Ölkə

Yeddigümbəz qəbiristanlığındakı türbələr dağılır - FOTO

25 Sentyabr 2017 14:41
1 Şərh     Baxış: 1 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı rayonunun cənubunda bir-birinə yaxın 4 qəbiristanlıq yerləşir: Yeddigümbəz, Şahxəndan, Qəriblər və Laləzar. 

Milli.Az xəbər verir ki, report həmin qəbiristanlıqlardan ən böyüyü və ən qədimindən - Yeddigümbəz kompleksindən reportaj hazırlayıb.

Yeddigümbəz kompleksinə "Yeddigümbəz" türbələri, qədim qəbirisitanlıq və yeni qəbiristanlıq daxildir. 

Qəbiristanlıq kompleksində mənzərə fərqlidi: burada qədim və yeni qəbirlərin sintezini müşahidə etmək olur. Yəni, qəbirlər qarışıqdı, ərazini yeni və köhnə qəbiristanlığa bölməyiblər, harada boş yer varsa orada yerli əhali dəfn edilir.

4-5 əsr yaşı olan qəbirlər

Qəbiristanlığın girişində ilk olaraq qədim qəbiristanlıqla rastlaşdıq, tarixi bəlkə də 4 əsr, 5 əsr əvvələ gedən qəbirlərin görünüşü çox maraqlıdır: qırılıb, yıxılıb amma bir-birinə söykənib ayaqda qalan, saat əqrəbi istiqamətində əyilən, amma yerə düşməyən, tən ortadan qırılan qəbir daşları...

Qeyd edim ki, 1704-cü ildə niderlandlı səyahətçi və yazıçı Kornelis de Bruy bu qəbiristanlığı ziyarət edib. Qeydlərində də bu abidənin daha qədim olduğunu vurğulayıb.

Xan ailəsinin dəfn olunduğu türbələr

Deyilənə görə, XVIII əsrin axırlarına, XIX əsrin əvvəllərinə aid abidələr əsasən xanların şəxsi ehtiyacları üçün tikdirdikləri binalardan ibarət olub. "Yeddigümbəz" türbələr kompleksinin yerində də əvvəllər qala olub, təxminən XVI-XVII əsrlərdə...

Hazırda "Yeddigümbəz" türbələrindən yalnız üçü tam salamat qalıb. Biri tamamilə, digər üçü isə qismən dağılıb...

Türbələrin hamısının içində qədim qəbirlər var. Birinin içərisində 6, digərində 5, bir neçəsində 4, ikisində 3 qəbir var.

Deyilənə görə, bu qəbirlər Şamaxı hakimi Mustafa xanın ailə üzvlərinə məxsusdur. Türbələrdən birinin üzərində onun 1810-cu ildə memar ustad Tağının Mustafa xanın anası üçün tikdiyi yazılıb.

Səkkizbucaqlı Yeddigümbəz türbələri

"Yeddigümbəz" türbələrinin hündürlüyü 5 metr, içərilərinin sahəsi isə hamısında eynidir, yəni 4x4 metrdir.

Yeddigümbəz türbələri Azərbaycanın səkkizbucaqlı türbələri qrupuna daxildir. Lakin burada türbələrin yuxarı hissəsi piramida şəkilli çadırvari gümbəzlə deyil, adi gümbəzlə örtülüb. Salamat qalan türbələrin gümbəzlərində isə ot-ələf bitib, bu isə abidəyə fərqli görünüş verir.

Müxbir: Aynur Osmanqızı (Bakı-Şamaxı-Bakı)

P.S. Günü-gündən dağılıb tökülən bu abidə dövlət tərəfindən qorunur. Halbuki üstünə "dövlət tərəfindən qorunur" yazılmış lövhənin belə üst hissəsi soyulub.Hətta bir müddət əvvəl türbələrdən birini yenidən tikmək istəyiblər. Lakin üç-beş daş qoyulandan sonra çıxıb gediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.