Ölkə

Azərbaycanda "ev dustağı" cəzası tətbiq edilə bilər

25 Sentyabr 2017 16:21
0 Şərh     Baxış: 3 159
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə Cinayət Məcəlləsinə yeni 52-1 maddəsinin (azadlığın məhdudlaşdırılması) əlavə edilməsi təklif olunur. Həmin maddəyə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.

Milli.Az xəbər verir ki, bununla bağlı məsələyə münasibət bildirən tanınmış hüquqşünas Ərşad Hüseynov əvvəllər ləğv edilmiş, hazırda isə yenidən qüvvəyə minməsi gözlənilən bu cəza növünün tətbiqi indi daha realdır:

"Cinayət Məcəlləsində bərpa olunan azadlığın məhdudlaşdırılması cəzası 2000-ci ildən var idi. 2011-ci ildə bu cəza ona görə ləğv edildi ki, onun çəkilməsi üçün real olaraq müəssisələr yox idi. İndi bərpa olunan cəzanın isə əvvəlkindən bir mühüm fərqi var. Belə məlum olur ki, bərpa olunacağı təqdirdə bu cəzaya məhkum olunanlar onu öz evlərində yaşamaqla cəza çəkəcəklər. Daha əvvəlki kimi, hansısa mücərrəd komendatura-filan olmayacaq. Bu məzmunda qəbul ediləcəyi təqdirdə azadlığın məhdudlaşdırılmasının təcrübədə real tətbiqi mümkün olacaq".

Ekspertin fikrincə, Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması cəzası bərpa olunacağı təqdirdə böyük ehtimalla cinayət xarakterli qəza törədən bəzi sürücülərə də tətbiq oluna bilər. Çünki 2011-ci ilədək bu cəza zərərçəkmişin sağlamlığına az ağır və ya ağır zərər vurulması ilə nəticələnən qəzada təqsirli olan sürücülər üçün nəzərdə tutlmuşdu.

Qeyd edək ki, Cinayət Məcəlləsinə əlavə edilməsi təklif olunan yeni 52-1 (azadlığın məhdudlaşdırılması) maddəsinə əsasən, 6 aydan 5 ilədək hesablanacaq azadlığın məhdudlaşdırılması cəzası cəzasına məhkum edilmiş şəxsə aşağıdakı tələblər qoyulur:

- yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

- elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;

- məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

- cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

Layihədə göstərilir ki, məhkəmə məhkum üçün aşağıdakı vəzifələri müəyyən edə bilər:

- kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;

- alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək.

Bildirilir ki, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə ilə hesablanır.

Layihənin yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.