Ölkə

Dostlarını öldürən şəxslərdən birinin cəzası azaldıldı

24 Avqust 2017 12:48
0 Şərh     Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Vüsal Mirzəyev, Vüsal Qədiyev Nizami İsmayılovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin N.İsmayılov barəsində çıxardığı hökm hissəsi dəyişdirilib. Məhkəmə onun Cinayət Məcəlləsinin (CM) 307.1-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissənin ləğv edilməsi barədə qərar çıxarıb. Birinci instansiya məhkəməsinin hökmünün əsaslandırıcı və nəticə hissələrindən N.İsmayılovun CM-nin 307.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəalar xaric edilib. Ona CM-nin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.İsmayılova CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təyin edilmiş 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 10 ilə endirilib.

Qeyd edək ki, 2015-ci il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri ilə qətlə yetirilənin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olması müəyyən edilib. Hadisədən 5 ay sonra həmin şəxsi Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü V.Mirzəyev, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü V.Qədiyev və Lerik rayon sakini, 1982-cı il təvəllüdlü N.İsmayılovun öldürdüyü bəlli olub.

Belə ki, qətli törədən şəxslər X.Nadirovla birlikdə 2015-ci il sentyabrın 6-da saat 22:00 radələrində Sulutəpə dairəsi yaxınlığındakı kafedə yeyib-içiblər. Bundan sonra dostlar arasında mübahisə yaranıb və V.Mirzəyev, V.Qədiyev və N.İsmayılov X.Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq orada onu qətlə yetiriblər. Polis əməkdaşları tərəfindən saxlanılan həmin şəxslər barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Mirzəyevlə V.Qədiyevin hər biri 18 il, N.İsmayılov isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.