Ölkə

"Qarabağ" uğur qazansa, camaatı avtovağzala pulsuz aparacam - Andlar və vədlər - FOTO

22 Avqust 2017 13:37
13 Şərh     Baxış: 7 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, bu gün və sabah Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab oyunları keçiriləcək. Ağdamın "Qarabağ" klubu sabah səfərdə Bakıda 1:0 hesabı ilə məğlub etdiyi "Kopenhagen" komandası ilə qarşılaşacaq. Sərfəli nəticə əldə etdiyi təqdirdə "Qarabağ" Azərbaycanın futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə adlayan ilk komanda olacaq.

Ona görə də Azərbaycanda, demək olar ki, hər kəs səbirsizliklə komandamızın bu oyunda sərfəli nəticə əldə edəcəyini gözləyir. Bu səbəbdən Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək oyuna maraq hədsiz böyükdür və ictimai yerlərdə, sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biridir. Bununla bağlı sosial şəbəkələrdə yer alan yazılar diqqəti cəlb edir. Məsələn, tanınmış idman şərhçilərindən biri Sənan Şəfizadə özünün Facebook profilində belə bir status yerləşdirib:

""Qarabağ" Azərbaycan futbolu tarixində ən önəmli matça hazırlaşır. Qurban Qurbanovun komandası Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanarsa, dostum Fərhad 1 həftə işə klubun formasında gedəcəyinə, taksi sürücüsü Hikmət dayı 5 gün məhəllədəki uşaqları məktəbə pulsuz aparacağına söz verib. Sizlər nə vəd verə bilər?"

Suala cavab olaraq statusa yazılmış şərhlərin bəziləri vətənpərvərlik, bəziləri isə məzəli olması baxımından diqqəti cəlb edir.  

Del Ya adlı xanım istifadəçi bildirib ki, 5 uşağa "Qarabağ"ın formasını almaq üçün pul verəcəyinə, Turan Qənbər Tağı "Qarabağ"ın oyunlarına bileti olmayanlara, Müqəddəs Həmzə isə Azərbaycan-Çexiya oyununa 5 bilet hədiyyə edəcəklərinə, Ceyhun Muradov bir nəfəri işə düzəldəcəyinə, Baqi Şəxməmmədov "Qarabağ" klubuna bir qutu Ağdam heyvası göndərəcəyinə söz veriblər.


Kamil İlqar Zeynalov hesab edir ki, ən yaxşısı "Qarabağ"ın ev oyunlarına bilet almaq olardı. Əli İsmayılov yazıb ki, "Xəzər-Lənkəran"ın azarkeşi olsa da, "Qarabağ" uğurlarına sevinir və onunla fəxr edir. Kamil Mustafayev qeyd edib ki, "Qarabağ"ın futbolçuları üçün 2 rükət hədiyyə namazı qılacaq. Şıxı Bayramlı yazıb ki, qrupun bütün oyunlarında "Qarabağ"ın məğlubiyyətinə pul qoyacaq.


Kənan Hənifəyev "Kopenhagen"in formasını alacağına söz verib. İlham Səmədov yazıb ki, "Qarabağ" mərhələni adlasa, "Kopenhagen"ə başsağlığı verəcək.

Tərlan Əsədli yazıb ki, sosial şəbəkələrdə profilinə Sənan Şəfizadənin şəklini qoyacaq. Ruhulla Əliyevin sözlərinə görə, dostlarından biri deyib ki, "Qarabağ" qrup mərhələsinə vəsiqə qazansa, profilinə Samiraldonun şəklini qoyacaq.

Vüsal Məmmədov yazıb ki, əgər "Qarabağ" uğur qazansa, öz avtomobili ilə metronun "Koroğlu" stansiyasının qarşısından avtovağzala sərnişinləri bir həftə pulsuz daşıyacaq. Muxtar Mikayıllı bildirib ki, o, bibisi oğlunu 35 yaşına kimi "Qarabağ"ın CAR-lı futbolçusu "Ndlovu"nun adı ilə çağıracaq.


Elmar Şıxməmmədov bildirib ki, metronun "Gənclik" stansiyasından stadiona piyada gedəcək.
Ən məzəli şərhi isə Samir Ağayev yazıb: "Yumurta qoymağa çalışacam".

Bundan əlavə, FB-də profilinə "Qarabağ"ın loqosunu, sayta isə "Qarabağ"ın bannerini pulsuz qoyacaqlarını vəd edənlər də var. Statusa şərh yazanlar arasında vədlərin çoxu isə yemək-içmək - tort, çay, xəngəl, balıq, pivə qonaqlıqları ilə bağlıdır. 


Qeyd edək ki, "Kopenhagen"-"Qarabağ" matçı avqustun 23-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Komandamıza bu oyunda uğurlar diləyirik. Ümid edir və inanırıq ki, Azərbaycan, nəhayət, Çempionlar Liqasının daha yuxarı mərhələlərində təmsil olunacaq.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.