Ölkə

"Azərbaycanda uşaq əməyinin istismarı halları minimuma enib" - FOTO

13 Aprel 2018 14:01
Baxış: 1 205
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat-marifləndirmə məqsədilə Lənkəran və Masallı rayonlarında seminar-müşavirələr təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Lənkəran şəhər 2 saylı tam orta məktəbdə "Uşaq əməyinin istismarının qarşısının alınması" mövzusunda keçirilən tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin və 9 saylı region (Lənkəran, Astara, Lerik) üzrə Dövlət Əmək Müfəttişliyinin, rayon Polis şöbəsinin, Lənkəran, Lerik və Astara rayon təhsil şöbələrinin, Lənkəran şəhər Peşə Liseyinin, Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin, həmin rayonlardakı ayrı-ayrı işəgötürənlərin nümayəndələri, bir sıra məktəblərin yuxarı sinif şagirdləri, müəllimləri iştirak ediblər. Xidmətin sektor müdiri Emil Allahverdiyev uşaq əməyinə münasibətdə qanunvericilikdə əksini tapan prinsiplər barədə maarifləndirmənin aparılmasının önəmini qeyd edib, hazırkı tədbirin də bu məqsədə yönəldiyini vurğulayıb.

Seminar-müşavirədə ölkəmizin hələ 13 yanvar 2004-cü il tarixdən Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" 182 nömrəli konvensiyasına qoşulduğu, uşaq əməyinə münasibətdə Azərbaycanda mütərəqqi beynəlxalq normalara uyğun qanunvericiliyin mövcud olduğu qeyd edilib. Bildirilib ki, "Uşaq əməyi" termini adətən elə işlərə aid edilir ki, uşağın fiziki və mənəvi inkişafına mənfi təsir göstərir. BƏT-in məlumatına əsasən dünyada 246 milyondan çox 5 yaşından 14 yaşına qədər uşaq əmək fəaliyyəti ilə məşğuldur. Həmin uşaqlardan təxminən 180 milyonu təhlükəli şəraitdə çalışır və onların əməyindən qanunsuz istifadə edilir. Həmçinin 75 milyondan çoxu ibtidai təhsil almadan erkən yaşlarda əməyə cəlb edilmiş uşaqlardır. Azərbaycanda isə aparılan fəal dövlət siyasəti, aidiyyatı qurumların həyata keçirdikləri birgə tədbirlər uşaq əməyinin istismarı hallarının minimuma enməsinə imkan verib.

Tədbirdə uşaq əməyinin ən pis formaları, onların mənfi nəticələri, ümumən cəmiyyətə vurduğu ziyan barədə məlumat verilərək, eyni zamanda, ev işlərində, tətil zamanı ailə təsərrüfatlarında valideynlərə köməklik göstərilməsi və s. məqsədilə uşaqların gördüyü işlərin uşaq əməyi kimi səciyyələndirilmədiyi diqqətə çatdırılıb. Qanunvericilikdə uşaqların əmək hüquqları ilə bağlı müəyyən edilən prinsip və yanaşmalar, 15 yaşından 18 yaşınadək olanlarla əmək münasibətlərinin qurulmasının hüquqi əsasları barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Masallı rayonunda Heydər Əliyev mərkəzində "Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları" mövzusunda təşkil olunan seminar-müşavirədə isə bu rayonda və ətraf rayonlarda (Yardımlı, Cəlilabad, Biləsuvar) fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak edib. Tədbir zamanı əmək normaları və onların tətbiqi, dəyişdirilməsi, onlara yenidən baxılması, əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, işəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) müəyyən edilməsi qaydaları və s. barədə iştirakçıların məlumatlandırılması təmin edilib.

Hər iki tədbir zamanı müvafiq mövzularda məlumatları əhatə edən çap materialları da iştirakçılara paylanılıb.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.