Ölkə

İcra Hakimiyyəti: Bayıl yamacındakı tikililərin əksəriyyəti bir gecəyə inşa olunub

12 Fevral 2018 12:47
0 Şərh     Baxış: 1 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son iki gündə Səbail rayonu, Bayıl yaşayış massivindəki "Cənub Dərə" adlanan ərazidə yağan intensiv yağıntılar buradakı vəziyyətə də təsir göstərib, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına da hopub. Bunun da nəticəsində sürüşməyə meyilliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə qismən dağılıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

O əlavə edib ki, əhalinin bu ərazidən vaxtında köçürülməsi ilə əlaqədar xəsarət alan olmayıb. İcra hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində uçan və həmin evlərin yaxınlığındakı tikililərdə vətəndaşların əmlakı çıxarılaraq nəqliyyat vasitələri ilə başqa yerlərə daşınıb:

"Bu ərazidə sürüşmə hadisələri çox-çox əvvəllər də olub. Arxiv məlumatlarına əsasən, ilk belə hadisə 1842, 1847, 1874-cü illərdə də qeydə alınıb. Sonradan da ərazidə bu hallar baş verib, sonuncu böyük sürüşmə hadisəsi isə 2000-ci ildə olub. Bundan sonrakı vaxtlarda da ara-sıra bu ərazidə kiçik sürüşmələr olur. Hələ 19-cu əsrin əvvəllərində Bakı şəhəri əhalisinin sayı 5 minə yaxın olub, həmin əsrin sonlarında isə Bakıda yaşanan neft bumu nəticəsində əhalinin sayı 100 minə çatıb. 19-cu əsrdə Bayılın bu hissəsində ümumiyyətlə yaşayış olmayıb. Lakin həmin dövrdə də bu ərazidə sürüşmə prosesləri baş verib. Apardığımız araşdırmalar nəticəsində Bayıl yamacındakı tikililərin faiz baxımından təqribən 20-25%-nin ötən əsrin 60-70-cı illərində, qalanlarının da 1990-2000-ci illərdə qeyri-qanuni olaraq bir gecəyə tikildiyi evlər olduğu müəyyən edilib".

İ.Kərimov bildirib ki, Bayılda baş verən sürüşmənin səbəbləri barədə tam dəqiq söz demək, münasibət bildirmək hələ tezdir: "Lakin mütəxəssislərin ilkin verdikləri rəyə görə sürüşmə aktivliyi torpağın daxilində baş verən proseslərlə əlaqədardır. Sürüşmə təbii prosesdir. İnsanlar öz fəaliyyətləri ilə bu prosesin sürətlənməsinə, sadəcə olaraq, az da olsa təsir edə bilərlər. Təhlükəli sahə hesab olunan ərazidə yerləşən tikililər 1 mərtəbəli, plansız, bünövrəsiz bir gecəyə tikilən zəif evlərdir. Bayılda tikilən yeni çoxmənzilli yaşayış binaları ilə əlaqədar isə qeyd edim ki, bu binalar təhlükəli sahədən 5 km aralıda yerləşir və bütün layihə işləri tikinti norma və qaydalarına uyğun olaraq aparılır. Bu binaların layihələndirilməsi və tikintisi işləri Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi və rəyi əsasında, birbaşa olaraq bu qurumların mütəxəssislərin nəzarəti altında aparılır".

İcra Hakimiyyətinin nümayəndəsi qeyd edib ki, ərazidən köçürülən sakinlərin əmlakının qorunması, təhlükəli zonaya insanların buraxılmaması üçün postlar yaradılıb: "RİH tərəfindən 163 nömrəli məktəbdə yaradılan sığınacaqda vətəndaşlar üçün hər cür şərait yaradılıb. Hazırda da RİH nümayəndələri həmin ərazidədirlər və Nazirlər Kabineti tərəfidən burada yaranan vəziyyətlə bağlı çıxaracağı qərara uyğun tərəfimizdən müvafiq tədbirlər həyata keçiriləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.