Ölkə

Dünyaca məşhur dicey Bakıya gəlir - Formula 1 vaxtı möhtəşəm konsert gecəsi olacaq

3 Aprel 2018 13:35
1 Şərh     Baxış: 2 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur dicey Afrojək (DJ Afrojack) 2018 Formula 1 Azərbaycan Qran Prisi üçün Bakıya gəlir. O, Camirokuaydan (Jamiroquai) sonra səhnəyə çıxaraq avtoidman həvəskarları üçün möhtəşəm gecə bəxş edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Milli.Az-a verilən məlumata görə, 27 aprel tarixində Camirokuayın iştirakı ilə baş tutacaq axşam konsertinin ardınca dünyaca məşhur dicey Afrocək əyləncəsevərlərə coşğulu gecə təqdim edəcək. Əvvəlki illərdəkindən fərqli olaraq bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları Bakı Kristal Zalında keçiriləcək.

"Grammy" mükafatına sahib Afrocək bəstəkarlığı ilə də məşhurdur. O, elektronik, hip-hop və pop kimi müxtəlif musiqi janrları arasında asanlıqla keçidlər yarada bilən çoxcəhətli sənətçidir. Afrocək yalnız öz treklərinə görə yox, həm də məşhur müğənnilər üçün bəstələdiyi mahnılara görə tanınıb sevilir. Onun bəstələdiyi treklər sırasına Beyonsun (Beyonce) "Run The World (Girls)", Madonnanın Deyvid Queta (David Guetta )ilə birlikdə ifa etdiyi "Revolver" və Ni-Yo (Ne-Yo) ilə Pitbulun (Pitbull) birgə səsləndirdikləri "Give Me Everything" mahnıları daxildir.

Sırf bu il ərzində Afrocək Dörtkəps (Dirtcaps) ilə birlikdə "Bad Company" trekini, yenidən Deyvid Queta və Sia ilə birlikdə "Helium" trekini və həmçinin, U2-nun "Get Out Of Your Own Way" mahnısının remiksini buraxıb. O, yaxın dostu Deyvid Queta ilə sıx əməkdaşlığa davam edir və onlar bu ilin sonunda "İbiza"da birlikdə çıxış edəcəklər. Bundan başqa, iki dost ötən il Ester Din (Ester Dean) ilə birlikdə ifa olunan "Another Life" və Çarli XCX (Charli XCX)və Frenç Montana ilə birlikdə səsləndirilən "Dirty Sexy Money" mahnılarını ərsəyə gətiriblər.

Madonnanın Deyvid Queta ilə birgə ifa etdiyi "Revolver" mahnısına Afrocəkin 2011-ci ildə yazdığı "One Love Club" remiksi "Grammy" mükafatında qeyri-klassik janr kateqoriyasında ilin ən yaxşı remiksi adına layiq görülüb. O, indiyədək ümumilikdə 4 dəfə mükafata yiyələnib. Digər üç mükafatı Leona Lyuisin (Leona Lewis)"Collide" mahnısının remiksinə, Kris Braunun (Chris Brown)"Look at Me Now" və Ni-Yo, Pitbul və Nayerin birgə ifa etdiyi "Give Me Everything" mahnılarına yazdığı bəstələrə görə əldə edib.

Bu yaxınlarda Afrocək yenidən "Wynn Las Vegas"a qayıdacağı barədə açıqlama verib və məşhur DJ bu il bu məkanda əyləncə proqramı ilə ilboyu çıxış edəcək. Həmçinin, o, bu il "Ultra Miami" festivalının 20 illiyi ilə əlaqədar keçirilən konsert proqramlarında iki dəfə çıxış edib və bu konsertlərin birinə Oliver Rosa ilə birgə səsləndirdikləri "Lost" mahnısını ifa etmək üçün Vasi ilə birlikdə qatılıb.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim məşhur DJ-in Bakıya gəlişinə çox sevindiyini bildirib: "Builki Azərbaycan Qran Prisinin dünya ulduzlarının iştirakı ilə baş tutacaq zəngin əyləncə proqramına Afrocək kimi DJ-in daxil edilməsi olduqca sevindirici haldır. Afrocək elektronik rəqs musiqisinin ən nüfuzlu və istedadlı sənətçilərindəndirlər. O, cümə günü gecə saatlarında səhnəyə çıxaraq yarış həvəskarlarını öz məşhur trekləri ilə əyləndirəcək. Yarış təşkilatçılarından çox azının təklif etdiyi bu canlı əyləncə proqramı F1 azarkeşlərinə möhtəşəm gecə bəxş edəcək. Bakıda hər gecə səhərədək əyləncə olacaq! Mən şəxsən bundan daha yaxşı yarış həftəsonu təsəvvür edə bilmirəm! Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və 27-29 aprel tarixlərində Bakıda bizimlə birlikdə olun!"

Qeyd edək ki, bütün bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarında hər gün biri olmaqla müvafiq ardıcıllıqla səhnəyə çıxacaq Jamiroquai, Kristina Aqilera və Dua Lipanın konsertlərində və həmçinin bu konsertlərin ardınca DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarında ödənişsiz iştirak edə biləcəklər. Ayaqüstü yerlərə bileti olan tamaşaçılar həmin günə məxsus konsertə və DJ proqramına pulsuz qatıla biləcəklər.

 DJ-lərin iştirakı ilə baş tutacaq əyləncəli gecə proqramlarına ayrılıqda bilet almaq mümkündür və gündəlik satılan bu biletlərin qiyməti DJ-lərə ən yaxın mövqedə yerləşən Qızıl Dairə zonası üçün 50 AZN, digər yerlər üçünsə 30 AZN təşkil edir. Bu biletə sahib olanlar Bakı Kristal Zalına saat 23:00-dan etibarən buraxılacaqlar. DJ proqramlarına bilet almaq istəyənlər Kristal Zalın giriş qapılarında yerləşən kassalardan, www.iticket.az saytından və ya aşağıda qeyd olunan köşklərdən əldə edə bilərlər:

Qeyd edək ki, bütün tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar xidmət göstərəcək.

Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan başqa, bütün tamaşaçılar gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarında, həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan əyləncə zonasında müxtəlif əyləncəli proqramlarda iştirak edərək yarış həftəsonunundan hərtərəfli zövq ala biləcəklər.

2018 Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün bilet almaq və Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı www.bakucitycircuit.com saytından əldə edə bilərlər.

Yusif Nəsirli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.