Ölkə

Azərbaycanda Ümumdünya Dağ Yəhudiləri Konqresinin yaradıcısı haqqında film çəkilib

26 Sentyabr 2017 16:05
17 Şərh     Baxış: 2 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Dağ Yəhudiləri Konqresinin yaradıcısı və ilk prezidenti Zaur Gilalovun xatirəsinə ithaf olunmuş sənədli film üzərində işlər artıq yekunlaşıb.

Milli.Az xəbər verir ki, filmdə ilk növbədə Azərbaycanda multikulturalizmin və tolerantlığın bariz nümunələrindən biri sayılan Qubanın "Qırmızı qəsəbə"sindən, onun tarixi, insanları və onların əsrlərlə qoruyub inkişaf etdirdikləri adət-ənənələrindən bəhs olunur.

Qurşumovlar həmin qəsəbənin parlaq nəsillərindən biri olub. Bu nəslin görkəmli nümayəndəsi Tahir Qurşumovun böyük oğlu Zaur Gilalov dağ yəhudilərinin dünyada tanıdılmasında müstəsna xidmətlər göstərib. Zaurun məktəb və gənclik illərinin dostları, onun atası və babasını tanıyan şəxslər, Zaur Gilalovun Ümumdünya Dağ Yəhudiləri Konqresini yaratmaq istiqamətində gördüyü işlər, onun planları haqqında xatirələrini bölüşürlər.

Dağ yəhudiliyinə konseptual yanaşmanın banisi sayılan Zaur Gilalov 5 mart 2004-cü il tarixində qətlə yetirilib. Onun cəmi 29 yaşı var idi. Oktyabrın 1-də isə o, 30 yaşını qeyd edəcəkdi. Sənədli film "Baharda solan ömür" adlanır. Coğrafiyası Azərbaycan, Rusiya və İsraili əhatə edir.

Qeyd edək ki, bu layihənin reallaşmasında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İsrailin Yoknem şəhərinin vitse-meri Roman Peres, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qut təşkilati və mənəvi dəstək göstəriblər. 

"Baharda solan ömür" filminin layihə rəhbəri və ideya müəllifi Emin Musavi, layihənin informasiya tərəfdaşı ASAN Radiodur.

"Baharda solan ömür" filmini yaxın günlərdə yerli telekanallarda və "Youtube" kanalında izləmək mümkün olacaq.

Qeyd edək ki, rəhmətlik Zaur Gilalov hazırda Moskvada yaşayan milyarder Akif Gilalovun qardaşıdır. 

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.