Ölkə

"Sağlamlığa ciddi təhlükə törədən qurdların ocaqlıqları aşkarlanıb"

13 Mart 2018 14:20
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutu tərəfindən 2016-2017-ci illərdə Azərbaycanın müxtəlif rayonlarında aparılan  tədqiqatlar nəticəsində 30 növ iynəcə, 10 növ otbiçən, 15 növ alaca kəpənəyi, 38 növ qarışçı kəpənəyi, 8 növ parabüzən, 9 növ arı, 64 növ hörümçək, 12 növ fır gənəsi qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Zoologiya İnstitutunun şöbə müdiri Vüsalə Nərimanova məlumat verib.

Onun sözlərinə görə, 3 növ hörümçək, 1 növ fır gənəsi Azərbaycan faunası üçün yenidir: "Gənələrlə aparılan tədqiqatlar zamanı Qafqaz faunası üçün yeni fəsilə aid "Erythraeidae" aşkarlanıb".

V. Nərimanova deyib ki, insanların sağlamlığı üçün ciddi təhlükə törədən 6 növ sestodun (Lentşəkilli qurdlar) təbii ocaqlıqları aşkar edilib.

Lənkəran təbii vilayətində təsərrüfat əhəmiyyətli qızıl böcəklər fəsiləsinə mənsub böcəklərin yayıldığı təbii zonaların, biotopların və əsas qida bitkilərinin müəyyənləşdirildiyini vurğulayan İnstitut əməkdaşı bildirib ki, Astarada karabid böcəklər fəsiləsinə aid 13 növ tapılıb: "Qazax və Ağstafa rayonlarında üzüm bitkisinə zərər verən 4 fəsilə 13 cinsə aid 23 növ gənə aşkar edilib ki, bunlardan 2 növ Azərbaycan faunası üçün ilk dəfə qeyd olunub. Azərbaycanın dağ landşaftlarında 20 növ iynəcə aşkar edilib, ilk dəfə elm üçün 5 növ otbiçənin təsviri verilib. Meyvə və meşə ağaclarına ciddi zərər verən qızılqarın kəpənəyin bioekoloji xüsusiyyətlərinə dair müşahidələr aparılıb, zərərvericinin 3 növ paraziti və 1 növ yırtıcısı müəyyən olunub".

V. Nərimanova qeyd edib ki, ilk dəfə olaraq Taxtakörpü su anbarında hidrofaunanın formalaşması yolları və su anbarından balıqçılıqda istifadə edilməsinin mümkünlüyü araşdırılıb: "İlkin olaraq, zooplanktonda 11 növ, ixtiofaunada 4 növ balıq və 14 növ balıq parazitləri qeydə alınıb. Çilov və Xərə Zirə adasının herpetofaunasında 3 növ sürünən tapılıb. Çilov adasında qulaqlı kirpi, kiçik ərəbdovşanı, Küli şəbpərəsi, Xəzər suitisi aşkarlanıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.