Ölkə

Dostunu öldürdü, ölənin həyat yoldaşı şikayətçi olmadı

13 Mart 2018 16:57
0 Şərh     Baxış: 1 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüqar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vahid Qəhrəmanov ifadə verib.

O, "Xəzər univermağı"nın yanında mebel sexi işlətdiyini və hadisənin şahidi olduğunu söyləyib: "Sexin qabağında duran zaman iki nəfər əlində bıçaq ora yaxınlaşdı. Vüqarın sinəsi qan idi, rəhmətə gedən şəxsin köynəyi isə cırılmışdı. Bu zaman rəhmətliyin ayağına nəsə ilişdi və o, yerə yıxıldı. Vüqar ona yaxınlaşıb "ölmə" dedi. Sonra ölən şəxs ayağa qalxdı və bir-birilərinə bıçaq atdılar. Rəhmətlik bir neçə dəfə yerə yıxılıb qalxırdı. O, sonuncu dəfə yerə yıxıldı və qalxmadı, öldü".

Şahid qeyd edib ki, təqsirləndirilən V.Həsənov hadisə yerindən qaçmayıb: "Biz rəhmətliyə yaxınlaşanda onun sinəsində 2 bıçaq yarası var idi. İstintaq dövründə isə mənə onun ölmüş şəklini göstərdilər. Rəhmətliyin qarnında 3 bıçaq yarası gördüm".

Daha sonra məhkəmədə zərərçəkmişin hüquqi varisi, onun həyat yoldaşı Suman Məmmədovanın ərizəsi elan olunub. O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını söyləyib.

Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonu ərazisində baş verib. Paytaxt sakini, 31 yaşlı Vüqar Əbdülhəmid oğlu Həsənov Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi 20 ünvanında Elşən Məmmədovla mübahisə edib. Mübahisənin tərəflər arasında yol verilmiş nalayiq ifadələrdən qaynaqlandığı deyilir. Hər iki şəxs daha sonra hadisə yerinə bıçaqla gəlib, əlbəyaxa davaya çevrilən mübahisə zamanı qarşılıqlı şəkildə bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər.

Nəticədə ağır xəsarət alan V.Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib. Əraziyə Xətai RPİ-nin əməkdaşları cəlb olunub, müayinələr aparılıb.

Məlumata görə, hər iki şəxs eyni məhəllədə yaşayıblar və dost olublar. Onların hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.