq siqnallarının işlək olması yoxlanılır. Ev nəzarət stansiyası elektron qolbaqlarla birgə tətbiq olunur. İzləmə şərtlərindən asılı olaraq, mobil nəzarət qurğusu və ev siqnal ötürücüsü ilə bağlantı yaradıla bilər;

ev siqnal ötürücüsü - nəzarət subyektinin yaşadığı evdə elektrik enerji mənbəyinin (rozetka) bilavasitə yaxınlığında üfüqi və ya şaquli səth üzərində möhkəm bərkidildikdən sonra işə salınır, elektron qolbaq, habelə olduğu təqdirdə digər elektron nəzarət vasitələri tanıdılır. Monitorinq mərkəzi ilə əlaqə yaradılaraq işlək olması yoxlanılır. Ev siqnal ötürücüsü elektron qolbaq və mobil nəzarət qurğusu ilə birgə tətbiq olunur. Nəzarət subyektinin yaşadığı evin ölçülərindən və quruluşundan asılı olaraq, bir neçə ev siqnal ötürücüsü birgə istifadə edilə bilər.

Bütün nəzarət subyektlərinin izlənilməsi monitorinq mərkəzinin dispetçerləri tərəfindən həyata keçirilir. İzləmə real vaxt rejimində aparılır. Tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, azadlığın məhdudlaşdırılmasının və ya ev dustaqlığının müddəti bitdikdə, ləğv edildikdə elektron nəzarət vasitəsi icra məmuru (probasiya üzrə) və ya polis orqanı tərəfindən birdəfəlik çıxarılır. Şəxsə tibbi yardımın göstərilməsi zərurəti ilə əlaqədar elektron nəzarət vasitəsinin müvəqqəti çıxarılması ilə bağlı nəzarət subyektinin müraciətinə təxirəsalınmadan baxılır və əsaslandırılmış qərar qəbul edilir. Ədliyyə Nazirliyinin "Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər" informasiya sisteminə toplanılan izləmə məlumatları elektron nəzarət vasitələrinin tətbiqi müddəti bitdikdən sonra arxivləşdirilir, 6 ay keçdikdən sonra isə ləğv olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.