Ölkə

“Yayda üstü açıq oturan xanımları çəkib deyirlər ki, pul ver” - VİDEO

16 Oktyabr 2017 13:13
0 Şərh     Baxış: 2 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hüquq elmləri doktoru, politoloq Fərhad Mehdiyev qafqazinfo-ya müsahibə verib.

Milli.Az müsahibəni təqdim edir: 

- Müsahibədən əvvəl bir sıra insanların öz problemləri ilə bağlı sizə müraciət etdiyini dediniz. Maraqlıdır ki, müştərilər ən çox hansı şikayətlərlə bağlı sizə müraciət edirlər?

- İnsanlar hüquqşünasların yanına çox ciddi problemlərlə gəlirlər. Çünki onların maddi gəliri azdır. Buna görə də ən axırıncı yol olaraq bizim yanımıza gəlirlər. Çalışırlar ki, hüquqşünasın yanına getmədən tanışla, xahişlə, minnətlə problemi həll etsinlər. Bu yollar alınmayanda isə artıq hüquqşünasın yanına gəlirlər. 

Bizə əsasən boşanmadan sonra yaranan əmlak bölgüsü problemi ilə bağlı müraciət edilir. Boşanmaq bizim ölkədə çətin deyil. Amma Avropada boşanmaq problemdir. Çünki tərəflərdən biri haqsız olanda qarşı tərəf mənəvi təzminat istəyə bilir. Məsələn, xəyanət hallarında və ya səbəbsiz yerə boşandıqda. Postsovet ölkələrində isə belə hal yoxdur. Tərəflərdən biri boşanmaq istəsə mənəvi zərəri tələb etmək mümkün deyil. Hakim də onlara 3 aya qədər vaxt verir, əgər barışmasalar, onları boşamağa məcburdur. 

Amma əmlak bölgüsü ilə bağlı sıxıntılar yaşanır. Bunlar Mülki Məcəllənin 228-ci maddəsinin 5-ci hissəsi ilə tənzimlənir. Xüsusilə 2000-ci ilə qədər olan evliliklərdə bu məsələ bir qədər sıxıntılıdır. Yeni Mənzil Məcəlləsinin tələbləri isə 2010-cu ildən nəzərə alınır. 

Daha sonra bilirsiniz ki, azərbaycanlılar sənədləşmə işlərini sevmirlər. Bir çox hallarda borc alıb verəndə heç bir sənəd tələb etmirlər.  Ona görə də borcunu geri almağın yolları barədə müraciət edirlər. 

Dələduzluq halları həddindən artıq çoxdur. Kimsə şəbəkə network açır və dələduzluqla məşğul olur. 

- Azərbaycanda boşanma hallarının sayı çoxalıb. Necə düşünürsünüz, bunun qarşısını almaq üçün bizdə də Avropadakı kimi qanunların sərtləşdirilməlisinə ehtiyac varmı?

- Evlənməyə, boşanmağa birmənalı cavab vermək çətindir. Mən indi klassik yanaşamadan danışacağam. Bilirsiniz ki, LGBT məsələsi getdikcə gündəmi zəbt edir və onlar uğur qazanırlar. Əvvəllər LGBT-lərin evlilikləri, onların övladlığa uşaq  götürmək hüquqları tanınmırdı. Bunların bir çox hallarda öz övladları ola bilmir. İndi isə bu məsələlər qanuniləşir. 

Amma klassik yanaşma belədir ki, ailələr boşanmamalıdır. Mən özüm də bunun tərəfdarıyam. Uşaqlar analı-atalı böyüməlidir. Həqiqətən görürsünüz ki, bir uşağın anası və ya atası olmayanda həmin uşaqda psixoloji problemlər yaranır.

Ola bilsin ki, postmodern cəmiyyətdə bu olmayacaq. Ancaq indi uşaq istəyir ki, anası da, atası da yanında olsun. Onları yan-yana görməyəndə kompleksə girirlər. Bu da uşağın xasiyyətində özünü büruzə verir.  Belə ki, uşaq məktəbə gedir, kimisə atasıyla birgə görür və deyir ki, mənim atam hardadır? 

Ola bilsin ki, zamanla uşaqlar ata istəməyəcəklər. 

Amma siz Azərbaycanda boşanma prosesini çətinləşdirsəniz, əmlak bölgüsü ilə bağlı problem çıxanda Avropadakı kimi insanlar nikaha girməyəcək. Bizdə boşanmaq çətin deyil deyə insanlar rahat ailə qururlar. Mənim  qənaətim odur ki, boşanma prosedur olaraq çətin olmamalıdır.  

Daha sonra, ana intiqam almaq üçün uşağı ataya göstərmir. Ata  da bu səfər aliment ödəmir. Bu zaman da arada qalan uşaqlar olur. Təzəlikcə bizə biri müraciət etmişdi. Boşanıb, amma qadın kişiyə uşaqları göstərmir. Həmin qadını axtarmadığımız yer qalmadı. Polis qadını axtarışa da verdi. Ən sonda Daxili işlər nazirinin adına təcili olaraq bir neçə məktub yazdıq. Məktublara reaksiya oldu. Qızı tapıb gətirdilər, uşaqları da ataya göstərdilər.

- Harda gizlənmişdilər? 

- Bakıda idilər, bir yerdə gizlənmişdilər. Polis qadının boynuna öhdəlik qoydu ki, belə şeydən əl çəksin. Əks halda, cinayət məsuliyyətinə cəlb olunacaq. 

Bizim bir tanış xanım var idi. O, ingilislə ailə qurdu və İngiltərəyə köçdü. Ailə qurduğu kişinin köhnə arvadıyla münasibəti var idi. Bu qadın da problem çıxarırdı ki, niyə köhnə yoldaşınla danışırsan, zənglərinə cavab verirsən və s. Halbuki ortaq uşaqları var idi. Axırda o da başa düşdü ki, bu, Avropa mədəniyyətidir, orada insanlar boşanırlar, amma sonra bir-birlərinə düşmən kəsilmirlər.

- Sizin vəkillik hüququnuz əlinizdən alınıb. Belə olanda hüquqi tərəfdən hansı çətinliklərlə qarşılaşırsınız?

- Məhkəmədə cinayət işlərinə çıxa, bir də kassasiya şikayəti verə bilmirsən. Düzdür, cinayət işləri mənim elə də çox xoşuma gələn işlər deyil. Bu günlərdə zərərçəkmiş bir şəxsin nümayəndəsi kimi bir nəfəri tutdurduq. 21 yaşında oğlandır. Dekabr ayında evlənib. Adamın o gəncə həqiqətən yazığı gəlir, ancaq cinayətkardır. İlk dəfə cinayət törədib. Ona görə fikirləşirsən ki, cinayət işləri götürməyəsən.  Buna baxmayaraq  cinayət törədən şəxs bütün hallarda tutulmalıdır. 

- Bayaq dələduzluq məsələsinə toxundunuz.  Dələduzluğa ən çox kimlər məruz qalır? 

- Ən çox dələduzluğu oğlanlar edir. Bunu da sosial şəbəkələr vasitəsilə həyata keçirirlər. Oğlanlar qızlardan ən çox şəkil istəyirlər. Və yaxud danışıq zamanı qıza şəkil göndərir. Qız da linki açan kimi kompüterinə virus düşür. Kamera da həmin dəqiqə aktivləşir. Xanım da yay vaxtıdır, üstü açıq geyimdə evdə oturub. Şəkillərini çəkirlər, sonra deyirlər ki, pul verməsən, şəkilləri yayacağıq. Bəziləri məhkəmələrə qədər gedib çıxır, bəzilərini yerindəcə həll edirik. Ümumiyyətlə, hüquqşünaslıq işi həmişə məhkəməlik olmamalıdır. O, çalışmalıdır ki, tərəflər arasında barışıq əldə etsin. O zaman problem böyümədən həll olunur. 

- Elə hallar da olur ki, müştərilər öz vəkillərinə inanmırlar...

- Bizdə yüksək səviyyədə xəyanət xofu var. Bu, bizə necə gəlib düşüb? Mən hesab edirəm ki, böyük ehtimalla ruslar imperiya dövründə xalqı daha rahat idarə etmək üçün öz xəfiyyələri vasitəsilə kimlərinsə satqın olması barədə  ruh aşılayıblar. Çünki rəqib düşərgədə insanlar bir-birinə etimad etməyəndə o düşərgəni dağıtmaq daha rahat olur. Çünki motivasiyaları aşağı olur. Bizim xalqımızda da o ruh kifayət qədər yüksəkdir. Bu, ona gətirib çıxarıb ki, bir çox hallarda müştərilər öz hüquqşünaslarından şübhələnirlər ki, mənim hüquqşünasım qarşı tərəflə sövdələşəməyə gedib və mənə satqınlıq edib. Ondan pul aldığına görə mən məhkəmədə uduzmuşam. Bu hal insanlarımız arasında çox yayğındır. Uduzanların 75 faizi deyir ki, vəkili özünü qəribə aparırdı. Yəni demək istəyirdi ki, qarşı tərəfə işləyir. Halbuki belə deyil. Vəkil qanunu bilir, təxmin edir ki, əslində hüquq tamamən onun müştərisinin tərəfində deyil. Bunu başa salanda müştərilər inciyirlər. Axı mən sənin tərəfini necə tutum? Tərəf tutmağın da müəyyən  hədləri var. O hədlərdən kənara çıxmaq mümkün deyil, bunu çox vaxt başa düşmürlər. 

- Bəs uşaqların zorakılığa məruz qalması ilə bağlı ailələr sizə müraciət edir? Qeyd edim ki, bu mövzuda məsələ daha da böyüyəndən sonra hadisələr gün üzünə çıxır, buna kimi analar daha çox qınaqdan, yoldaşını itirməkdən qorxurlar deyə hadisəni gizlətməyə üstünlük verirlər...

- Bu mövzu ilə bağlı mənə şəxsən müraciət olunmayıb. Ancaq özü ərindən zorakılıq görən qadınlar bizə müraciət ediblər. Mən də onları çox vaxt barışmağa sövq etmişəm. Baxmışam ki, bunlar artıq tamamilə boşanma səviyyəsinə gəliblər, ya yox? Hiss edəndə ki, cütlüklər arasında birgə həyatı davam etdirmək ümidi hardasa var, mən onlara təklif etmişəm ki, barışsınlar. Burada biznesdə olduğu kimi müştəri məmnuniyyətini əsas götürmək lazımdır. Elə vaxtlar olur ki, biz müştərilərə pulsuz məsləhət  veririk. Pulsuz apardığımız işlər də var. 

- Müştərilərə göstərdiyiniz pullu xidmətin maksimal həddi varmı? 

- Azərbaycanda hüquqi xidmətlərə görə çox pul ödənilmir. Bir hüquqşünas 300 manat pul ala bilər. Amma bunun əvəzində 8-9 ay həmin müştəri üçün işləyəcək. Bizim işimizin 30 faizi xeyriyyədir. Yanımıza gələn insanların çoxu ikinci dəfə gəlmirlər. Gəlib pulsuz məsləhət alıb gedirlər. 

- Siz hüquq elmləri üzrə professorsuz. İnzibati hüquq sahəsinin bilicisiniz. Həmçinin, politoloq kimi də çıxış edirsiniz. Öz sahənizi gözəl bilirsiniz, siyasi şərhlərinizə də bir şey deyə bilmərəm. Amma bizdə  çox yayılmış bir haldır ki, hamı hər şeydən bilsə də, bilməsə də danışır. Yalnız hüquq sahəsi ilə məşğul olmağınız doğru olmazmı?

- Latınca "delegue lata" (olandır), "delegue ferenda" (nə olmalıdır?) kimi sözlər var. Əslində, cəmiyyətdə ziyalılar, hüquq alimləri ictimai məsələlərə rəy bildirməlidir. Politoloji məsələlərə fikir bildirmək məsələsinə gəlincə, mən publik hüquq üzrə doktoram. Bu, dövlət hüququdur. Onun konstitusiya hüququ siyasətlə bağlıdır. Politologiyaya aid bağım hardasa ondan irəli gəlir. Xarici səfərlərə tez-tez gedib gəldiyim üçün mənə müraciət edirlər. Mən eyni zamanda beynəlxalq hüquq  üzrə professoram. Ona görə də beynəlxalq hüquq, publik hüquq bir-birinə qarışanda müxtəlif məsələlərdə fikrimi alıblar. Mən də işin nəzəriyyəsini demişəm. İnandırım sizi ki, dediyim fikirlərin bir çoxunun da ziyanını çəkmişəm. Hələ bu gün də çəkirəm. Bir çox insan siyasi səbəblərdən dolayı yolla bunu demir. Elm bir çox şeylərin cavabını dəqiq deyir. Məsələn, qatı mərkəzdən idarəetmə yaxşıdır, ya deyil? Bu sualı iki yerə bölərsiniz. Bu balaca dövlətlərdə özünü necə büruzə verir, böyük  dövlətlərdə necə olur? Böyük dövlətlərdə yüz faiz yaxşı şey deyil. Çünki bu xidmətlərin icrasını gecikdirir, bahalaşdırır, keyfiyyətini aşağı salır. SSRİ-nin dağılmasının səbəbi bu idi. Qarabağda bir fermanın nə qədər süd verəcəyini əvvəlcədən təsdiqləyirdilər. Halbuki bunu əvvəlcədən hesablamaq, təyin etmək çox çətindir. Bəs balaca ölkədə bu alınarmı? Əgər siz keyffiyyətli, effektiv, o pula dəyən miqdarda idarəçilik sistemi istəyirsinizsə, bu zaman mərkəzdən idarəetməni yerlərə yaymağa məcbursunuz. 

- Bir müddət əvvəl Azərbaycanı tərk edəcəyinizi demişdiniz. Bəs necə oldu ki, qalmalı oldunuz? Tərk etmək asan idimi, yoxsa qalmaq çətin idi? 

- Yaxşı sualdır. Buna cavabı bir çox insan hər gün fikirləşir, mən özüm də hər gün bunu fikirləşirəm. Tərk etməyin öz çətinlikləri var. Hazırda elə yol seçmişəm ki, ilin 1-2 ayını xaricdə keçirirəm. Məndə elə hiss var ki, həm oralı, həm də buralıyam. Bu günlərdə orta məktəbdə yazdığım bir xatirə dəftəri əlimə keçdi. Baxdım ki, əslində o vaxtdan bəri çox dəyişməmişəm. Həmişə ictimai insan olmuşam. Mən mənə ehtiyac olan yerdə yaşamaq istəyirəm. Öz-özümə fikirləşirəm ki, dost-tanış Amerikaya, Almaniyaya filan  çıxıb gedir. Bu, adamı qıcıqlandırır. İstirahət şəkillərini filan qoyurlar. Adam da fikirləşir ki, mənim onlardan nəyim əskikdir? Ancaq kef etməyin də öz vaxtı var. İnsan işləməlidir və faydalı olmalıdır. Müəyyən yaşdan sonra ölkəni tərk etməyin ciddi çətinlikləri var. Ailə faktoru, yaşlı anan var. Onu mən qoyub hara gedəcəyəm? Ana da xüsusilə oğlan övladları üçün böyük varlıqdır. Valideynlər yaşlaşır. Bütün bu faktorlar birləşəndə axırda sənin qərarına təsir göstərir və sən köçmürsən. Mənə 2012- ci ildə "Green card" çıxmışdı, amma getmədim. Soruşurlar ki, 2012- ci ildə niyə getmədiz? Mən də cavab verirəm ki, adam başqa  vaxt deyir ki, gedim, amma  real şans olandan sonra deyirsən ki, yox, getmirəm. Ola bilsin ki, burada cəsarətsizlik var. 

- Onda belə çıxır ki, sizin kimi ictimai bir şəxs ölkəni tərk etməklə bağlı açıqlamasını tez-tələsik, düşünmədən vermişdi... 

- Mən 2015-ci ildə burdan getdim. 1 il Türkiyədə yaşadım, işlədim. Hüquq nəzəriyyəsi ilə bağlı bir kitab yazdım. Kitabın üzərində 4 il işləmişəm. Sadəcə onu çap etmək üçün maliyyə axtarışındayam. Mənim  insan hüquqları, inzibati hüquqa dair kitablarım var. Ancaq onlar bu kitab qədər vacib deyil. Bu kitab təməli öyrədir. Əslində xaricdə univeristetlərdə  bu, çox bilinən şeylərdir. Amma bizdə SSRİ-dən qalma kitablardır və dili çox ağırdır. Ölkədə qalmağımın bir səbəbi də bu kitabı yazmaqla bağlıdır. Hiss edirəm ki, burada  daha çox lazımlıyam. 

Azərbaycanda gəlir çox pisdir, dolanmaq çətindir. Gördüyün işdən ya mənəvi, ya da maddi həzz almalısan. Heç birisi olmayanda fikirləşirsən ki, niyə burda qalım?!

- Nümayəndəlik institutu ləğv edilsə, vəziyyət necə olacaq?

- İndi məhkəmədə vəkil olmadan çıxış edə bilirsiniz. Türkiyədə nümayəndəlik deyə bir şey yoxdur. İşlərə vəkil çıxır. Ancaq orda hər 1000 nəfərə 1 vəkil düşür. Bizdə isə 10000 nəfərə bir vəkil düşür. Aradakı fərqə baxın. İkincisi, Azərbaycanda vəkillik institunun nə qədər müstəqil olması sual altındadır. Vəkillər Kollegiyası özünə vəkil seçməlidir, amma hələ də seçə  bilmir. Azər Tağıyevi neçə adam sevirdi ki? Amma yenə də sədr idi, heç kim ona  toxuna bilmirdi. Avropa Məhkəməsində Xalid Bağırova kommunikasiya keçirildi, ona görə də vəkillikdən çıxarıldı. Avropa Məhkəməsi onun haqqında qərar verəcək. Mən də öz işimi Avropa Məhkəməsinə verəcəyəm. Mənim işimdə vəkil kimi Səməd Rəhimov çıxmışdı. Səməd dedi ki, Müzəffər Baxışovu da absurd səbəblə vəkillikdən çıxarıblar. Amma sənin kimi daha absurd səbəblə kollegiyadan çıxarılan adam görməmişəm.

Əgər bundan sonra nümayəndəlik tamamilə ləğv olunsa vəkillər heç müstəqil ola bilməyəcəklər. 40 yaşında olan vəkil neynəyəcək? Onu da sizə deyim ki, hüquqşünaslar alverlə məşğul ola bilmirlər. Çünki ticarət risk götürməyi tələb  edir. Hüquqşünaslar isə rasionalist olur. Qətiyyən  riski sevmirlər. İndi bu adam neynəsin, küçələrə düşüb dilənsin?! Bəzi vəkillər deyə bilər ki, nümayəndəlik institunun ləğv edilməyi yaxşıdır. Amma əgər sən aşağı-yuxarı müstəqil vəkilsənsə, bugün-sabah səni də kollegiyadan atacaqlar, onda görüm neynəyəcəksən. 

Bundan əlavə, mülki hüquqda nümayəndəlik institutunu ləğv etmək çox çətindir. Hər bir insanın öz hüququ var ki, başqa insan vasitəsilə özünü təmsil etdirsin. Mən  bütün işləri özüm çatdırmaya bilərəm. Siz bunu etsəniz, ticari dövriyyənin qarşısını alırsınız. Qanunvericilik heç vaxt insanın biznes həyatının qarşısını ala bilməz. Mən məhkəməyə mütləq vəkillə çıxmağa məcbur deyiləm. Vəkillə müqavilə bağlayanda onun qiyməti 500-600 manatdan başlayır. Yazıq vəkil də onun 38 faizini dövlətə ödəyir. İndi mən yaşlı insanam, məhkəməyə də gedə bilmirəm, nümayəndə də tuta bilmirəm. Bir vəkili 600-700 manata necə tutum? 

- Sizi nə səbəbə kollegiyadan çıxarıblar? 

- Məni 5 il əvvəl olan şeylərə görə kollegiyadan çıxarıblar. 5 il əvvəl Xırdalan Kollegiyasına pul borcun olub, onu ödəməmisən. Kollegiyadan dərslərim çox olmuşdu deyə özüm çıxmışdım. Bərpa olundum, 1 həftə sonra çıxarıldım. Bərpa olunan zaman Xırdalan Kollegiyasının sədri də orda idi. Xeyir ola, mənə niyə orda demədi ki, sənin borcun var?! 3 il keçəndən sonra borcu istəmək mümkün deyil. Mən sizə açıq deyim, prokurorluqdan zəng edib məni çıxarıblar. Yoxsa Vəkillər Kollegiyası məni niyə çıxartsın ki? 

- Tikinti sahəsində bizdə çox ciddi problemlər var. Bir günün içində evsiz qala bilərsən. Yaxud ev aldığın şirkət müflis ola bilər, pis vəziyyətdə qala bilərsən.  İnsanların mülkü hüquqları ilə bağlı vəziyyət də yaxşı deyil...

- Misalla danışım. İndi Yasamal rayonunda beşmərtəbəli binalar sökülür. Onun yerində hündürmərtəbəli binalar tikiləcək. Bununla bağlı vətəndaşlar şikayət edirlər. Çox ciddi problemdir. Şirkət vətəndaşa müqavilə imzalatdırır. Ancaq həmin müqavilə üçün bank təminatı yoxdur. Mən tikintini həyata keçirəcək bir  şirkətin adına Vergilər Nazirliyinin reyestr xidmətində baxıram. Həmin şirkət ötən ilin noyabr ayında qurulub. Ancaq sərmayəsi cəmi 20 manatdır. Amma bu şirkət milyonluq işlər çevirir. Sabah bu şirkət iflas etsə, o vətəndaş çöldə qalacaq. Deməli, ona  dövlət zəmanət verməlidir, çünki dövlətin tapşırığı ilə həmin bina sökülüb. Əslində, müqavilədə bank təminatı olmalıdır. Şirkət öz xərclərini artırmamaq üçün bank zəmanətini vermir. Gələcək iqtisadi krisizin hansı şirkəti nə günə salacağını demək mümkün deyil. İkincisi, rayon icra hakimiyyətinin bu şirkəti necə seçməsi şəffaf deyil. Bu, tender yolu ilə olmalıdır. Amma edən yoxdur. 

Başqa problem, Şərifzadə küçəsindən dairəvi küçəyə bir yol açılmalıdır. Burada hardasa 100-ə yaxın  bir mərtəbəli həyət evi sökülməlidir. Maliyyəsi də çox deyil. Ancaq orda köhnə Yasamal hissəsində hündürmərtəbəli binalar tikirlər. Bir gün yol çəkməyə yer qalmayacaq. Bunu mən yox e, Hacıbala Abutalıbov düşünməlidir. Mən də indi istəyirəm ki, Bakı meri adına ərizə yazım. O, əlbəttə ki, mənə cavab da verməyəcək. Ondan sonra gərək 1 saylı İnzibati Məhkəməyə müraciət edim, onlardan cavab alım ki, Bakı şəhərinin Baş Planına o yolu salıblar, yoxsa yox. 

- Elə bu baxımdan yanaşdıqda millət kimi əskik qalma cəhətlərimizdən biri kimi yaradıcılıq ruhumuzun olmadığını  vurğulayırsınız. Bu aspektdənmi yaradıcılığı nəzərdə tutursunuz? Adətən, bizdə belə bir kəlmə var ki, daha çox sökməyi bacaran millətik...

- Mən yaradıcılığın nə olduğunu Amerikada keçirdiyim illərdə başa düşdüm. Orada 6 dəfə olmuşam. İki dəfə uzun müddət qalmışam. Qalan müddətlər isə qısa olub. Orada bir taylandlı tələbə ilə görüşdüm. Çox düşüncəli idi. Dedi ki, müəllim ona tapşırıq verib ki, stolüstü lampa düzəltməlidir. Amma bu, elə bir lampa olmalıdır ki, indiyə kimi istehsalatda olmasın. Bunu deyəndən sonra mən başa düşdüm ki, amerikanlıların təhsil sistemi insanı yaradıcılığa yönəldir. Onlar səndən əzbər heç nə soruşmur. Mən Bakı Dövlət Universiteteində dərs demişəm. Bizdə imtahan sistemi biletdir, əzbərləyirsən, gəlib onu danışırsan. Bu sistemlə insana yaradıcılıq öyrətmək olar? Bakalavr təhsilimi Türkiyədə almışam. Bizə əzbərləməyi öyrətmirdilər. Məhkəmə qərarı verirdilər ki, get, bunu təhlil et. Bu təhlilçi düşüncə tərzidir. Mən oxuyanda belə idi, indi necə olduğunu bilmirəm. Amma bu da yaradıcılıq deyil. Ancaq amerikanlılar yaradıcı düşünür. Çünki onlar yaradıcı olmağa məcburdurlar. Yoxsa iş tapa bilməzlər. Mən incəsənətdə olan yaradıcılıqdan yox, xidmətlərdəki yaradıcılıqdan danışaram. Görürsünüz, nə gözəl maşınlar çıxardırlar. Ruslarda ümumiyyətlə yaradıcılıq yoxdur. "LADA" indiyə kimi nə çirkin maşınlar çıxarır. Bunu da uşaqlara balacalıqdan öyrətmək lazımdır. Uşaq səhv edəndə onu başından vurmazlar. Səhv edə-edə bir gün düz etməyi öyrənəcək. 

Bundan əlavə, bizdə Azərbaycanda elmi ədəbiyyat yazmaq çətindir. Bunu heç kim yazmaq istəmir. Çünki bunun üçün pul verilmir. Həm də tənqidçi yoxdur ki, kiminsə kitabını tənqid etsin. Halbuki kim nə yazırsa yazsın, demək lazımdır ki, yazsın, 10-u pis olsa da, 11-cisi yaxşı olacaq. Biz səhv etməkdən qorxan insanlarıq. 

- Baxın, məsələn, Elza Seyidcahan şeir yazır, həmişə də tənqid olunur, hətta bir gün yaxşı yazsa da yenə də gözə görünməyəcək. Çünki artıq pis yazan biri kimi yaddaşalara hopub...

- Onun elədiyi heç nəyi şəxsən bəyənmirəm. Məsələn, saç şəklini bəyənmirəm. Amma onun elədiklərinə müsbət yanaşıram. Düzdür, hələ ki, yaxşı bir iş  ortaya qoya bilməyib. Amma ümid edək ki, nəsə ortaya qoya biləcək. Biz cəhdlərin qarşısını heç bir sahədə almamalıyıq. 

- Siz övladlarınızı dediyiniz yaradıcılıq ruhunda böyüdürsünüz? 

- Mənim 3 övladım var. Çalışıram ki, onlarda yaradıcılıq ruhunu inkişaf etdirim. İki qızım yaradıcıdır. Oğlum isə yox. Oğlandır da, özünüz bilirsiniz. Məsələn, bu günlərdə məktəbə onun problemlərini həll etməyə getmişdim. Dalaşqandır. Oğlum məktəbdə dalaşmışdı, kimisə söymüşdü, onu da döymüşdülər. Ona dedim ki, əcəb edib səni döyüblər. Söyəndə bilirsən ki, döyüləcəksən. Mən həmişə sənin yanında gəzməyəcəyəm. İnsana məsuliyyət hissini aşılamaq lazımdır. Sonra onlarda israfçılığın qarşısını alıram. Əgər otaqlarının işığını söndürməyiblərsə, verdiyim pulu geri alıram. Yaxud pulu onlara ödətdirirəm və bununla öyrənirlər ki, işığı boş yerə yandırmaq olmaz. Mənim atam camaatın yanında  mənə hörmətlə yanaşırdı, şəxsiyyət kimi formalaşmağımı istəyirdi. 

Uşaqlarım qətiyyən yerə zibil atmazlar. Deyirəm ki, yerə zibil atanlar ən əxlaqsız, əclaf adamdırlar. Çalışıram ki, görünüşləri baxımından yaxşı olsunlar. Onları turnikdən asdırıram ki, boyları uzun olsun. İndidən hədəf qoymuşam. Qızıma demişəm ki, sən həkim olacaqsan və xərçəng xəstəliyinin müalicəsi ilə bağlı iş görəcəksən. Oğluma demişəm ki, sən İT mütəxəssisi olacaqsan. Balaca qızıma hələ seçim etməmişəm. Amma sizə deyim ki, ən ağıllısı balaca qızımdır.

Mən ailədə oğlan qıza fərq qoymuram. Hətta qızlarımı daha çox istəyirəm. Məktəbdə siniflərdə görürəm ki, qızlar azdır, belə pis çıxmısan, hamı oğlan "peydahlayıb". Mənə çatmır ki, bu valideyn fikirləşmir ki, oğlu gələcəkdə özünə  haradan qız tapacaq? 

- Bilirsiniz ki, gələn il Azərbaycanda prezident seçkiləri olacaq. İndidən  həm daxili, həm də xarici siyasətdə bir sıra prosesləri görmək mümkündür. Azərbaycanı Avrasiya İttifaqına qoşmaq üçün Rusiyanın basqısı daha da artır. Basqı daha da dərinləşə bilərmi? 

- Rusiya o məsələdə bir şey edə bilməyəcək. Düzdür, Azərbaycanda idarəçiliyə təsir göstərən qüvvələr əslində bir deyil. O qüvvələrin içərisində ciddi şəkildə Rusiya yanlısı  olanlar var. Bu, Rusiya yanlısı olanlar ruslarla birlik istəyənlər demək deyil. Rusiya bizdə reformaları dəstəkləyən dövlət deyil. Azərbaycanda reformalar çox sürətlə yayılsa Rusiyadan daha da uzaqlaşacağıq. Məsələn, mən Mehdiyev Fərhad bir gün Azərbaycanın daxili və xarici siyasətini təyin edə bilsəydim, ölkə daxilində çox ciddi islahatlara gedərdim. Ancaq xaricdə Rusiya ilə münasibətləri çox da pozmazdım. "Rus ayısı" anlamı var və o, güc tətbiq edən dövlət mənasına gəlir. Siz nəsə də etsəniz, onlarla uzlaşmalı olacaqsınız. Əks halda, rusların nə edəcəyi bəlli olmaz. Amma ruslar fikirləşirlər ki, Azərbaycan öz keçmişində belə etməyib. Elçibəy zamanında bilirsiniz ki, Rusiya ilə əlaqələri qopartmışdıq. Bu, çox sərt siyasət idi. Ancaq Rusiyanı nəzərə almağa məcbursunuz, çünki düz üstünüzdədir. Aranızda başqa  bir dövlət də yoxdur. Ona görə də Rusiya bundan qorxur, o bilir ki, Elçibəy zamanında reformist hökumət olub və ondan üz çevirib. Rusiya isə düşünür ki, bu yerlər 200 il onun əsarətində olub. Biz də deyirik ki, Güney Azərbaycan bizimdir. Türklər deyir ki, Avropanın yarısı Osmanlı zamanında onların olub. 

Putinin bir sözü var ki, SSRİ-nin parçalanması böyük bir faciədir. Bununla əslində niyyətlərini ortaya qoyub. 

Mən seçki prosesinin gərgin olacağını hesab etmirəm. Düzdür, dediyim qüvvələrin sürtüşməsi prosesi davam edir. Burada əsas məsələ kimin namizəd olmasıdır. Əgər Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev olsa, məsələ gərgin keçməyəcək. 

- Hazırda Türkiyə ilə Amerika arasında viza probleminə görə böhran yaşanır. Ancaq məsələnin əsasən Kərkük referendumu  və Fətullah Gülənin təhvil verilməsi ilə bağlı olduğu hər kəsə aydındır. Türkiyə bu dəfə sonuna kimi mübarizə apara biləcəkmi? 

- Fətullah Güləni heç vaxt verməyəcəklər. Ekstradisiyanın qaydaları var və o, siyasi yox, hüquqi prosesdir. Siyasətçi deyə bilər ki, kimisə istəyir. Ədliyyə naziri siyasətçi olaraq deyə bilər ki, onu qaytarın. Amma o filankəsin vəkili dərhal məhkəməyə gedir. Və hüquqi proses başlayır. Nə edirsinizsə edin, Fətullah Gülənin ittiham olunduğu cinayət siyasidir. Siyasi cinayətkarları da vermirlər. Üstəgəl, Türkiyədə ciddi şəkildə işgəncə praktikaları var və getdikcə artır. Vudro Vilsonun Birinci Dünya müharibəsindən sonra Paris sülh konfransına gətirdiyi planda kürd dövlətinin yaradılması təklifi var idi. Dövlətlərin xarici siyasətləri birdən-birə dəyişmir. Hər nə qədər Amerika Senatı durub desə də ki, biz Kürdüstan referendumunu tanımırıq, bu, göz boyamaqdır. Əsas məsələ referendumu keçirmək idi. Onu da keçirdilər. İndi məsələni bir az zamana buraxıblar. Kürdüstan onsuz da de-fakto  müstəqil idi. Türkiyə bunu o zaman başa düşməli idi. Amma ən çox dəstəyi Bərzaniyə Türkiyə verib. İndi Türkiyə fikirləşib ki, onların neftini, qazını almasa başqa yolla satacaqlar. Ən yaxşısı özüm alım. Faktiki olaraq onlara kifayət qədər maliyyə dəstəyi veriblər.

Hazırda Türkiyə Bərzaniyə tam bir embarqo tətbiq etməlidir. Əgər bundan sonra Türkiyə oranın maşınlarının ölkəyə girməsinə icazə versə, diplomlarını tanısa bundan sonra Türkiyə oranı de-yure tanımış olacaq. Türkiyə bu məsələdə çox dirənə bilməyəcək. Bərzani də bu məsələdə geri addım atmayacaq. Gərginlik Amerika ilə Türkiyə arasında bir müddət davam edəcək, amma müharibəyə qədər gedib çıxmayacaq. Çünki iki dövlət arasında iqtisadi əlaqələr var. 

Amerikanın Yaxın Şərq siyasəti İsraili gücləndirməyə xidmət edir. Kürdüstan həmin zonada İsrailin tək etibarlı müttəfiqi olacaq. Plan isə bu şəkildə qalmayacaq. Çünki müstəqil Kürdüstan bu sərhədlər daxilində heç kimin işinə yaramır. Bu planın tamamlanması üçün Suriyanın şimalındakı kürd kontonları da birləşməlidir, dənizə çıxış olmalıdır. Yaxud İraq tamamilə parçalanmalıdır. Burada ən ağıllı iş ola bilər ki, İraq hökuməti Bərzaniyə hücuma keçsin və Türkiyə də İraq hökumətinə dəstək versin. Düzdür, Türkiyə  İdlibə gedib. Amma orada İŞİD- ə qarşı vuruşmaq üçün gedib. İdlibin daxilində nəzarəti türklər əldə saxlayır, şəhərin xaricinə isə ruslar nəzarət edir. Bir məsələdə Türkiyə ruslarla uzlaşıb siyasət apara bilər. Amma onlar da tarixən səhnədə rəqibdirlər. Türkiyə Rusiya ilə uzlaşmağa getməli olsa, onun ruslara verəcəyi ilk güzəşt Orta Asiya və Qafqazdır. Türkiyənin Orta Asiyada türk cümhuriyyətlərinə hər hansı iddiası varsa onlardan əl çəkməlidir. Bunu etməsi ağıllı addım olar. Çünki öz yaxınında olan bölgəyə nəzarət etmək daha vacibdir, nəinki uzaqda olana. 

- Tarix dərsliyində "Böyük Ermənistan" xəritəsi qalmaqalına görə çoxsaylı müzakirələr getdi. Ermənistan mətbuatı yazdı ki, sonunda Azərbaycan həqiqətləri dərk etdi. Kitab üçün məsuliyyət daşıyan bütün şəxslərin belə səhvə yol verməsi imicimiz üçün heç də yaxşı olmadı...

- Romada hər kəs Vatikana gedir. Vatikana gedən yolun üstündə iki dənə xəritə var. Çünki tarixləri fərqlidir. Orada "Böyük Ermənistan" sözü var. Mən özüm görmüşəm. Bir dənəsi hətta Qara dənizdən başlayır, Abşeron yarımadasına kimi uzanır. İndi bunu ermənilərin o xəritəyə necə yazdıqlarını deyə bilmərəm. Bəlkə də bunu Roma tarixçiləri yox, erməni lobbisi etdirib. Mən kitabda bu  faktın yazılmasını görməmişəm. Amma tarixdə Ermənistan adlı dövlətin adı keçir. Ermənilərin o zaman nə qədər əhalisi var idi ki, bu böyüklükdə coğrafiyaya hakim ola bilsinlər? Bir xalqın o qədər böyük əhalisi bu qədər azala bilərmi? Roma, Osmanlı böyük imperiyalar olub. İndi də əhalisi az deyil. Ermənilərin yaşadığı torpaqlar Şərqi Anadolu tərəfdədir, yəni Van bölgəsində. Oralar çöllük ərazilərdir. Əvvəllər insanların sayı az idi deyə, onlar yaşıllıq, torpağı əlverişli olan yerlərdə yaşayırdılar. Bu cür yerlərdə yaşamırdılar. İndi ermənilər də ola bilsin ki, bu çöllük əraziləri, ticarət yerlərindən uzaq əraziləri öz hakimiyyətləri altında saxlayıblar. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.