Ölkə

Daha bir dünyaca məşhur müğənni Formula 1 yarışı ərəfəsində Bakıda konsert verəcək

16 Mart 2018 13:11
0 Şərh     Baxış: 2 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha bir dünyaca məşhur müğənni Formula 1 yarışı ərəfəsində Bakıda konsert verəcək

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Milli.Az-a verilən məlumata görə, sonuncu onilliyin ən məşhur ifaçılarından biri olan Kristina Aqilera aprelin 28-i, şənbə günü 2018 Formula 1 Azərbaycan Qran Prisinin sıralanma turu başa çatdıqdan sonra axşam saatlarında avtoidman həvəskarlarının qarşısına çıxacaq.

BŞH-nin icraçı direktoru Arif Rəhimov K.Aqileranın yarış ərəfəsində Bakıda konsert verəcəyi xəbərinə çox sevindiyini bildirib:

"K.Aqileranın 2018 Formula 1 Azərbaycan Qran Prisinin yarış həftəsonunun şənbə günündə Bakıda konsert proqramı ilə çıxış edəcəyi xəbəri bizi çox sevindirdi. O, həqiqətən də, superstardır və musiqi tarixində ən çox dinlənən mahnılardan bir neçəsinin valehedici ifaçısıdır. Gərgin mübarizə ilə keçən sıralanma turundan sonra onun Kristal Zalda avtoidman həvəskarlarının qarşısına çıxaraq ən məşhur ifalarını səsləndirməsi bizim üçün böyük bir ayrıcalıqdır və eyni zamanda çox həyəcanverici məqamdır. İnanıram ki, onun Azərbaycandakı azarkeşləri səbirsizliklə bu anı gözləyirlər və mən fürsətdən istifadə edərək K.Aqileranın bütün sevənlərini ilin ən baxımlı və əyləncəli yarış həftəsonunu bizimlə birlikdə keçirməyə dəvət edirəm. Bu konsert proqramı yarış həftəsonları arasında ən mükəmməl şənbə günü ab-havası yaradacaq. Hamıya müraciətim eyni olaraq qalır: biletlər varkən almağa tələsin və 27-29 aprel tarixlərində Bakıda bizimlə birlikdə olun!"

Xatırladaq ki, bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Həmçinin tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişi üçün xüsusi avtobuslar xidmət göstərəcək.

Ötən illərdəkindən fərqli olaraq bu il yarış həftəsonunun axşam saatlarında keçirilən əsas konsert proqramları Bakı Kristal Zalında baş tutacaq.

Qeyd edək ki, bəstəkar və aktrisa kimi də tanınan müğənni K.Aqileranın 7 albomu bütün dünyada ümumilikdə 43 milyon dəfədən çox satılıb. Valehedici səsi və möhtəşəm vokal ifaları ilə sevənlərini heyrətləndirməyə davam edən K.Aqilera indiyədək 6 "Grammy" mükafatına layiq görülüb və onun 4 mahnısı "Billboard"ın ən çox dinlənən 100 ifası cədvəlində ilk sırada yer alıb. Bundan başqa, K.Aqilera Elton Con, Toni Bennet və Andrea Boçelli kimi bir çox əfsanəvi incəsənət adamları ilə də sıx əməkdaşlıq edib.

"Rolling Stone" jurnalı K.Aqileraya "bütün dövrlərin ən çox dinlənən 100 ifaçısı", "Time" jurnalı isə ona "dünyanın ən nüfuzlu 100 şəxsi" sırasında yer verib. "Genie in a Bottle", "Beautiful" və "Come on Over" kimi ən çox dinlənən ifaları bütün dünyada rekord qıraraq ona bütün dövrlərin ən uğurlu pop vokal ifaçılarından biri ünvanını qazandırıb.

Müğənnilik və bəstəkarlıq fəaliyyəti ilə yanaşı K.Aqilera müxtəlif film və seriallara çəkilib. O, oynadığı "Burlesque" filmində səsləndirilən "Bound to You" mahnısının da bəstəkarlarından biri olub. Daha sonra bu mahnı "Golden Globe" nominasiyasına layiq görülüb. Bu il K.Aqilera "Warner Bros" tərəfindən çəkilən "Life of the Party" və çəkilişi müstəqil aparılan "Zoe" filmində yer alacaq. "Zoe" filmi bu il ilk dəfə "Tribeca" film festivalında nümayiş olunacaq. Bundan başqa, K.Aqilera Ümumdünya Ərzaq Proqramında BMT-nin səfiri kmi fəaliyyət göstərməklə yanaşı, bir sıra digər xeyriyyə işlərinə də qatılır.

Xatırladaq ki, Kristina Aqilera 2018 Formula 1 Azərbaycan Qran Prisinin keçirildiyi günlərdə Bakıda konsert proqramı ilə çıxış edəcək sayca üçüncü məşhur olacaq. Onunla yanaşı, "Jamiroquai" qrupu və britaniyalı ulduz Dua Lipanın avtoidman həvəskarları qarşısında konsert verəcəklər.

Zəfər Tağı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.