Ölkə

500 qramlıq körpələrin həyat uğrunda çarpışdığı yer - Uşaq reanimasiyasından FOTOLAR

19 Sentyabr 2017 19:18
8 Şərh     Baxış: 5 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çəkisi 500, 700, 1000, 1200 qramlıq, digər normal doğulmuşlar kimi görünməyən, amma diri bir körpə olaraq yaşamaq uğrunda mübarizə aparan, ovuc içi boyda bədəni ilə bu qədər sistemə, iynə dərmana tab gətirən varlıqlar həyatın möcüzəsidir. 

 
Mərkəzi Klinikanın Uşaq Mərkəzinin müdiri həkim - neonatoloq Sevda Əsədova 18 ildir ki, yenidoğulmuş və ağır reanimasion uşaqlar üzrə şöbədə çalışır  və bu günə kimi kollektivi ilə birgə minlərlə uşağa ikinci həyat bəxş edib.
Milli.Az bildirir ki, medicina.az-ın əməkdaşı mərkəzdə olub və Sevda Əsədova ilə söhbətləşib:
 
 
- Sevda xanım, il ərzində neçə ağır patologiyalı uşağı qəbul edirsiz və yenidoğulmuşların müalicəsində əsas özəlliyiniz nədir?
 
-İl ərzində 450-500 reanimasion uşaq qəbul edirik. Bura nəinki bizim klinikada doğulmuş, həmçinin  müxtəlif klinikalardan, hətta rayon xəstəxanalarından, bölgələrindən müxtəlif ağırlıqda uşaqlar daxil olur. Uzaq məsafədəki uşaqları öz nəqliyyatımızla xüsusi küvezlə lazım olan tibbi qaydalarla köçürürük.   Yenidoğulmuşların reanimasiya şöbəsi müasir avadanlıq və kadrlarla təmin olunub. Bilirsiz, hər cür yeni avadanlıq almaq olar, amma bu avadanlığı düzgün istifadə edə bilən, yenidoğulmuşa lazımi tədbirləri göstərə bilən kadrlar olmalıdır. Bu şöbədə müayinə və müalicə zərgər dəqiqliyi tələb edir. Ona görə əsas yük personalın üzərinə düşür.  Biz 24 saat 7 gün fasiləsiz çalışırıq. Uşaq bura daxil olduğu andan ən son protokollarla, ən son standartlarla müayinə və müalicə tədbirləri həyata keçirilir. Şöbədə ağır ürək  əməliyyatı keçirmiş, 24 həftəlik və yuxarı yarımçıq doğulmuş, ekstremal az çəkili uşaqlar ağır  vəziyyətdən çıxarılır və ailələrinə qovuşur. 
 
- 450 uşaqdan təbii ki, hamısını həyata qaytarmaq mümkünsüzdür. İtkiləriniz nə qədər olub?
 
- Ötən ilin statistikasına görə 450 uşaqdan 7-sini itirdik. Çalışırıq ki, itki az olsun. Vaxtından əvvəl doğulmuş uşaqlar və ağır patologiyalı doğulmuş uşaqlar dərhal bura yerləşdirilsə, ölüm faizi qat-qat aşağı olar. 
 
 
-Şöbədə bir neçə 500 qramlıq yarımçıq doğulmuşlar da gördük. Çox qəribə mənzərə idi. Son zamanlar bu çəkidə yarımçıq doğulmuşların sayı artıbmı?
 
-Respublika üzrə 24 həftəlik  doğulmuş 500 qramlıq yarımçıq doğulmuş körpələrin böyük əksəriyyəti  bizim şöbəmizə gətirilir və ağır vəziyyətdən çıxarılır. 500 qram və üstü çəkidə  onlarla körpəni kritik vəziyyətdən çıxarıb, 1400-1500 qram çəkiyə çatdıraraq tam normal şəkildə xəstəxanadan evə yazmışıq. 500-700 qramlıq daha ağır qrup xəstələrdir. Onlar evə yazıldıqdan sonra da təqibimizdə qalır.   Bu uşaqlar dinamik nəzarətdə olur: nevroloji, terapevtik, görmə, eşitmə, intellektual inkişafları nəzarətdə saxlanılır. Pediatrik briqadamiz tərəfindən heç bir məqam diqqətdən kənarda qalmır. 
 
O ki qaldı 500 qramlıq uşaqların statistik artımına...  5 il bundan əvvələ kimi yeni doğulmuş kriterləri 28 həftə və onun üzərində hesab olunurdu. 28 həftənin altında doğulanlara düşük döl patologiyası kimi baxılırdı. Bu gün dünyada tibbi meyarlar dəyişib. İndi 24 həftədə doğulmuş uşaq artıq diri  hesab olunur və bütün reanimasion tədbirlər görülür. Azərbaycanda da bu istiqamətdə xeyli irəliləyişlər var. 24 həftəlik yarımçıq doğulmuş körpə artıq düşük döl hesab ediımədiyindən 500 qram çəkili uşaqların sayında artım ola bilər. Amma bu patologiya ilə doğulmuş sağ qalan uşaqların da sayı artmaqdadır. 
 
 
-Yarımçıq doğulmuş, azçəkili və ağır patologiyalı körpənin vaxtında xilas olunması üçün valideynlərinmi üzərinə yük düşür, yoxsa ginekoloq və həkimlərin? 
 
-Yaxşı olar ki, hamilə qadın və ailəsi yarımçıq doğulmaya risk varsa, elə bir yerə müraciət etsinlər ki,  orda həm uşaq reanimasiyası, həm yüksək səviyyəli neonatoloji şöbə olsun. Çünki vaxtından əvvəl doğulmuş uşaq üçün risk daha çoxdur, nəinki ana üçün. Uşaq köçürülməyə məruz qalmırsa, bu onun şansını daha da artırır. Ona görə ana və uşağın vaxtında və düzgün klinikada olması vacibdir. Harda hərtəfərli neonatal  xidmət varsa körpə dərhal ora yerləşdirilsin. 
 
 
- Sağ qalmasını möcüzə hesab etdiyiniz körpəniz  hansı olub?
 
-Bu yaxında bir ağır xəstəmiz vardı:  1 kq 400 qramlıq oğlan uşağı.  Bağırsağın perforasiya olunmuş patologiyası ilə daxil olmuşdu. Onu əməliyyat etdik. Sonra ürəyini əməliyyat etdik. Evə yazıldıqdan sonra yırtıq boğulmasndan gəldi, əməliyyata alındı. Hazırda 6 aylıqdır. Tam sağlamdır. Hər bir şeyi normaldır. Onu bu qədər əməliyyatlardan, ağır patologiyalardan xilas etməyimizə inanmağımız gəlmirdi. Möcüzə idi. Bu kimi möcüzələrimiz çox olur.
 
Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.