Ölkə

İnternat uşaqlarının Novruz şənliyindən heyrətamiz anlar - FOTOlar

13 Mart 2018 17:36
Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 13-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbində Novruz şənliyi keçirilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, şənlikdə Təhsil Nazirliyinin, Xəzər Rayon İcra Hakimiyyətinin, YAP-ın Xəzər rayon təşkilatının əməkdaşları və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə qonaqlar "Köhnə və yeni Bakı" dekorasiyaları, qədim xalq sənəti nümunələri  ilə bəzədilən internat məktəbinin həyətində dekorativ sənət, rəsm və toxuculuq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra məktəbin dram dərnəyinin üzvlərinin iştirakı ilə "Keçəlin saqqalı və Kosanın saçı" adlı tamaşa nümayiş olunub. Uşaqların ifasında  Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər təqdim edilib, milli rəqslərimiz ifa olunub, uşaqlar Kosa və Keçəl ilə birgə rəqs edib, mahnı oxuyublar.

Qeyd edək ki, 1979-cu ildə yaradılan internat məktəbi 2005-ci ildən ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. İnternat məktəbi 2014-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub və müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Hazırda müəssisədə 154 şagird təhsil alır, onlardan 69 nəfəri burada gecələyir. Uşaqların təlim tərbiyəsi ilə 60 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

İnternat məktəbində  "Xalçaçılıq texnologiyası" fənni tədris edilir. Şagirdlər ümumi təhsil almaqla yanaşı xalçaçılıq sənətinə də yiyələnirlər. Təhsil müəssisəsində şahmat dərnəyi də fəaliyyət göstərir. Məktəbin şagirdlərindən ibarət futbol komandası mütəmadi olaraq respublika daxilində keçirilən idman yarışlarında iştirak edir. İnternat məktəbi 2016-2017-ci tədris ilindən "Sağlam təhsil-sağlam millət" layihəsinə cəlb edilib.

Zərif Nisə

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.