Ölkə

"Maliyyə mənbəyi məlum olmayan, hamıdan yaxşı yaşayan partiya nümayəndələrinin ittiham etməyə haqları yoxdur"

10 Mart 2018 13:59
Baxış: 430

Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu demokratik media ənənələri Azərbaycanda uğurla davam etdirilir, uğurla inkişaf etdirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Azərbaycan jurnalistlərinin VII qurultayında çıxışı zaman qeyd edib.

Ə.Həsənov vurğulayıb ki, ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev mütəmadi olaraq jurnalistlərə təməli ulu öndər tərəfindən qoyulmuş qayğını, dövlətin bu sahədə olan öhdəliklərini yerinə yetirir:

"Bu gün burada səsvermə keçirildi. Kimin nə deməsindən asılı olmayaraq, kənarda qalan və bu gün Azərbaycan mediasının kənara atılmış müəyyən nümayəndələri olacaq ki, onlar bu qurultay haqqında da, burada seçiləcək yeni heyət haqqında da, sizin jurnalist fəaliyyətiniz haqqında da mənfi rəy formalaşdırmağa çalışacaqlar. Bundan qorxmayın, buna qeyri-adi hal kimi baxmayın. Nə qədər ki, cəmiyyət var, insanlıq var, həyat var, həmişə opponentlər də olacaq, sadəcə olaraq onlara opponent kimi baxın, çalışın, onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etməsindən asılı olmayaraq, öz xarakterinizdən çıxış edərək Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın, istər bu dövlət olsun, istər sizə oponentlik etmək istəyən həmkarlarınız olsun və yaxud da xaricdəki, daxildəki anti-Azərbaycan dairələr olsun".

PA rəsmisi vurğulayıb ki, Azərbaycanda jurnalistika ilə hakimiyyət arasında gözəl tərəfdaşlıq mühiti yaranıb:

"Bunun nəyi pisdir? Əgər Azərbaycan dövləti vergi ödəyicilərinin və Azərbaycanın milli sərvətlərinin verdiyi imkanlardan onun yaradıcı insanlarının, akademikinin, sənət adamlarının, Azərbaycan cəmiyyətində yaxşı nümunələr formalaşdıran jurnalistikanın və digər kateqoriyadan olan insanların maliyyələşməsi, maddi-mənəvi tələbatının ödənilməsi üçün istifadə edirsə, bunu nəyi pisdir? Buna opponentlik etmək istəyənlərə qarşı siz öz münasibətinizi sərgiləyə bilərsiniz. Nəyə görə öz dövlətindən, milli sərvətindən aldığın pay qəbahət sayılmalıdır, amma sizi yönəltmək üçün və anti-Azərbaycan fəaliyyəti, sizi dövlətinizə, millətinizə qarşı qoymaq cəhdləri məqsədləri ilə Azərbaycana yönələn xarici qrantlardan maliyyələşmək və yaxud da bəhrələnmək normal bir hal hesab olunsun? Baxın, bu gün sizi ittiham edənlər özləri hansı mənbədən maliyyələşirlər. Mən elə buradan müxalifət partiyalarına üzümü tuturam. O müxalifət partiyaları ki, bu gün Azərbaycanın qanunları çərçivəsində parlamentə seçiliblər, dövlət büdcəsindən öz qanuni maliyyələşmə haqlarını alıblar. Bunun nəyi pisdir? Amma o partiyalar ki, maliyyə mənbəyi bu gün heç kimə bəlli deyil və sizin gözünüz qarşısında da hamıdan yaxşı yaşayırlar, hamıdan yaxşı təmin olunublar, övladları, özləri dövlətin daxilində və xaricində kifayət qədər yüksək təminatlı həyat sürürlər, onların sizi tənqid etməyə, ittiham etməyə haqları yoxdur. Onların haqsız olduğunu cəmiyyətə siz jurnalistlər çatdırmalısınız".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.