Ölkə

Bu yenilik təkcə tələbələrin yox, bütün xalqın gələcəyini dəyişə bilər

24 Fevral 2018 07:00
6 Şərh     Baxış: 3 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, Milli Məclisdə "Təhsil kreditləri haqqında" Qanun layihəsinin hazırlıqlarına başlanılıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli bunula bağlı Trend-ə bildirib ki, bu qanun layihəsi ilk növbədə ehtiyacı olan tələbələrin minimum tələbatını - onun təhsil, kirayə, yataqxana haqqını, minimum kitab almaq üçün lazım olan xərcləri qarşılaya biləcək təhsil kreditlərinin verilməsi məsələsini əhatə edəcək:

"Bu krediti alan tələbələrin ali məktəbi bitirib mütəxəssis kimi işləməyə başladıqdan sonra müəyyən olunmuş faizlərlə həmin vəsaiti geri qaytarması nəzərdə tutulur".

Hazırlanacaq yeni qanun layihəsi ilə bağlı Milli.Az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert, Milli Məclisin Elm və Təhsil Komissiyasının sabiq sədri Şahlar Əsgərovun fikrincə bu, çox vacib sənəddir:

"Onu bildirim ki, bu çox əhəmiyyətli qanun layihəsidir. Çünki 17-18 yaşında, ata-anasının himayəsində olan bir gəncə dövlət tərəfindən də kömək pəncərəsi açılmayanda tam ümidsiz vəziyyətə düşür. Təhsil krediti dünyada çox geniş yayılmış bir şeydir. Bizdə qəbul olunsa, çox yaxşı olar. Bu yenilik təkcə tələbələrin yox, bütün xalqın gələcəyini dəyişə bilər. Çünki təhsilə qoyulan vəsait xalqın gələcəyinə qoyulmuş sərmayə deməkdir".

Ş.Əsgərov qeyd edib ki, təhsil krediti gənclərə ayaq üstə durmağa kömək edə bilən bir mexanizm, dövlətin onlara dəstəyi və köməyidir: "Xüsusilə, elə istedadlı gənclərimiz var ki, onlar maddi problemlər ucbatından istədiyi ali məktəbdə, istədiyi ixtisas üzrə təhsil ala bilmirlər. Amma təhsil krediti götürüb istədiyi ali məktəbə də girə bilər, yaxud da təhsil krediti vasitəsilə istədiyi universitetdə oxuya bilər. Burada əsas psixoloji və fizioloji bir məqam var - gənc xoşu gəlməyən ixtisası öyrənmir. Bəzən də məcburən sevmədiyi ixtisasları seçməli olur. O, universitetdə oxuduğu 4-5 il ərzində sadəcə vaxt itirir. Bu baxımdan lazımi səviyyəli mütəxəssisə çevrilə bilmir. Amma təhsil krediti götürə biləndə istədiyi ixtisas üzrə təhsil alır, sonra da mütəxəssis kimi işlədikcə onu dövlətə və ya onu verən təşkilata qaytarır. Bu çox gözəl sistemdir.

Elə məqamlar da olur ki, gənc ali məktəbə daxil olur, amma imkansızlıq ucbatından gedə bilmir və ya təhsilini yarımçıq dayandırmalı olur. Bundan əlavə, tələbələrin yataqxana təminatı çox vacib elementdir. Yataqxana mühiti tələbələrin püxtələşməsi üçün çox vacibdir. Belə ki, tələbə ali məktəbdən sonra yenə tələbə kollektivinin, icmasının arasına qayıdır, orada birgə yaşamaqla yanaşı həm də oxuyur, müzakirələr aparırlar. Təcrübə göstərir ki, yataqxana həyatını keçmiş gənc öz evlərində və ya kirayə evlərdə yaşayan tələbələrə nisbətən daha sosial, fəaliyyət daha uğurlu olur.

Ona görə də mən də belə bir qanun layihəsinin hazırlanmasını və qəbul edilməsini dəstəkləyirəm. Nə yaxşı ki, belə bir problem qaldırılır və müzakirə olunur".

Qeyd edək ki, hələlik "Təhsil krediti haqqında" Qanun layihəsi Milli Məclisdə yalnız hazırlanma ərəfəsindədir.

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.