Ölkə

"Hacı Mazan"a qarşı dələduzluq edən şəxs şikayətini geri götürdü

12 Mart 2018 12:02
0 Şərh     Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ali Məhkəmədə "Medi Sina" klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Həşimov barəsində olan məhkəmə qərarından kassasiya şikayətinə baxılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin məhkəməyə göndərdiyi ərizəsi elan olunub.

M.Həşimov ərizədə şikayətini geri götürdüyünü yazıb.

Məhkəmə kollegiyasının qərarına əsasən, onun kassasiya şikayətindən imtina etməsi barədə ərizəsi təmin edilib. M.Həşimovun verdiyi kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb.

Qeyd edək ki, ittihama əsasən "Medi Sina" klinikasının sahibi M.Həşimov iş adamı Ramazan Zeynalova qarşı ("Hacı Mazan") 163 min manatlıq dələduzluq edib. "Hacı Mazan" müqavilə əsasında klinikanı M.Həşimova icarəyə verib.

Onu da əlavə edək ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi. "Medi Sina" klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. "Medi Sina" klinikasının bütün əmlakına həbs qoyulub. 

Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib. Qərara görə, "Medi Sina" klinikası 40, əməliyyatı aparan əsas həkim Mahir Məmmədov 10, anestezioloq Firuz İbrahimov 15, asistent Fərəcullah İdrisov isə 10 min manat cərimələnib. İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses də davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Həşimov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib. Daha sonra M.Həşimov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.