Ölkə

"Biabırçılıqdır - Söhbət heç kimin ağzının bağlanmasından, "skotç"lanmasından getmir"

21 Oktyabr 2017 07:00
21 Şərh     Baxış: 11 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış ekspert sükan arxasında söhbətə görə cərimə məsələsini lağa çevirənləri tənqid edib.

"Sürücülərin avtomobildə diqqəti yayındıracaq söhbətə və hərəkətlərə görə yol polisi tərəfindən cərimə edilməsi ilə bağlı məsələnin bu qədər şişirdilməsi və müzakirə mövzusuna çevrilməsi təəssüf doğurur".

Bunu Milli.Az-a açıqlamasında yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.



Onun sözlərinə görə, ümumiyyətlə, bu mövzunu müzakirə etmək lüzumsuz, hətta biabırçılıqdır: "Çox təəssüf edirəm ki, belə bir cılız məsələ bu qədər ictimai marağa səbəb olub. Bunu kimlərsə atırlar ortalığa, sonra da lağ edirlər. Axı burda müzakirə olunası heç nə yoxdur. Bu məsələ cəmiyyətimizin bir qisminin lazımsız şeylərin dalınca qaçmasını göstərən bir şeydir".

Ekspert qeyd edib ki, əslində burda yeni heç bir şey yoxdur: "Bununla bağlı nə təzə qəbul olunan qanun var, nə qayda var, nə də yeni bir cərimə. Köhnə şeydir. Hələ Sovet dövründən belədir ki, avtomobili sürən adamın bütün diqqəti yolda olmalıdır ki, nə öldürməsin, nə də ölməsin. Bu o deməkdir ki, sərxoş, xəstə vəziyyətdə, sürücülük hüququ olmadan, əldə telefonla danışaraq, sükan arxasında olarkən diqqətini yayındıra bilən söhbət edərək maşın sürmək olmaz.



Özü də məsələ sadəcə söhbətdən yox, diqqəti yayındıran söhbətdən gedir. Yəni bəzilərinin yazıb lağa qoyduğu kimi, heç kimin ağzının bağladılmasından, "skotç"lanmasından danışılmır. Məsələ nəqliyyat vasitəsinə nəzarətin zəifləməsinə, təhlükəyə gətirib çıxara biləcək söhbətlərlə, ciddi təhlükəyə səbəb ola biləcək hərəkətlərlə bağlıdır. Bəli, bu cür hərəkətlərə görə qanunvericilikdə çoxdan cərimə nəzərdə tutulur. Danışılanlar bəlkə də ən azı 50 ildir ki var. Mən deyərdim ki, bu cərimə Azərbaycan təcrübəsində heç Sovet dövründən bəri kiməsə tətbiq olunmayıb".

Çünki təcrübədə hərəkət vaxtı diqqəti yayındıran söhbətdə iştirak etməyə görə məsuliyyətə tətbiq etmək demək olar ki, mümkün deyil:

"Çünki əvvəla, bunu qeydə almaq mümkün deyil. İkincisi, söhbətin xarakterini, yəni onun diqqəti yayındıran olmasını müəyyən etməyin heç bir meyarı yoxdur. Ona görə də sükan arxasında şirin söhbət də etmək olar, işgüzar müzakirə də aparmaq olar, nağıl da danışmaq olar. Heç bir problem yoxdur. Sadəcə diqqətli olmaq, qaydalara hər yerdə və hər vaxt riayət etmək lazımdır".

Qeyd edək ki, artıq 2 gündür ki, xüsusən də, sosial şəbəkələrdə sükan arxasında diqqəti yayındıracaq söhbət və hərəkətlərə görə sürücülərin 40 manat cərimələnəcəyi ilə bağlı məlumat süni şəkildə şişirdilərək geniş müzakirə və hətta məsxərə obyektinə çevrilib.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.