Ölkə

"Azərbaycandan gələn kişiləri otelə buraxmırdılar" - VİDEO - FOTO

15 Sentyabr 2017 14:08
0 Şərh     Baxış: 3 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov turizm mövsümünün yekunu ilə bağlı qafqazinfo-nun suallarını cavablandırıb.

Milli.Az müsahibəni təqdim edir:

- Növbəti yay turizm mövsümünü başa vurmaqdayıq. Bu il ötən ilə nisbətən hansı dəyişikliklərlə yadda qaldı?

- Keçən ilə nisbətən bu il turist sayı artıb. Demək olar ki, 20-25 faiz artım müşahidə olunub. Bu? gözəl rəqəmdir. Rəqəmlər artsa da, xidmət səviyyəmizin artdığını deyə bilmərəm. Azərbaycana bu il çox turist gəlib, ancaq otellərimiz buna hazır deyildi. Bura 3, 4 və 5 ulduzlu otelləri aid etmək olar.

- Turistlər hansı problemlərlə qarşılaşıblar? Yəni, sizə yazdıqları şikayətlərində nələri qeyd edirdilər?

- Əsasən otellərdə otaqvermə problemi var. Resepşndakı turistlər saatlarla otaq növbəsi gözləyiblər. Biz təkcə tursitlərdən deyil, onları bura göndərən turizm şirkətlərindən də şikayətlər alırıq. Turistlər yalnız otel daxilində olan problemlərdən şikayət etmirlər. Xaricdə yerləşən turizm şirkətləri bizim taksilərdən, transferlərdən, ölkədə fəaliyyət göstərən ekskursiya bələdçilərindən də şikayətçidirlər.

- Qeyd elədiniz ki, hətta 5 ulduzlu otellərdə də xidmət səviyyəsi aşağıdır. Söhbət hansı otellərdən gedir? 

- Mənim tərəfimdən həmin otellərin adlarının çəkilməsi düzgün olmazdı. Ancaq təbii ki, özlərini yığışdırmasalar və öz üzərlərində işləməsələr, adlarını çəkəcəyik. 

- Ümumiyyətlə, bu sahə belədir ki, xidmət səviyyəsi yüksəlməzsə, növbəti il  həmin turisti itirəcəyik...

- Sözsüz ki, belədir. Çünki turist ölkəsinə dönəndə getdiyi yer haqqında ətrafındakılara danışmağa başlayır. Hər bir turistin istəyi bizim üçün önəmlidir. Bu məsələ bizim ağrılı yerimizdir. Məsələn, Türkiyədə hər bir otel dövlət tərəfindən lisenziya alır. Bu sənədi alanda onlara dövlət tərəfindən məcburiyyət qoyulur ki, otelin 80-90 faiz işçiləri müəyyən olunmuş treninqlərə cəlb edilməlidir. Hər bir işçi o mərkəzdə oxuyub sertifikatlarını almalıdır. 

Təəssüflər olsun ki, belə sistem Azərbaycanda yoxdur. Ancaq belə treninq mərkəzləri mövcuddur. Biz 7 il əvvəl ABŞ-ın "Axley" şirkəti ilə memorandum imzalamışdıq. Onlar gəlib bizim müəllimlərə seminar keçmişdi. Deyə bilərəm ki, bu gün ölkədə sertifikatı olan 5 peşəkar müəllim var. 

- Həmin otellərin işçiləri sizin treninqlərdən keçibmi? 
 
- Heç kim keçməyib. Ancaq Qazaxıstan, Rusiya və Türkiyədən bizə müraciət olunur. Onlar bu treninqlərdən keçiblər. Bu gün otellərimiz treninq mərkəzlərə müraciət etmək istəmirlər. Böyük vəsait xərcləyib otel tikirlər, amma onun 0,1 faizini xərcləyib işçilərinin təliminə sərf etmirlər. 

- Qeyd etdiniz ki, Türkiyədə dövlət nəzarəti və tələbi var. Ancaq bizdə isə bu, yoxdur. Demək ki, siz lisenziyaların yenidən qaytarılmasını istəyirsiniz? 

- 2 ilə yaxındır ki, ölkədə bütün lisenziyalar ləğv olunub. Otellər və turizm şirkətləri fəaliyyət göstərmək üçün lisenziya almaq ehtiyacında deyillər. Düzdür, bu, biz sahibkarların xeyrinə verilmiş qərar idi. Ancaq təəssüf ki, bu sərəncamdan dələduzlar istifadə edir. Şirkət tipli obyektlər açıb internet, feysbuk vasitəsilə müəyyən fırıldaqçılıqlarla məşğul olmağa başlayıblar.

- Bu il nə qədər dələduzluq faktı qeydə alınıb? 

- Qeyd edim ki,  dələduzluq həm getmə, həm də gəlmə turizmində aşkar olunub. Bununla bağlı 20-dən çox fakt var. Getmə turizmi ilə bağlı bir neçə dələduz şirkət aşkar olunub. Cinayət işi açılıb və istintaq gedir. İnsanları feysbuk vasitəsilə aldadıb endirimli qiymət təklif ediblər. Balaca daxma kimi şirkət açıb camaatı aldadırlar. Onlara çek, müqavilə vermirlər. Yalnız kağız satırlar. İnsanlarımız elə olurdu ki, hava limanında çatanda başa düşürdülər ki, bunların əldə etdiyi kağız saxtadır. Elə də olurdu ki, bilet düzgün çıxırdı, amma qaldığı otelin pulu ödənilməmişdi. Belə hallara Türkiyəyə gedənlərdə rast gəlmişik. Bu gün kim istəsə şirkət açır, 5 manata görə də camaatımızı aldadır. Nə qədər insanlara o ölkələrdən qayıtması üçün kömək etmişik. Məsələn, Ərəbistanda yerləşən turizm şirkəti internet vasitəsilə Azərbaycanda turizm şirkəti tapır. Email vasitəsilə məktublaşırlar. Ucuz qiymət təklif edirlər. Razılaşırlar. Ərəblər də Azərbaycana gəlib çatanda məlum olur ki, otelə ödəniş edilməyib. Aeroportda onları qarşılayan da yoxdur. O turistdən sonra bizim haqqımızda müsbət nə gözləməliyik? Ölkəsinə qayıdanda deyəcək ki, Azərbaycana getməyin. Yaxud da dələduzluqla qarşılaşan ərəb turizm şirkəti Azərbaycana bir də turist göndərəcək? 

- Statistika olaraq, dələduzluq faktı gəlmə, yoxsa getmə turizmində daha çoxdur?

- Fakt olaraq getmədə daha çox aşkarlanıb, amma gəlmədə də var. 20-yə yaxın şirkət getmə, 8-ə yaxın şirkət isə gəlmədə dələduzluq edib. Amma elələri də var ki, biz bilmirik. 

- Hazırda cinayət işi davam edirmi? Zərərçəkənlərə kompensasiyalar qaytarılıbmı?

- Prokurorluqda araşdırmalar davam edir. Məsələn, biz Rusiya ya Türkiyədə belə dələduzluğa rast gəlmərik. Çünki hər bir turizm şirkəti fəaliyyətə başlamamışdan əvvəl müəyyən sənədləri nazirliyə təqdim etməlidir. Sənədlərdən biri də bank zəmanəti ilə bağlıdır. Sabah da hansısa şirkətin bankrot olması halında dövlət həmin zəmanətdən istifadə edərək camaatın pullarını qaytarır. Bu, artıq dünya praktikasında özünə yer tapıb. 

- Məlumdur ki, bu il ölkəmizə çoxlu sayda ərəb turist gəldi. Ancaq bu ərəb turistlərlə bağlı çoxlu qalmaqallar yaşandı, onların videoları çəkilib sosial şəbəkələrdə müzakirəyə obyektinə çevrildi. Çoxusu dedi ki, ərəb turist gəlməsin. Bunlar nə dərəcədə düzdür? Nəzərə alsaq ki, ərəblər təkcə bizə deyil, qonşu ölkələrə də gedirlər və belə münasibət onlara başqa yerdə edilmir...

- Son zamanlar sosial şəbəkələrdə ərəblərlə bağlı videolar çəkilib yayılır. Bəli, belə hallar ola bilər. Normal hadisədir. Biz turizm ölkəsi kimi özümüzü tanıdırıqsa,  bu, o demək deyil ki, hər bir ölkəyə yalnız VİP turistlər gəlməlidir? Turist VİP də olur, aşağı səviyyədə də olur. Bizim Azərbaycan vətəndaşlarımız da çox səfərlər edirlər. Məsələn, bu il bir neçə hallarla rastlaşmışıq ki, Antalyadakı otellər bizim turistlərə qadağa qoyub. Çünki onlar özlərini düzgün aparmamışdılar və nəticədə də oteldən qovulmuşdular. Xüsusən də, cavanlarımız xanımlara sataşırlar. Elə otel var idi ki, ümumiyyətlə Azərbaycandan gələn kişiləri otelə buraxmırdılar. Belə çox turistlərimiz var. Mən, məsələn, şahid olmuşam ki, "chek out" zamanı resepşnda Azərbaycan vətəndaşı bir problemlə rastlaşmışdı. Belə ki, otaqda olan feni, xalatı özüylə götürmüşdü. Sabah indi bunu ərəblər eləsə, bütün sosial şəbəkələr başlayacaqlar ərəblərdən yazmağa. Bilsəydilər ki, turisti cəlb etmək üçün illər boyu nə əziyyətlər çəkmişik. Biz işi görürük, ruhdan salmasınlar. Əksinə, ərəb görəndə istiqanlı olsunlar. Boş-boş, ağızlarına gələni yazmasınlar. Təklifiniz varsa, onu deyin. Sabah bunları Ərəbistan səfirliyi oxuyacaq. Bunlar nə istəyirlər, ərəb gəlməsin? Bugünkü otellərin çoxunda 80 faiz ərəblərdir. Qardaş - bacılarınız otellərdə işləyir, ordan pul da qazanır. Həmçinin taksi sürücüləri, restoran sahibləri və.s  1-2 önəmsiz insana görə deyək ki, ərəb gəlməsin?!

- Belə məlumatların yayılmasında məqsəd nədir?

- Biz artıq turizm məkanı kimi tanınmışıq. Bu sahədə düşmənlərimiz var. Bunu istəməyən dövlətlər də var. Hazırda dünyada 3 tipli turist var. Ərəbistandan, Çindən, Rusiyadan gələn turistlər üçün müharibə gedir. Ərəb  Avropadan gələn turist deyil ki, gedib restoranda bir dənə qəhvə sifariş verib otursun. Ərəb pul xərcləyən turistdir. Ona görə də ayrı-ayrı dövlətlər bu turistləri öz ölkələrinə cəlb etmək istəyirlər. Bu şaiyələrə fikir vermək lazım deyil. Hər bir turist bizim üçün çox vacibdir. Bunu dilənçidən başlayaraq Bakıda fəaliyyət göstərən dükanlardan soruşa bilərsiniz. Ölkəyə gələn turistlər bu sahələrə nə qədər xeyir verib. Həm də ərəb turistlər təkcə Bakıda qalmırlar. Onlar rayonlarımıza da səfər edirlər. Oradakı camaatımız da bundan vəsait əldə edir. Bunu fikirləşmək lazımdır. 

- Çəkilmiş videolarda bir neçə hallar var ki, "Tarqovu" küçəsində ərəblər qızlara sataşırlar. Mən özüm tez-tez orada gəzirəm. Bir neçə həftə əvvəl gördüm ki, avropalı turistlər içib keflənib, nəinki qızlarımıza, hətta oğlanlarımıza da sataşırdılar. 

- Hansı təbəqədən olan ərəblər bizə gəlirlər? 

- Keçən il Azərbaycana üst təbəqədən olan ərəb turistlər gəlmişdi. Ancaq bu il müşahidə edirik ki, orta və aşağı təbəqədən olan turistlər gəlib. 

- Bizdə turistlərə menyu, taksi xidməti və. s baha qiymətə təklif olunur. Turisti aldatmaq nə dərəcədə doğrudur? 

- Biz birinci il belə faktlarla rastlaşmamışdıq. O zaman da çox sayda ərəb dövlətlərindən turist gəlmişdi. Biz onlara sual verirdik ki, niyə görə Azərbaycana gəldiniz? Dedilər ki, bundan əvvəl Türkiyəyə gedirlərmiş və onları orada aldadıblar, ona görə bura gəliblər. Sizin şəhərdə isə hamı qonaqpərvərdir, yol göstərir. Elə bil göz dəydi. Bizdə olan hadisələr hamını keçdi. Məsələn, ərəb turisti gəlir restorana. Elə bil ki, yeni xidmət açıblar. Ərəb dilində menyu verirlər. Və müqayisədə ərəb dilindəki menyunun qiyməti bizim menyudan artıqdır. Taksi sürücüləri turisti hava limanından Bakıya 100 dollara gətirirlər. Hətta elə hallar olub ki, məsələn, turist atıcılıq mərkəzinə tura gedir, yarı yolda sürücü saxlayıb deyir ki, həmin yer bağlanıb, əvəzində isə başqa yer var, ancaq qiyməti bahadır. Sonra qayıdandan sonra bəlli olur ki, bunları elə həminki yerə aparıblarmış. Ekskursiya bələdçiləri ərəb dilini bildiklərini deyib camaata düzgün olmayan tarix anladırlar. Öncədən danışılmış mağazalara aparırlar, 5 manatlıq şeyi 10 manata satdırırlar.

Bəzən restoranlar bizə şikayət edirlər ki, həmin ekskursiya bələdçiləri onlara deyir ki, 100 manatlıq hesabı 250 manat yazaq. Bunu yazmasaq, sənin yanına turist gətirməyəcəyik. Bizim insanlar təəssüf ki, ərəbi avam bilir. Ancaq ərəb avam deyil. Birinci dəfə gözləri yumulmuşdu. 

- Belə çıxır ki, gələn il saylarında azalma ola bilər...

- Artım gözləməyin. Həmin turistləri burada görə bilməyəcəyik. Bunun qabağını almasaq, xidmət sahəsində olan problemləri həll etməsək, sözsüz ki, azalma olacaq. Kim gələcək Azərbaycana? Ümidvaram ki, gələn il bütün problemlər öz həllini tapacaq. 

- Siz şikayətləri toplayıb Mədəniyyət və Turizm Nazirliyinə göndərirsiniz. Hansısa problemlərin həll edilməsi barədə sizdə məlumat varmı? 

- Bəli, şikayətlər toplanıb dərhal nazirliyə göndərilib. Biz hal-hazırda problemin həlli ilə bağlı nəticələri gözləyirik. 

- "Turizm haqqında" qanuna bir neçə dəfə əlavə və dəyişikliklər edilib. Siz hansı dəyişikliklərin olunmasını istərdiniz? 

- Əvvəlcə, dövlət tərəfindən nəzarət mexanizminin tətbiqini gözləyirik. Ölkənin və turizmin imicinin qorunması üçün bu vacibdir. Əslində biz sahibkarlar bunu istəməməliyik. Deməliyik ki, bu mexanizm nəyə lazımdır?  Ancaq bu da olmayanda ortalığa dələduzluq faktları çıxır. Bu, bir çox xidmətlərin imicinə mənfi təsir göstərir. 

- Təxmini olaraq, bu il turizmdən nə qədər gəlir götürmüşük? 

- Dəqiq rəqəmi mən bilmirəm. Ancaq deyə bilərəm ki, ölkəyə gələn turistlər həm kredit kartla, həm də nağd şəkildə alış-verişlərini edirlər. İnanıram ki, dövlət tərəfindən göstərilən rəqəmlər ondan da artıqdır. 

- Kimi turist kimi qeydiyyata almaq lazımdır? Tutaq ki, Rusiyada yaşayan həmyerlimiz öz ölkəsinə gəlirsə, bu, turistdir?

- Dünya Turizm Təşkilatının tövsiyəsinə görə, ölkəyə daxil olan hər bir əcnəbi vətəndaş 24 saat ölkədə qalırsa, bu artıq turist kimi qeydə alınır. Ancaq biz professional kimi gəlib oteldə qalan, ekskursiyalar əldə edən, pul xərcləyən şəxsləri turist hesab edirik. 

- Məlumdur ki, otellərimizdə nömrələrin qiyməti də çox bahadır. Bu sarıdan da şikayət edənlər varmı? 

- Bilirsiniz, bu, böyük problemdir. Təəssüflər olsun ki, bir neçə brend otel bu il qiymətlərini ikiqat qaldırıb. Otellərin əcnəbi menecerləri nəyə istinadən bu qiymətləri qaldırırlar? Bu, mənə aydın deyil. Özlərini yerli turizm şirkətindən üstün tuturlar. Elə bil bunlar hardan gəliblər? Əgər bu problemin üstündə işləməsək, heç bir nəticə əldə edə bilməyəcəyik. Qiymət artımı gələcək turizm siyasətimizə cavab vermir. Yenə də eyni yerə gəlib çıxırıq ki, dövlət tərəfindən mexanizm olmalıdır. Türkiyə, Gürcüstan qiymətləri salır, bizimkilər isə qaldırırlar. Yerli turizm şirkətinin qiyməti xaricdə yerləşən turizm şirkətindən fərqli olmalıdır. Hansı ki, vaxtilə yerli turizm şirkətləri bir çox ölkələrə gedib Azərbaycana turist cəlb etmək üçün çalışırdılar. Sanki onlar turisti oteldə deyil öz ofislərində və ya öz evlərində saxlamaq fikrindədilər. Nəticə etibarı ilə, otellər turizm şirkətlərinə dəstək olmaq yerinə onları ruhdan salırlar. Ümumiyyətlə beş ulduzlu otellər öz baha qiymət siyasəti ilə yerli turizm bazarına və Azərbaycan turizminin inkişafına zidd hərəkətlər edirlər.

- Ölkədə qış turizminin inkişafı üçün nələr etmək lazımdır?

- Məsələn, Qətər, Dubay vətəndaşları isti ölkələrdə yaşayan vətəndaşlardır. Bunlar qar görmək istəyirlər. Sözsüz ki, bizim üçün əlverişli bir zamandır ki, qış turizminə daha da ciddi yanaşaq. Nəzərə alsaq ki, Azərbaycanda "Şahdağ" , "Tufandağ" kimi turizm kompleksləri fəaliyyət göstərir. Biz ona görə də turistləri cəlb etməliyik. Qarşıdan qış mövsümü gəlir. Məsələn, Qətər dövləti vizaları ləğv edib. Onların nümayəndələri bizlə görüşüb. Onlar maraqlıdır ki, Azərbaycan turistini Dohaya cəlb etsinlər. Söz veriblər ki, Bakı-Doha istiqamətində uçuşların qiymətini Azərbaycan vətəndaşları üçün daha əlverişli edəcəklər. 

- Bizim yerli turistlərimizi narahat edən bir məsələ isə otellərdə nikah kağızının tələbi məsələsidir. Belə olanda gənclər qonşu Gürcüstana getməli olur və pul ölkədən çıxır. Bununla bağlı konkret bir neçə otelin də adlarını çəkmək olar. "Sakitgöl", "Karvansaray", "İs Hotel" və s. 

- Bu, düzgün deyil. Dünya praktikasında heç bir dövlətdə belə bir şey yoxdur. İstər yerli, istərsə də xarici vətəndaş öz şəxsiyyətini təsdiq edən sənəd təqdim edirsə, hər bir otel o müştərini qəbul etmək məcburiyyətindədir. Dövlət nigah kağızını göstərməklə bağlı tələb qoymayıb. Ər-arvad otelə gəlir, sadəcə pasportda soyadları ayrıdır. Kişi deyir ki, bu, mənim həyat yoldaşımdır. Otel isə inanmır. Tələb edir ki, nikah kağızını göstər. Bu, düzgün hal deyil. 

- Çox vaxt biz jurnalistləri də narahat edən məsələ bu sahə üzrə ekspertlərin azlığıdır. Bununla bağlı nə deyə bilərsiniz?

- Turizmə aidiyyatı olmayan insanlar sosial şəbəkələrdə fikirlərini bildirirlər. Turizm eksperti kimi danışırlar. Ancaq bir gündə olsa turizm sahəsində işləməyiblər. Onun nə ixtiyarı var ki, turizm haqqında danışsın? Bir probleminiz varsa, gəlin ofisimizə, onun həlli istiqamətində danışaq. Bəlkə biz nəyisə görmürük. Bizə, nazirliyə müraciət etmədən feysbukda ağızlarına gələn status yazmağa başlayırlar. Gündə beş adam mənə zəng edib deyir ki, "Viano", " Vito " almışam. Sizin vasitənizlə onlara demək istəyirəm ki, artıq mövsüm başa çatıb. Şəhərdə maşınlar yetəri qədərdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Antalyada Azərbaycandan gələn kişiləri otelə buraxmırdılar"

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.