Ölkə

Məktəbli yarmarkalarında məhsulların qiyməti və keyfiyyəti necədir? - FOTO

23 Avqust 2017 17:01
1 Şərh     Baxış: 2 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ildən Bakı şəhər İcra Hakimiyyəti paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkası təşkil edib. Hər bir vətəndaş bu yarmarkalara baş çəkərək, lazım olan məhsulları əldə edə bilər. Həmin yarmarkalardan bəzilərinə baş çəkdik. Burada valideynlər övladları üçün bütün dərs ləvazimatlarını əldə edə bilərlər. Məhsulların qiyməti idxal olunduğu ölkəyə və keyfiyyətinə görə dəyişir. Yarmarkalarda məktəbli forması və dərs kitabları satılmır.

Milli.Az xəbər verir ki, satıcı Nizami Məmmədov APA-ya bildirib ki, bazarda hər qiymət və keyfiyyətdə məhsul tapmaq mümkündür: "Qələmlər 10 qəpik - 1 manat 50 qəpiyə, lövhələr üçün markerlər 30-50 qəpiyə, pozanlar 20 qəpik - 2 manata, uşaqlar üçün qayçılar 50 qəpik - 1 manat 50 qəpiyə, ağardıcı ştrixlər 80 qəpik - 2 manata, qələm yonanlar 10 qəpik - 1 manata, dəftər üzləri 10 qəpik - 30 qəpiyə, kitab üzləri 20 - 40 qəpiyə satılır. Dəftərlərə gəlincə, sadə, 12 vərəq dəftərlər 10 qəpikdən başlayır və vərəq sayına görə qiymətlər 1 manata kimi qalxır. Rəngli karandaşlar 80 qəpik - 3 manat, plastilinlər 50 qəpik - 7 manat, qovluqlar 30 qəpik - 20 manat, penallara 1 manat - 17 manat arasındadır. Məktəbli çantalarının qiyməti 8 manatdan 50 manata kimidir. Çantalarının əksəriyyəti Türkiyə və Dubaydan gəlir, bizdə Çin istehsalı olan məktəbli çantaları yoxdur. Bəzi ləvazimatların qiymətlərində endirimlər edirik. Gün ərzində kifayət qədər valideyn yarmarkadan alış-veriş edir. Onların əksəriyyəti qiymət və keyfiyyətdən razı gedir. Bu yarmarkalardakı məhsulların qiymətləri digər satış mağazaları, dükanlardakı qiymətlərdən fərqlənir və daha aşağıdır. Məsələn, bizdə 80 qəpiyə olan adi qələmi valideyn digər satış dükanından 2 manata alıb".

Satıcısı Əli Babayev isə alıcıların azlığından şikayətlənib. O bildirib ki, insanlar daha çox sentyabrda, məktəblərin açılmasına az  vaxt qalanda bazarlıq etməyə üstünlük verir: "Hazırda bazarda istənilən dərs ləvazimatını tapmaq mümkündür. Çantalar 10 - 40 manat, dəftərlər 10-80 qəpik, xətkeş 60 qəpik - 2 manat, sadə qələm 10 - 40 qəpik, rəngli karandaş 1 - 5 manat, qələm 20 qəpik - 1 manat, suqabı 3 - 8 manat, su termosu  7 - 10 manata satılır. Məktəbli çantaları əsasən, Çin və Türkiyə istehsalıdır. Valideynlər son zamanlar daha çox keyfiyyətli və bahalı məktəbli çantaları almağa üstünlük verir. Çünki ucuz çanta alarsa, il ərzində bir neçə dəfə dəyişməli olur. Bahalı və keyfiyyətli çantanı bir neçə il götürmək mümkündür".

Satıcı əlavə edib ki, yarmarkada satılan məhsulların qiymətləri digər satış məntəqələri ilə müqayisədə daha aşağıdır: "Geniş supermarketlər şəbəkəsində satılan məhsulların qiymətləri ilə yarmarka arasında ciddi fərq yoxdur. Çünki onlar malı çox götürdüyündən ucuz başa gəlir. Amma şəhərdə məktəb ləvazimatlarını satan ayrı-ayrı dükanlarda qiymət fərqi daha çox olur. Yarmarkada 6 manata satılan suqabı həmin dükanlarda 12-14 manatadır. Biz bir aylıq işlədiyimiz üçün malı ucuz satırıq ki, daha çox məhsul sata bilək. Amma onlar ilboyu dükanı işlətdiklərindən məhsulun baha və ya nə vaxt satılmasının önəmi olmur. Bu yarmarkada 10 manata satılan suqabının Əhmədlidə yerləşən dükanda 18 manata satıldığının şahidi olmuşam".

Bildirilir ki, bir uşağın ümumi məktəb ləvazimatı ilə təmin olunması 60-70 manata başa gəlir. Bir ailə 2 övladına 100-150 manata hər bir məktəbli ləvazimatını ala bilər. 

Qızı ilə yarmarkaya gələn alıcı Sənubər Əliyeva sözügedən sayta bildirib ki, yarmarkanın fəaliyyətə başladığını yoldan keçərkən görüb və bəzi məhsullar almaq qərarına gəlib: "Yolumuz uzaq olduğundan nisbətən xırda məhsullar - qələm, karandaş, penal və digərlərini əldə etdik. Məhsulların qiyməti ilə yanaşı, keyfiyyəti də önəmlidir. Ümumilikdə, yarmarkadakı qiymətlər və keyfiyyət məni qane etdi. Hər bir məhsulun üzərində qiyməti yazılıb və rahat şəkildə bir yerdən istənilən ləvazimatı əldə etmək olur". 

 

Yarmarka ilə tanışlıq zamanı ərəb turistin də alış-veriş etdiyinin şahidi olduq. Buradan 58 manatlıq alış-veriş edən turistə 8 manat güzəşt edildi. Dubaydan gələn Hənan adlı qadın Bakının gözəl şəhər olduğunu dedi: "10 günlük səfərim sabah başa çatır və mən Dubaya qayıdacağam. Yarmarkadan uşaqlar üçün məktəbli ləvazimatları aldım. Bir ay sonra Azərbaycandakı kimi, Dubayda da dərslər başlayacaq, övladlarım Bakıdan onlara hədiyyə aldığım məhsulları istifadə edəcəklər".

Yarmarkasının girişində yazılan "Məktəb dərsliklərinin topdan satışı" sözləri diqqətimizi cəlb etdi. Lakin yarmarkanı gəzərkən hər hansı dərslik gözümüzə dəymədi. Satıcılardan soruşduqda isə bildirildi ki, Azərbaycanda dərsliklər dövlət tərəfindən verilir və buna görə də onların satışına icazə verilmir. Bazarın girişində elan verilməsinin səbəbini isə bilmədiklərini dedilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.