Ölkə

MTN generalı Eldar Mahmudovun şok cinayətini açıqladı - YENİLƏNİB

24 Noyabr 2017 14:29
1 Şərh     Baxış: 7 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:29

Prosesdə general E.Quliyev və polkovnik A.Mehdiyevin vəkilləri çıxış edərək müvəkkillərinin günahsız olduğunu deyiblər və onlara bəraət verilməsini istəyiblər. Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, E.Quliyev isə keçmiş nazir Eldar Mahmudov haqda sensasion fakt açıqlayıb: "Mənim heç bir günahım yoxdur. Mətləb Mustafayevin həbs edilməsi üçün Eldar Mahmudov öncədən prokurorluqla razılaşmışdı, ondan sonra Mətləbin mənzilinə tapança qoyuldu. Mətləbin istintaqını mən aparsam da, onun həbsinin sifarişini Eldar Mahmudov verib, prokurorluq isə həbs edib".

M.Mustafayev də deyib ki, ötən prosesdə E.Quliyev ifadəsində nazir E.Mahmudovun onunla görüşə cəhd etdiyini bildirib: "Eldar Mahmudov vəzifədən azad olunandan sonra Elçin Quliyevlə məxfi yollarla görüşmək istəyib, lakin Elçin razılaşmayıb. Elçin Quliyev çıxışında İlqarın ona zəng edərək vəkil istədiyini də dedi".

Proses noyabrın 27-də davam etdiriləcək.

---------

13:32

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayorElçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslərdən Mətləb Mustafayevin vəkili Adəm Məmmədov çıxış edib. O, mülki iddianı müdafiə etdiklərini və prokurorun çıxışı ilə razı olduqlarını deyib.

E. Quliyev deyib ki, hüquqlarını canı, qanı bahasına da olsa, son kimi müdafiə edəcək. 

Sonra E. Quliyevin vəkili çıxış edib və bəraət hökmünün çıxarılmasını istəyib.

-----------

13:12

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən zərərçəkmiş Xalıq Sadıxovun vəkili Adəm Məmmədov mülki iddialarının təmin olunmasını istədiyini bildirib və prokurorun tələb etdiyi cəza ilə razı olduğunu deyib.

Digər zərərçəkmişlər də mülki iddialarının təmin olunmasını istəyiblər.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxışa başlayıb.

Xatırladaq ki, ötən prosesdə prokuror çıxışında E.Quliyevin 15 il, A.Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Eyni zamanda, onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsi də təklif edilib. Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən E.Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiasının, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərin də mülki iddiasının təmin olunmasını tələb edib.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.