Ölkə

Azərbaycanlı cərrahın mühazirəsi beynəlxalq konfransda maraqla qarşılandı - FOTO

6 Sentyabr 2017 16:15
Baxış: 2 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın paytaxtı Astana şəhərində Dünya Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin 27-ci Beynəlxalq Konfransı keçirilib.

Milli.Az xəbər verir ki, bir sıra ölkələrin qabaqcıl mütəxəssislərinin iştirak etdiyi konfransda ürək-damar cərrahiyyəsinin aktual problemləri müzakirə olunub, mütəxəssislər arasında təcrübə mübadiləsi aparılıb. Ölkəmizi tədbirdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev təmsil edib.

Konfransda "Aortal qapağın təmiri - Bakı təcrübəsi" (Isolated aortic valve repair- Baku experience) mövzusunda çıxış edən Kamran Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən qapaq əməliyyatlarında əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. Azərbaycanlı doktorun bu əməliyyatların standartlaşdırılması üçün irəli sürdüyü təkliflər konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Xüsusilə ABŞ, Rusiya, Çin, İsveçrə və Türkiyədən olan mütəxəssislər mühazirəni yüksək qiymətləndirərək ölkəmizdə dünya standartlarında həyata keçirilən ürək əməliyyatlarının səviyyəsindən məmnun olduqlarını bildiriblər. Dünyanın qabaqcıl mərkəzlərində aparılan "qapaqların təmir olunması əməliyyatlarının" Azərbaycanda belə uğurlu nəticələrlə tətbiq olunması ölkəmizdəki ürək-damar cərrahiyyəsinin gəldiyi yüksək səviyyənin göstəricisi kimi qəbul edilib.

Azərbaycanlı cərrah praktik fəaliyyətlərində daim dünya ürək cərrahiyyəsində əldə olunan nailiyyətləri tətbiq edə bilmək üçün belə beynəlxalq konfranslarda iştirakın hər bir mütəxəssis üçün vacib olduğunu bildirib: "Dünya Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin illik konfransında iştirak etmək kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssislərin elmin son yenilikləri ilə tanış olmasına, əldə olunmuş nailiyyətlər ətrafında fikir mübadiləsi aparmalarına şərait yaradır. Dünyanın ən tanınmış kardioloq və kardio-cərrahlarının iştirak etdiyi bu beynəlxalq konfrans bizə həm təcrübə mübadiləsi aparmağımıza, həm də ölkəmizdə ürək-damar cərrahiyyəsində əldə etdiyimiz nailiyyətlər barədə əcnəbi kolleqalarımızı məlumatlandırmağa imkan verdi."

Konfrans zamanı Qazaxıstan mediasına açıqlama verən Kamran Musayev bu günə qədər ölkəmizdə həyata keçirilən ürək-damar əməliyyatları, ürək cərrahiyyəsində əldə edilən nailiyyətlərdən danışıb.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.