Ölkə

Maştağa-Nardaran yolu genişləndirilməklə yenidən qurulur - FOTO

17 Fevral 2018 11:55
0 Şərh     Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Milli.Az-a verilən məlumata görə, son 2 il ərzində Sabunçu rayonunda ümumi uzunluqları 25,6 km olan 3 qəsəbələrarası avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Bu, Maştağa-Bilgəh, Ramana-Maştağa və Sabunçu-Ramana avtomobil yollarıdır.

Bakı şəhərində avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq cari ildə Sabunçu rayonunda ümumi uzunluqları 18,7 km olan daha 3 qəsəbələrarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub ki, artıq onlardan birində işlərə start verilib. Söhbət 8,3 km uzunluğunda Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulmasından gedir.

Uzun illər istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir olunmayan yolun hərəkət hissəsində deformasiyalar və dağılmalar yaranıb. Bu isə sözügedən yolla hərəkət edən insanların haqlı narazılığına, üstəlik, yolun ensiz olması və piyadalar üçün səkilərin olmaması hərəkət iştirakçıları üçün problemlərə səbəb olurdu. Məhz bu üzdən Dövlət Agentliyində Maştağa-Nardaran yolunu bu il yenidən qurulması nəzərdə tutulan qəsəbələrarası avtomobil yollarının siyahısına salınıb.

Yenidənqurma layihəsinə uyğun olaraq yol eni 6-7 m-dən 12 m-ə qədər genişləndirilir. Vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu ərazidən asılı olaraq müxtəlif ölçülərə malik yeni piyada səkiləri inşa edilir, kənarlarına isə səki daşları düzülür.

Genişləndirmə işləri zamanı yolun yararsız qruntu qazılaraq çıxarılır, əks dolğu aparılmaqla yeni yol yatağı, həmçinin, yol əsası inşa edilir. Yol boyu köhnə yeraltı kommunikasiya xətləri kənarlaşdırılır. Yolun hərəkət hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yolun hərəkət hissəsinin eni genişləndikdən sonra ortalama 12 m nəzərə alınmaqla 100 min kv.m sahəyə yüksək keyfiyyətli asfalt örtüyü salınacaq.

Tikinti işləri yekunlaşdıqdan sonra yol boyu zəruri yol nişanlarının və məlumatverici lövhələrin quraşdırlması, piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması 3 qəsəbənin 60 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin etməklə, onların Maştağa-Buzovna və Bilgəh-Pirşağı avtomobil yollarına rahat çıxış əldə etməsinə imkan yaradacaq.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.