Ölkə

Ombudsman Xocalı soyqırımı ilə əlaqədar bəyanat verdi

12 Fevral 2018 17:13
Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Elmira Süleymanova Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar bəyanat verib.

Milli.Az xəbər verir ki, Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, YUNİSEF-ə, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Bəyanatda deyilir: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir. Bu alayın çoxsaylı ağır texnikası qəfildən şəhərə yeridilmiş, cinayətkarlar şəhəri tərk etmək məcburiyyətində qalan dinc azərbaycanlıları amansızcasına qətlə yetirmiş, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır.

Xocalı soyqırımı zamanı 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, yüzlərlə dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur.

Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət məqsədyönlü şəkildə davam etdirilən etnik təmizləmə və soyqırımı siyasətini bir daha təsdiq etmiş, məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və əzəli Azərbaycan ərazilərində "Böyük Ermənistan" dövləti yaratmaq olmuşdur. Bu hadisələr sırasında 100 illiyini qeyd etdiyimiz, 31 mart 1918-ci il tarixdə azərbaycanlılara qarşı törədilən, dünya tarixində özünün ağır nəticələri ilə seçilən soyqırımı da xüsusi yer tutur.

Xocalı soyqırımını törətməklə hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğala məruz qalmış, 20 min soydaşımızın həyatına son qoyulmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Bu işğal zamanı erməni millətçiləri və terrorçuları Xocalı şəhərindən başqa, Azərbaycanın Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də kütləvi qırğınlar törətmişlər.

Ümummilli liderimiz Heydər Əliyevin 1994-cü ildə Xocalı soyqırımı ilə bağlı xüsusi müraciəti olmuş, həmin ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.

İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi bir daha sübut edir. Lakin erməni tərəfi hər zaman olduğu kimi, qeyri-konstruktiv mövqe nümayiş etdirərək, atəşkəs rejimini mütəmadi olaraq pozur, regionda sülhün bərqərar olmasına maneçilik törədir.

Ermənistanın mülki əhaliyə qarşı yönəlmiş soyqırımı siyasəti bu gün də davam etdirilir, dinc əhalinin, o cümlədən uşaqların qətlə yetirilməsi ilə nəticələnir.

Azərbaycan tərəfi 30 ilə yaxın davam edən bu təcavüzə son qoyulmasına, sülhün bərqərar olunmasına mütəmadi olaraq səylər göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyi ilə bağlı ədalətli mövqeyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Məclisinin tribunalarından bəyan etmişdir.

Hər il olduğu kimi, bu il də həmin soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq Sərəncamla "Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilmiş və icra olunur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsini dünyaya soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır.

Artıq Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normalarına əsaslanaraq tanımışlar.

ABŞ-ın 22 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona, Aydaho və Nevada ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur.

Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını genosid faktıdır və insanlığa qarşı ən ağır cinayətlərdəndir. Belə ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir.

Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada müəyyən edilmişdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı bu Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Lakin təəssüf ki, tarix boyu azərbaycanlılara qarşı törədilən soyqırımı aktları, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz hüquqi-siyasi qiymətini almamış, bu beynəlxaq cinayəti təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməmiş, onlara layiq olduqları cəzalar verilməmiş və bu məqsədlə hər hansı bir tədbir görülməmişdir.

Həmin faciə zamanı qətlə yetirilənlərin, şəhidlərimizin əziz xatirəsini dərin hüznlə yad edərək, yuxarıda qeyd olunanları, habelə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, bildirirəm ki, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı cəza tədbirləri tətbiq edilməlidir. Hər bir dövləti, beynəlxalq təşkilatları bir daha bu soyqırımını ədalət naminə tanımağa, onu törədənlərin cəzalandırılması üçün həmrəyliyə və səyləri artırmağa çağırıram.

26 il əvvəl törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməli, Ermənistan münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərin qərarlarına riayət etməli, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, onlar öz doğma yurdlarına qayıtmalı, habelə günahsız, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.