Ölkə

"Bakıda batut gimnastikası və tamblinq üzrə Avropa çempionatının açılış mərasimi möhtəşəm idi"

13 Aprel 2018 18:35
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının açılış mərasimi sadəcə möhtəşəm idi.

Milli.Az bildirir ki, bunu Trend-ə  gimnastika yarışlarının azarkeşi Svetlana Əliyeva deyib.

O, hər şeyin çox gözəl təşkil olunduğunu bildirib: "Açılış mərasimi isə sadəcə möhtəşəm idi. Biz hətta mərasimi çəkdik və sosial şəbəkələrdəki səhifələrimizdə kadrları paylaşdıq. Düşünürəm ki, bu mərasim hələ uzun müddət yaddaşlarda qalacaq".

S.Əliyeva azərbaycanlı idmançılara yarışlarda uğurlar arzulayıb: "İdmançılarımıza hər şeyin ən yaxşısını, hər zaman birinci olmalarını, ən yüksək yerləri tutmalarını arzulayıram. Onlar möhtəşəmdirlər, qarşılarına məqsəd qoyublar. İnanırıq ki, onlarda hər şey alınacaq".

Azarkeş Azərbaycan komandasının üzvləri arasında Fərid Mustafayev və Selcan Maqsudovanın onun favoritləri olduğunu qeyd edib.

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatı davam edir. Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Gimnastlar üçün doğma məkana çevrilmiş arenada aprelin 15-dək davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirir.

Ötən gün Azərbaycan gimnastı Mixail Malkin tamblinq yarışlarında finala yüksəlib.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Tofiq Əliyev, Fərid Mustafayev, Elnur Məmmədov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudovanın təmsil etdiyi yarışların 2-ci günündə həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri və komandalar arasında finallar keçirilir.

Aprelin 14-də isə gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edəcəklər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq. Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Bu Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.