Ölkə

Bakıda həkimin komaya saldığı qız öldü - Həkim qaçdı - YENİLƏNİB

5 Dekabr 2017 15:56
50 Şərh     Baxış: 22 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:56

Bakıda "Grand Hospital"da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə medicina.az-a qızın valideynləri məlumat verib. Bildiriblər ki, uşaq bu dəqiqələrdə keçinib. 

"Əməliyyatı aparan invaziv radioloq İlqar Hüseynov da qaçıb gizlənib. Tapa bilmirik ki, sözümüzü deyək. Xəstəxanadan heç kim çıxıb bir söz demir bizə".
 
Məsələ ilə bağlı İ. Hüseynovdan açıqlama almağa çalışsaq da, telefon zənglərimizə cavab vermədi.
 
Xatırladaq ki, Ayşən Mirzəyeva noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb. Proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb.

-----------

13:48

Bakıda "Grand Hospital"da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından 20 yaşlı qız komaya düşüb.
 
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 30-da qeydə alınıb. Belə ki, damarın hemangioması diaqnozu ilə xəstəxanaya aparılan 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevaya anju olunub. Xəstəxanada çalışan invaziv radioloq İlqar Hüseynov qızın ailəsinə göz qapağının altında olan ləkənin aparılması üçün əməliyyat lazım olduğunu deyib. Həkim həmin hissəyə gedən damarın bağlanılacağını, bununla da problemin həll olunacağını bildirib. Lakin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib və orada ilişib qalıb. Bu isə Ayşənin komaya düşməsinə səbəb olub. Həkimlər qızın sağalacağına ümid etmirlər. 

A.Mirzəyevanın atası Əlimusa Mirzəyev məsələ ilə bağlı bildirib ki, xəstəxana heyəti qızın komaya düşdüyünü ailəsindən gizlədib: "Hadisə ayın 30-da olub. Lakin bizdən gizlədirdilər. Deyəndə ki, niyə uşağı görə bilmirik, deyirdilər, boğazının altında problem yaranıb, həll olunur. Daha onun komada olduğunu demirdilər. Görünən odur ki, işin üstünün açılmasından qorxublar və bizə demədən özləri həll etmək istəyiblər. Bacarmadıqda isə məcbur olub açıqlayıblar". 

Ə.Mirzəyev qızının əməliyyatı üçün həkimin 6400 manat pul istədiyini bildirib: "Qızımı həkimə gətirəndə dedilər ki, sadə əməliyyatdır, heç bir həyati təhlükəsi ola bilməz. Əməliyyat xərcinə gəldikdə isə 6400 manat pul istədilər. Biz də razılaşdıq və öncədən 3150 manat ödədim. Mən hardan bilərdim ki, başımıza belə bir oyun açacaqlar?!"

Baş həkim Həbib Yüzbaşov da danışmağa vaxtının olmadığını bildirib.

İlqar Hüseynov medicina.az-la əlaqə saxlayaraq bildirib ki, hansısa tibbi hadisədə həkim səhvinin olub-olmadığını adi vətəndaş təsbit edə bilməz. Həkim A.Mirzəyevanın beyninə yad materialın getməsində öz səhvinin olduğunu isə nə təkzib edib, nə də təsdiq.

İlqar Hüseynovun açıqlamasını olduğu kimi təqdim edirik:

"Həkim səhvi belə bir şeydir ki, adi vətəndaş təsbit edə bilməz və ya başqa qeyri-ixtisas sahibi bu haqda nə isə deyə bilməz. Ona görə həkim səhvi söz birləşməsi olsa da, bunu təsbit etmək onların səlahiyyətində deyil. Ailədən gizlədilmə olmayıb. Qız reanimasiyada olsa belə, ailə övladlarının yanına buraxılıb. Bunlar ciddi məsələlərdir və telefon vasitəsilə bir cümlə ilə ifadə etmək çətin məsələdir. Şablon olaraq deməyim ki, hadisənin baş verməsi mənlik deyil, indi bu haqda heç nə deyə bilmərəm. Adi diş çıxarılması zamanı da ağrıkəsicinin təsiri altında insan komaya düşə bilər. Hazırda müalicəsi davam etdirilir. Sağala bilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.