Ölkə

Gələn ay toyu olmalı idi - Bələdiyyə sədrinin oğlunun qətlinin TƏFƏRRÜATI - YENİLƏNİB

16 Avqust 2017 12:57
10 Şərh     Baxış: 6 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:57

Dünən gecə Ağdaş rayonunun Qəribli kəndində qanlı hadisə baş verib. Kənd sakini 1980-ci il təvəllüdlü Savxanov Cabir Möylan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1995-ci il təvəllüdlü Sahib Baris oğlu Həsənovu bıçaqlayıb. Sahib qanaxma nəticəsində həyatını itirib.

Ağdaş rayonunda baş verən qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

Milli.Az xəbər verir ki, kənd icra nümayəndəsi Nicat İsmayılov yenicag.az-a açıqlamasında hadisə ilə bağlı ətraflı məlumat verib:

"Sahiblə Cabir qonşu olublar, əvvəllər də aralarında heç bir münaqişə, düşmənçilik olmayıb. Dünən bizim icra nümayəndəliyində çalışan işçimizin övladının toyu idi. Mən də, Sahib, Cabir və Sahibin atası da elə o toyda idik. Biz gündüz saat 1-də Sahibin atasıyla toydan çıxdıq. Kənddə də toy saat 8-də başa çatır axı. Toydan sonra kəndin uşaqları, o cümlədən də Sahiblə Cabir mağardan çıxıb, məhəllədə yığışıblar. Bu məqamda Cabirlə Sahib mübahisə edib. Cabir içkili olub. Mübahisə vaxtı cibindən bıçaq çıxararaq, Sahibi ayağından vurub. Ətrafdakı uşaqlar hay-küy salıblar, atasına xəbər veriblər. O məqamda da Sahibi qan aparıb, xəstəxanaya aparanda da gec olub. Elə xəstəxanaya çatanda keçinib. Necə özlərini itiriblərsə, onu yaxınlıqdakı Yevlax xəstəxanasına deyil, Ağdaşa aparıblar".

N. İsmayılovun dediyinə görə, 22 yaşlı Sahib iki bacının bir qardaşı imiş. Nişanlı olan Sahibə atası gələn ay toy edəcəkmiş.

Qeyd edək ki, mərhum Sahib Həsənov Qəribli kəndinin daxil olduğu Aşağı Nəvətava kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

----------

12:01

Milli.Az bildirir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə gecə radələrindən toydan çıxarkən baş verib. İki dost arasında söyüş üstündə mübahisə yarandığı və Cabir Savxanovun həmkəndlisini ayağından bıçaqladığı bildirilir.

Bıçaq şah damarını kəsdiyi və xəstəxanaya gec çatdırıldığı üçün Sahib Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qətlə yetirilən 22 yaşlı Sahib nişanlı olub.  

-----------

10:28

Ağdaş rayonunda qətl hadisəsi törədilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Savxanov Cabir Möylan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1995-ci il təvəllüdlü Həsənov Sahib Baris oğlunu bıçaqlayıb.

Sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Sahib Həsənov orada dünyasını dəyişib.
    
Məlumata görə, Sahib Həsənov bıçaqlanandan sonra hadisə yerində köməksiz vəziyyətdə qalaraq çoxlu qan itirib və rayon mərkəzindən 40 kilometr aralıda yerləşən Qəribli kəndindən xəstəxanaya 2 saat sonra gətirilib. Hadisənin hansı səbəbdən baş verdiyi, hələ ki, məlum deyil. Mərhum Sahib Həsənov Qəribli kəndinin daxil olduğu Aşağı Nəvətava kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.
 
Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.