Ölkə

“Manqal”da soyunduraraq döyüblər - Film kimi cinayət - YENİLƏNİB

23 Fevral 2018 17:21
0 Şərh     Baxış: 3 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:21

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar, Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə başlayıb. 

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin icraatında olan prosesdə baxış iclası keçirilib.

Prokuror ittiham aktını elan edib. Belə ki, X.Paşayev bir qrup şəxslə İran vətəndaşı Bəşir Qəhramaninin şəriki olmuş Valeh Nəcəfovu oğurlayaraq onu hədələməkdə təqsirləndirilir. Valehdən Bəşirə olan 31 min dollar pulunu geri qaytarmasını tələb ediblər. Valehi oğurlayaraq "Manqal" restoranına gətirib, orada onu soyunduraraq döyüblər. 

Ailə üzvlərinə və yaxınlarına işgəncə verəcəklərini deyərək onu hədələyiblər. V.Nəcəfov onlarla razılaşıb və həyat yoldaşına məxsus qızılları verəcəyini deyib. Birlikdə evə gedərək evdən 15 min manat dəyəri olan qızıl zinət əşyaları götürüblər. Daha sonra pulun qalan hissəsini də hədə-qorxu ilə tələb ediblər. Pulu vermədikdə isə Nəcəfovu yenidən görüşə çağıraraq onu döyüblər. Bu dəfə V.Nəcəfov silaha əl atıb, lakin dəstə üzvləri tapançanı ondan alıblar. Mübahisə zamanı atəş açılıb və Valeh başından yaralanıb, oradaca vəfat edib.

İttihama münasibət bildirən X.Paşayev özünü qismən təqsirli bildiyini deyib: "Mən sadəcə borcumu istəmişəm. Özüm 3 güllə yarası almışam".

Digər təqsirləndirilənlər özlərini təqsirli bilmədiklərini deyiblər.

Məhkəmədə mərhum V.Nəcəfovun həyat yoldaşı Yeganə Nəcəfova ifadə verib. O deyib ki, əri iranlı Bəşir adlı şəxslə birgə biznes qurub və Rusiyaya göyərti göndəriblər: "Bir dəfə Valehin işi vardı, özü gedə bilmədi. Mal da xaab çıxmışdı, buna görə aralarında  30 min manatla bağlı mübahisə olmuşdu. Sonra bir gün evə gəlib dedi ki, şəriki Bəşir onu Xırdalan uşaqlarına sifariş edib. Mən dedim ki, polisə şikayət edək. O dedi sən arvadsan, kişi işinə qarışma, onlar məni ailəmlə hədələyirlər. Bir dəfə gəlib mənim qızıllarımı apardı ki, onlara versin. Amma ucuz qiymətləndirmişdilər, dedi öz zərgərimə aparacam. Bir neçə gün sonra yenə görüşə getdi, zəng elədim telefonu açan olmadı. Bir neçə saat sonra zəng edəndə bir nəfər telefonu açıb dedi ki, Valehin qəzada ayağı sınıb. Xəstəxanaya getdik, orada bildik ki, Valeh ölüb. 

Yoldaşımın silahı olmayıb, heç vaxt da üstündə silah görməmişəm. Onu soyundurub döydüklərini bilirdim. Başına gətirilənləri mənə danışmışdı, iyrənc hərəkətlər ediblər, ona işgəncə veriblər, bir daha xatırlamaq istəmirəm".

İttihama görə, 2017-ci ildə Xırdalan şəhərində baş verən silahlı atışmada 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib. Hadisə zamanı digər bir şəxs - 1985-ci il təvəllüdlü Qəbələ sakini Paşayev Xəyal Oqtay oğlu isə üç güllə yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb, həyatını xilas etmək mümkün olub. Daha sonra Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

----------

16:53

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl, quldurluq və digər cinayətlərdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Məhəmməd Əhmədov və Allahverdi Ruzpeykarın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.

Qeyd edək ki, ötən il martın 31-də Xırdalan şəhərində atışma baş verib.

Təqsirləndirilən şəxslərlə digər bir neçə nəfər arasında baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hadisənin borc pul üstündə baş verdiyi, təqsirləndirilən şəxslərin kriminal aləmə yaxın olduqları bildirilir.

İttihama münasibət bildirən Xəyal Paşayev özünü qismən təqsirli bilib. Kənan Həsənov, Bilal Bayramov, Məhəmməd Əhmədov, Allahverdi Ruzpeykar isə özlərini təqsirli bilmədiklərini deyiblər.

İclasda zərərçəkmiş şəxsin həyat yoldaşı, hüquqi nümayəndəsi Yeganə Hacıyeva ifadə verib.

O bildirib ki, ötən il martın 30-da günorta həyat yoldaşı Valeh Nəcəfov evə gəlib: "Yoldaşıma zəng gəldi. O, kiməsə "düşürəm, düşürəm" dedi. Sonra getdi, gecə gəldi. Üstü qan idi. Evdən qızıl götürdü, dedi Xırdalan uşaqlarına verməlidi. Sonra evə qayıtdı. Növbəti gün günortadan sonra onunla danışa bilmədim. Bir nəfər mənə zəng edib dedi ki, yoldaşım qəzaya düşüb, ayağı sınıb. Bizi polis idarəsinə çağırdılar. Biz də ora getdik və sonradan onun öldüyünü bildim".

Y. Nəcəfova deyib ki, yoldaşına onu təhdid edən şəxslər barəsində hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb, lakin yoldaşı razı olmayıb: "Dedi sən bilmirsən onlar necə təhlükəli adamlardır. Dedi "məni ailəmlə, yaxınlarımla hədələyirlər, sən heç kimə heç nə demə".

Proses martın 9-da davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.