Ölkə

Banklardan kredit götürmək müşkülə çevrilib - Səbəb

25 Sentyabr 2017 13:37
0 Şərh     Baxış: 2 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Gələn ay "Kredit büroları haqqında" Qanunun qəbul edilməsinin bir ili tamam olur. Ancaq təəssüf ki, bu müddət ərzində hələ də kredit bürosı yaradılmayıb. Büronun yaradılması prosesi ciddi səbəb olmadan uzanır. Biz büronun tezliklə fəaliyyətə başlayacağını gözlədiyimiz halda məlum olur ki, qurum, ümumiyyətlə, dövlət qeydiyyatına alınmaq mərhələsini keçməyib. Halbuki hüquqi baza yaradıldıqdan sonra kredit bürosunun qəbulu daha çox texniki xarakter daşıyır. Banklar xeyli vaxtdır bu istiqamətdə işləyirlər və müəyyən kadr bazasını da formalaşdırıblar".

Milli.Az xəbər verir ki, bu barədə maliyyə məsələləri üzrə iqtisadçı, ekspert Samir Əliyev bildirib.

Onun sözlərinə görə, kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi istiqamətində kredit bürosunun yaradılması maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin əsas prioritetlərinə daxildir: "Qanun layihə şəklində çoxdan hazırlansa da, məhz Strateji Yol Xəritəsi çərçivəsində qəbul edilib. Qısacası, kredit bürosu - bank və qeyri-bank kredit təşkilatlarından, kommunal və mobil rabitə xidmətləri göstərən şirkətlərdən, hətta məhsullarını nisyə satan müəssisələrdən müştəri barədə məlumatları toplamaq səlahiyyətinə malikdir. Bir sözlə, müştərinin ödəmə qabiliyyəti və davranışı barədə tarixçələr büroda toplanaraq baza yaradılır və banka müştərini düzgün qiymətləndirməyə imkan verir. Müştəri kredit üçün müraciət etdikdə onun tarixçəsi kredit almasında həlledici rol oynayır.

Onun fikrincə, 2005-ci ildən başlayaraq bu funksiyanı Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) oynayıb. Lakin MKR bank və bank olmayan kredit təşkilatları ilə məhdudlaşır. Kredit büroları isə daha geniş məlumatlara malik olan və daha çox iştirakçının cəlb edildiyi bir informasiya mübadiləsi sistemidir: "MKR bir qayda olaraq maliyyə institutlarının daxili reyestri qismində çıxış edir, ancaq büro maliyyə institutları ilə yanaşı, əhaliyə xidmət göstərmək məqsədilə yaradılır. Ən azı ildə 2 dəfə əhaliyə kredit tarixçəsi barədə məlumatları onların müraciəti əsasında pulsuz olaraq təqdim edir. MRK-nin fəaliyyətə başlaması problemli kreditlər probleminin həll edilməsi sahəsində banklara kifayət qədər dəstək verdi. Ödəyə bilmədikləri kreditləri ikinci və ya üçüncü bankın vəsaitləri hesabına bağlamaq və bununla da "kredit karuseli" yaratmaq kimi təhlükəli vərdişləri aradan qaldırdı. Sonrakı dövrdə kreditlərin ödənilməsində yaranmış problem devalvasiya və bankların məsuliyyətsiz kreditləşmə siyasəti nəticəsində yarandı".

Ekspert qeyd edib ki, hazırda banklardan kredit götürmək müşkülə çevrilib: "Qurunun oduna yaşın yandığı kimi, məsuliyyətsiz və ya imkansız müştərilərin oduna da etibarlıları yanır. "Skorinq sistemi" işləmədiyindən banklar müştərinin rəsmi maaşının ümidinə qalıblar. Yüksək və rəsmi maaşa malik müştəri isə intizamlı müştəri demək deyil. Kredit götürməyin müşkülə çevrilməsi o demək deyil ki, banklar kredit vermək istəmirlər. Axı onlar cəlb etdikləri əmanətləri qaytarmaq, gəlir əldə etmək, işçilərin maaşlarını ödəmək və nəhayət, fəaliyyət göstərə bilməsi üçün kredit verməyə məcburdurlar. Zərərli aktivlərin içində batan banklara kredit vermək üçün etibarlı müştəri lazımdır. Etibarlı müştərini isə kredit büroları olmadan müəyyənləşdirmək mümkün deyil".

S.Əliyev bildirib ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə tərtib etdikləri "Doing Business" hesabatında da Azərbaycanda kreditə əlçatanlığı göstəricisinin ildən ilə pisləşir və bunun əsas səbəblərindən biri əhalinin özəl kredit bürolarına çıxışının olmamasıdır: "Bu mövqenin yaxşılaşdırılması üçün qanunvericilik bazası yaradılıb. "Kredit büroları haqqında" Qanunun tələblərinə uyğun olaraq bir sıra qaydalar qəbul edilib. Qanunvericilik bazası getdikcə təkmilləşdirilsə də, həmin normativ aktların tətbiq ediləcəyi infrastrukturun - kredit bürosunun yaradılması ləngidilir. Beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasının vacibliyini göstərən ölkə prezidentinin sərəncamı var. Strateji Yol Xəritəsində də kredit bürosunun 2017-ci ildə yaradılması nəzərdə tutulur. İlin bitməsinə isə cəmisi 3 ay qalıb...".

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.