Ölkə

Bakıda restoran sahibinin ağacları məhv etməsi ilə bağlı cinayət işi başlandı - FOTO

9 Avqust 2017 17:28
1 Şərh     Baxış: 4 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekoloji mühitə ziyan vurulması, ağaclar və digər yaşıllıqların qanunsuz kəsilməsi, həmçinin ekoloji tarazlığın pozulmasına yönəlmiş qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir. Belə ki, Binəqədi rayonu, Biləcəri qəsəbə sakininin "Bulaq" restoranı ərazisində ağacların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt" xidmətinə müraciəti əsasında həmin nazirlikdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi 19 saylı ünvanda sahəsi 9503 kvadratmetr olan torpaq sahəsi Biləcəri bələdiyyəsi tərəfindən 15 avqust 2005-ci il tarixli müqaviləyə əsasən park və ictimai iaşə məqsədləri üçün "Bulaq" restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun istifadəsinə verilib.

Həmin ünvandakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı restoranın həyətində 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının köküstə qurumuş vəziyyətdə olduğu və 2 ədəd ağacın isə kəsilmiş kötükləri aşkar olunub. Nəticədə təbiətə 57 min 360 manat məbləğində ziyan vurulması müəyyən edilib.

Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl duzu tökülərək məhv edildiyi müəyyən olunub.

Həmin faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.