Ölkə

Yeni cərimə - 700 manat

14 Noyabr 2017 12:33
Baxış: 6 729

"Biz indiyə qədər bu cəriməni etməmişik. Amma indi dövlət qulluqçularının reyestrinin aktuallığının vaxtında təmin edilməməsi hallarına görə məsul şəxsləri 400 manatdan 700 manata qədər cərimələməyə məcbur olacağıq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) icraçı Vəfadar Misirov dövlət qulluğuna qəbula dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dövlət orqanları özlərinin reyestrinin aparılması üçün məsul şəxslər təyin edirlər: "Dövlət qulluqçularının reyetstri internet üzərindən işlənilir. İstənilən orqan oradakı məlumatları yeniləməyə borcludur. Bu reyetsrin aktuallığını təmin etməyən məsul şəxslər cərimələnəcəklər".

V.Misirov qeyd edib ki, DİM Prezident Administrasiyası ilə birgə dövlət qulluqçularının reyestri adlanan informasiya sisteminin idarə edilməsi ilə məşğuldur: "Ötən müddət ərzində 30 minə yaxın dövlət orqanı işçisi haqqında məlumatlar oraya daxil edilir. Dövlət orqanlardakı vakant vəzifələr hər an DİM-də onlayn formada görünür. Dövlət orqanları bu reyestri normal şəkildə idarə edirlərsə, bu məlumatlar aktual olur. Lakin müəyyən dövlət orqanları dövlət qulluqçularının reyestrinin aktuallığını təmin edə bilmirlər. Bununla bağlı həmin dövlət qurumları ilə DİM arasında danışıqlar gedir və işlər sürətləndirilir".

V.Misirov qeyd edib ki, müəyyən dövlət orqanlarının bu məsələ ilə bağlı ləngimələri DİM-in vakant dövlət qulluğu vəzifələrini onlayn şəklində görə biməməsinə gətirib çıxarır. Bu isə vakant yerlərin müsabiqəyə çıxarılmasında problemlər yaradır: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində reyestrin aparılması ilə bağlı işlər görülsə də, bu işlər tam yerinə yetirilmir. Hesab edirəm ki, bu işlər yaxın vaxtlarda sürətləndiriləcək. Reyestrdə olan məlumata görə, adıçəkilən nazirlikdə 1400-dən artıq vakant vəzifə var. Təhsil Nazirliyində dövlət qulluğu üzrə 300-dən artıq vakant yer var. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bizə 100-dən artıq vakant yer təqdim etsə də, onlarda bundan əlavə 100-dən artıq yer yenə də qalıb. Dövlət qurumları ilə bağlı siyahını daha da artırmaq olar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.